Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-31 12:24:00
Azərbaycan İlahiyyat İnstitutunun tələbələri Bursa Uludağ Universitetində

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) tələbələrinin Türkiyənin Bursa şəhərində təşkil olunan yay məktəbi davam edir.

Aİİ-dən AzEdu.az-a verilən məlumata görə, yay məktəbinin növbəti günü tələbələr Bursa Uludağ Universitetinin İlahiyyat fakültəsinin kitabxanası və dərs otaqlarında olublar. Daha sonra fakültənin dekanı, professor Bilal Kemikli tələbələrlə görüşüb, azərbaycanlı gəncləri burada görməkdən məmnun olduğunu bildirib.

Bilal Kemikli tələbələrlə müxtəlif mövzularda söhbətlər aparıb, azərbaycanlı alimlərin dünya elminə verdikləri töhfələrdən bəhs edib. Seyid Yəhya Bakuvinin adını xüsusi vurğulayan dekan belə dahi şəxsiyyətlərin hər bir gənc üçün nümunə olduğunu bildirib.

O, həmçinin tələbələrə tövsiyələrini verib: “Yüksəkixtisaslı mütəxəssis olmaq istəyirsinizə, öncə Vətəninizin dahi şəxsiyyətlərini yaxşı tanımalısınız”.

Görüşdə Aİİ ilə Bursa Uludağ Universitetinin İlahiyyat fakültəsi arasında əməkdaşlıq əlaqələrinin qurulmasından söz açılıb. Tərəflər arasında təhsil və elm sahəsində qarşılıqlı münasibət, uzunmüddətli əməkdaşlıq, tədris prosesindəki təcrübələrlə əyani şəkildə tanış olmaq, bu sahə üzrə mövcud yeniliklərin öyrənilməsi, mədəni əlaqələrin qurulması və möhkəmləndirilməsi haqqında fikir mübadiləsi aparılıb.

Yay məktəbində Aİİ-nin tələbələri ilə yanaşı, Qazaxıstan və Qırğızıstanın ilahiyyat ixtisası üzrə təhsil alan tələbələri də iştirak edirlər. Yay məktəbinin təşkili tələbələrin bilik və bacarıqlarının artırılması, təcrübə mübadiləsi, dostluq əlaqələrinin genişləndirilməsi baxımından vacibdir. Eyni zamanda, ölkəmizdəki tolerant və multikultural mühitin təbliği baxımından gənclərimizin burada iştirakı böyük əhəmiyyət kəsb edir.

Qeyd edək ki, Aİİ-nin qarşıya qoyduğu əsas məqsədlərdən biri İslam və digər dünya dinləri haqqında dərin biliklərə yiyələnən, tərəfsiz və bütün konfessiyalara dözümlülüklə yanaşan din xadimləri yetişdirməklə yanaşı, intellektual, elmi potensiallı, səriştəli və savadlı kadrlar hazırlamaqdır. Aİİ dünyanın müxtəlif təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələri qurur.