Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-30 17:25:00
Elmi-kütləvi mediamız niyə dirçəlmir?-“Buna hazır jurnalist yoxdur”-TƏHLİL

 

 Elmi jurnalistika elm və texnologiyada baş verən yenilikləri, sosial həyatımızla bağlı hər növ prosesin elmi izahını asan üslubda ictimaiyyətə çatdırmağa xidmət edən fəaliyyət sahəsidir.

Jurnalist ictimai əhəmiyyətli mövzunu elmdə araşdırır, əldə etdiyi ağır üslublu elmi məlumatları öz "laboratoriyasında” sadələşdirir və geniş oxucuya təqdim edir. Bu mənada elmi-publisistik məqalə və sənədli filmlər elmi jurnalistika materiallarıdır.

 Elmi jurnalistikanın funksiyası yalnız elmi geniş kütləyə çatdırmaq deyil, həmçinin, alimlərin oxucularla əlaqəsini yaratmaq, o cümlədən elm adamlarını müxtəlif ölkələrdəki həmkarları ilə yaxınlaşdırmaqdır. Ona görə də, jurnalistikanın bu sahəsi alim, müxbir və oxucudan ibarət nöqtələri birləşdirən üçbucaq çərçivədə təşkil olunur. Elmi jurnalistika materialları məhz bu əhatədə hazırlanır. 

 

ABŞ və Avropada "science journalism” adı ilə məşhur olan elmi jurnalistikaya "elmi əlaqələndirmə” də deyirlər. Elmi jurnalistlər isə "elmi yazarlar” adlandırılır. Nəticə etibarilə bu tip jurnalistika elmin təbliği və əlaqələndirilməsi funksiyasını daşıyır. Məşhur "National Geographic”, "NewScientist”, "Discovery”, "Nauka i Jizn” və bu tip digər jurnallar, televiziya kanallarının yayımladığı verlişlər, sənədli filmlər məhz elmi jurnalistika materiallarıdır.

 

ABŞ və İngiltərənin qabaqcıl elmi jurnalistika təşkilatları internetdə hər kəs üçün açıq olan təlimat xarakterli proqramlar yerləşdiriblər. Materiallarda elmi jurnalistikaya yeni başlayan müxbirlər üçün dəyərli məsləhətlər yer alır.

 

Həmin proqramlarda elmi jurnalistikanın qaydaları barədə yazılanları bir neçə abzasla ifadə etmək, mümkün deyil. Amma qısaca onu demək olar ki, elmi jurnalistika materialları alimlərin çap olunan elmi məqalələrindəki faktlar əsasında hazırlanır. Hər hansı mövzu bir alimin yox, planetin fərqli yerlərində eyni istiqamətdə tədqiqatlar aparan bir neçə mütəxəssisin məlumatları üzərində araşdırılır və yazılır.

 Elmi jurnalistikada alim müsahibəsinə əsaslanan materiallar yayıma yararlı hesab olunmur. Mövzunun bir mütəxəssis üzərində özəlləşdirilməsinə yol verilmir. Yazılı elmi mənbələrdən götürülən faktların doğru anlaşıldığına əmin olmaq üçün mətnin nəşrdən qabaq alimə göstərilməsi tövsiyə olunur.

 Məqalə və sənədli filmlər informativ, yəni bol məlumatlı olmalıdır ki, bu da həm oxucunun intellektini artırır, həm də eyni istiqamətdə tədqiqatlar aparan alimləri bir-birinin elmi nəticələri ilə tanış edir və onlar arasında əlaqə yaradır. Bir çox hallarda alimlər bu tip materialların sayəsində dünyanın müxtəlif yerlərində həmkarları ilə əməkdaşlıq əlaqələri qurur və birgə tədqiqatlar aparır. Bununla jurnalist elmin inkişafına öz töhfəsini vermiş olur.

Ümumiyyətlə, Amerika və Avropada elmi-publisistik məqalələrin oxucuları təəssüratlarını müəlliflə bölüşməyə meyillidirlər. Amerika və Avropa ölkələrində alimlər arasında da elmi jurnalistlər formalaşır. Elmi nəticə barədə məqaləni məhz alimin özü daha dəqiq və dolğun məlumatla yaza bilir. Lakin əksər alimləri bu işdən çəkindirən onların elmi-publisistik üslubda qələmlərinin olmamasıdır.

 Elm ilə ictimaiyyətin əlaqələnməsində, elmi dünyagörüşün inkişafında model olan elmi jurnalistika alim və jurnalistlər arasında əməkdaşlığı bir normaya çevirir və yeni media sahəsini formalaşdırır. Elm aləmi ilə media arasında rabitə yaradaraq ictimai düşüncədə elmi populyarlaşdırır. Ümumi anlamda isə elmin, akademik çalışmaların ictimaiyyət üçün anlaşılan hala gətirilməsinə xidmət edir.

Bu gün Azərbaycan mediasında elmi kütləvi mövzular işıqlandırılır, lakin onların çoxunun səviyyəsi şübhə altındadı.

Bəs görəsən hazırda mövcud olan jurnalistikamız  elmi-kütləvi mövzuları işıqlandırmağa nə dərəcədə hazırdı?

AzEdu.az bu suala cavab tapmaq üçün teletənqidçi, filologiya elmləri doktoru, Qulu Məhərrəmlinin fikirlərini və təcrübələrini  öyrənib.

O, sözlərində Azərbaycan mətbuat ənənəsində elmi problemləri işıqlandırmaq təcrübəsinin mövcud olduğunu və buna uyğun nümunələr göstərməyin mümkünlüyünü vurğulayıb:

“Hazırda  elmi jurnalistikaya maraq göstərənlər çox azdı. Çünki bu sahə intellekt, dünyagörüşü, problemi dərindən bilməyi tələb edir. Bu səbəbdən bu sahəyə meyl göstərənlərdə azalma müşahidə olunur.

Elmdən, təhsildən yazan jurnalistlərimiz və ekspertlərimiz var. İbrahim Nəbioğlu daima “Ayna” qəzetində   elmi problemlər və kəşflər haqqında məlumatlar verir. O, amerikalı Elon Musk-ın  elmi təcrübələrindən yazır. Etibar Əliyev cəmiyyətə maraqlı informasiyalar çatdırır. Bu, elmi populyarlaşdırmaq baxımından çox vacibdi.

Bu gün ölkəmizdə Azad Mirzəcanzadə kimi elmi problemləri populyarlaşdırıb, cəmiyyətə çatdıran alimlərimizin sayı çox azdı.

Dünyaşöhrətli alimlər haqqında çəkilən filmlər elmi prosesləri çox sadə dildə  cəmiyyətə çatdırır”.

Qulu Məhərrəmli elmin geniş kütləyə çatdırılması üçün Elmlər Akademiyasının rolunun böyük olduğunu vurğulayıb

“AMEA maraqlı işlərə imza atmalıdı. Elmi populyar jurnallarımız hazırda bizdə çox zəifdi. Zamanında “Elm və Həyat” jurnalı var idi. O təkcə elmi deyil, həm də elmi-kütləvi jurnal idi. AMEA onu yenidən çap etmək üçün cəhd etdi,  amma bu məsələ yarıda qaldı.

Bizim saytlar və xüsusən də televiziyalar  elmi problemlərə diqqət ayırmalıdı. Elmi kütləviliyi peşəkar şəkildə çatdırmaq lazımdı. Bu barədə AZTV-nin yaxşı təcrübəsi var. İctimai televiziya da yeni elmi texnologiyalarla bağlı verilişlər hazırlayır.

Əslində, elmi jurnalistika xüsusi sahə deyil. Bu ixtisaslaşma tələb edir. Bunun üçün ayrıca fakültəyə ehtiyac yoxdu. Jurnalistikanın işıqlandırdığı məsələlərdən biri də  elmi problemlərdi. Səhiyyə, idman və başqa sahələrdən yazanlar olduğu kimi elmdən yazan jurnalistlər də ixtisaslaşmalıdı. Bu işlə isə maliyyə imkanı olan  media qurumları məşğul olmalıdı. Ümid edirəm ki, bunun çox maraqlı nəticəsi olacaq”.

Hədəf liseyinin elmi məsləhətçisi Yalçın İslamzadə qeyd edib ki,  ölkəmizdə mədəniyyət, siyasət, idman, şou-biznes jurnalistikası aktiv fəaliyyət sahəsi olsa da, elmi jurnalistikanın izi-tozu belə hələ mövcud deyil.

“Elm mövzusunda hazırlıqlı jurnalistlər yoxdur, üstəlik elmə cəmiyyətdə maraq da azdır, yəni bu mövzuda yazanlar olsa belə, bu “IP” gətirmir.

Bizim cəmiyyət obyektiv dünya haqqında   bilgi verən, bəşəriyyətin keçmiş və indiki inkişafında müstəsna rol oynayan, proqnozlaşdırma gücünə sahib və üstəlik həyatımızı qoruyan, uzadan və asanlaşdıran, ən funksional və etibarlı bir sistemə laqeyddir. Belə olanda isə sosial şəbəkələrin əlçatan olduğu xurafat, təbliğat və manipulyasiyalar dövründə kritik və rasional düşünmə vərdişi qazanmayanların aldadılması olduqca asanlaşır.

Vətəndaşlar tibb və ya astrofizika mövzularında Dünya Səhiyyə Təşkilatı və ya NASA-ya etibar etmək əvəzinə, hansısa konspirasiya nəzəriyyəsinə, ya da astroloq uydurmalarına inanırlar.

Elmi jurnalistika olsaydı, biz elmin müxtəlif sahələrindəki son xəbərlərdən və inkişaf istiqamətlərindən məlumatlı olardıq. Saytlar hazır oxucu  çoxluğu axtarırlar və elmə marağı olan oxucular çoxluğu olsaydı, IP xətrinə bu haqda nələrsə yazdırardılar. Ancaq elmin bir düşünmə tərzi olaraq cəmiyyətin ən böyük çoxluğuna yayılması milli, strateji məsələdir və bu məsələdə bir az da sosial məsuliyyət hissi ilə hərəkət etmək lazımdır.

Təəssüf ki, bir neçə il əvvəl biz saytlara müraciət edib elm jurnalistika üçün cüzi büdcə ilə kiçik həcmdə köşə ayırmalarını istəmişdik, ancaq reaksiya tapılmamışdı. Məncə ölkəmizdə katastrofik səviyyədə elm savadsızlığı hökm sürür və bu hal bizi dərindən narahat etməlidi”.

O, sözlərində  mümkün olan ən yaxın ili  “Elm ili” elan edib həmin il boyunca elmin təbliği mövzusunda dövlət dəstəkli müxtəlif tədbirlər həyata keçirmək lazım olduğunu vurğulayıb.

“Buna əlavə olaraq, bir çox tədbirlərdən ən azından bir neçəsini reallaşdırmaq hər birimizin imkanı daxilindədir.

Hədəf STEM Liseyində Elçin Abbasovun qurduğu İnterraktiv Elm Muzeyi fəaliyyət göstərir. Bu muzey təkcə  liseyin şagirdlərinin deyil, bütün orta məktəblərin şagirdlərinin üzünə açıqdır. İndiyə qədər onlarla məktəbdən şagirdlər muzeyi ziyarət ediblər və şüarı “Elmə toxun” olan elm muzeyində müxtəlif eksperimentlər vasitəsiylə fizika qanun və anlayışları ilə tanış olublar. Məruzənin yox, məhz əlləri ilə toxunub gözləri ilə görmələrinin uşaqlarda necə maraq yaratdığı görülməyə dəyər. Sinif rəhbərləri əvvəlcədən razılaşdırmaqla şagirdlərini muzeyimizə gətirə bilərlər.

Dərslərin başladığı Bilik günündə məktəblərə gül dəstələri ilə deyil, kitablarla gəlmək olar. Minlərlə gül buketi bir neçə dəqiqəlik simvolik rol oynayıb sonra əhəmiyyətlərini itirirlər. Ancaq hər valideyn gül əvəzinə ensiklopediyalar, elmi-kütləvi kitablar, atlaslar, elmi-fantastik kitablar alsalar, bu kitablar zəngin məktəb kitabxanasına çevriləcək və illərlə şagirdlər o kitabxanadan istifadə edə biləcəklər.

Az sayda da olsa, nəşr olunan elmi-kütləvi kitabları alıb uşaqlar üçün kiçik bir kitabxana yaratmaq və vaxt olduqca birlikdə oxumaq olar. Uşaq üçün model olan valideynin elmə və kitaba marağı uşaqda elmə hörmət və maraq yaradacaq.

Uşaqlara və şagirdlərə verdikləri suallara görə əsəbiləşmək, “böyüyəndə bilərsən” deyərək onu başdan etmək olmaz. Bu davranış uşaqları sual soruşmaqdan əl çəkməyə məcbur edir. Bütün elmi nəzəriyyələrə aparan yollar sualla başlayıb.

Büdcədən maliyyələşən qrant təşkilatları elmin kütləviləşdirilməsini təşviq etmək üçün sırf bu sahəyə aid olacaq qrant layihələri elan edə bilərlər.

Orta məktəb dərslikləri elmdən, böyük alimlərdən, robototexnikadan, genlərdən, nanotexnologiyadan, kosmosdan  bəhs etməlidir. Ədəbiyyat kitablarında təkcə tülkü ilə pələngin ibrətamiz dialoqu yox, elm tarixindən və elmi-fantastik ədəbiyyatdan nümunələr də yer almalıdır.

Uşaqları Tusi-Bohm Planetariumundakı elm mövzulu animasiyaları izləməyə və orada təşkil olunan elmi-kütləvi tədbirlərdə iştirak etməyə  aparmaq olar.

Professional elmlə məşğul olan alimlər cəmiyyət qarşısına çıxıb öz sahələrinin əsas prinsipləri, son yeniliklər və bunların insan həyatı və düşüncəsi baxımından əhəmiyyəti haqqında ictimaiyyətə məlumat verə bilərlər.

Saytlar elmi xəbərlərə və mövzulara daha çox yer verə, məşhur alimlərin Qərb mətbuatında intensiv rastlanan müsahibə və məqalələrini tərcümə edib, sayta yerləşdirə bilərlər.

Özəl olanlar başda olmaqla, universitetlər elmin kütləviləşməsinə dəstək ola bilərlər. Müxtəlif tədbirlər keçirmək, elmi-kütləvi kitablar tərcümə və nəşr etmək onların imkanı daxilindədir.

Təhsil Nazirliyi müəllimlərin elmi savadını artırmaq üçün seminarlar təşkil edə bilər, bu seminarlarda elmi metod və  nəzəriyyələr, onların real həyat situasiyalarına tətbiqi mövzusunda müəllimlərə məlumat verilə bilər ki, müəllimlər də şagirdlərində elmə maraq oyada bilsinlər”.

Şükufə Süleymanlı