Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-30 15:51:00
"Dizayn kurslarının artması sevindirici haldır" – MÜSAHİBƏ

Qloballaşma, informasiya cəmiyyəti şəraitində dünyanın tələbləri də dəyişməkdədir. Əvvəlki dövrlərdə ən çox məhsul, sənaye məmulatı istehsal edən ölkələr iqtisadi lider sayılırdılarsa, artıq ən çox informasiya istehsal edən cəmiyyətlər öndədirlər.

İnformasiyanın çatdırılmasında isə dizayn işi böyük rol oynayır. Modern dünyanın ən çox ehtiyac duyulan və ən çox pul qazandıran peşələrindən biri sayılan dizayn işinin incəlikləri barədə qrafik dizayner Murad Əzizovla söhbət apardıq.

AzEdu.az müsahibəni təqdim edir:

- Qrafik dizaynla məşğul olmaqda yaş nə dərəcədə önəmlidir?

- Öyrənmənin yaşı olmadığı kimi yaradıcılığın da yaşı yoxdur. Bir insanda yaradıcılıq qabiliyyəti varsa və bu potensialı qrafik dizayna yönəldib uğurlu bir iş ortaya çıxarırsa, bunun üçün hər hansı bir yaş kriteriyası qoymaq düzgün olmazdı. 15 yaşında bu sahəni öyrənməyə çalışan gənclər kimi 80-dən çox yaşlarında bu sahədə dünyasını dəyişən dünyaca məşhur Paul Rand və Massimo Vignelli kimi qocaman dizaynerləri də buna misal çəkə bilərəm.

Düşünürəm ki, bu sahədə yaş məfhumu təcrübə anlamına gəlir. Digər sahələrdə olduğu kimi dizayn sahəsində də illərin təcrübəsi dizaynerin zamanla formalaşmasında böyük rol oynayır.

- "Füyuzat" jurnalının qrafik dizaynerisiniz, oxucu diqqətini cəlb etməkdə jurnalın dizaynı da ən az məqalələr qədər əhəmiyyətlidir. Bu haqda nə deyə bilərsiniz?

- Bildiyiniz kimi, ilk nəşrindən 100 il sonra Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondunun təsisçiliyi ilə bərpa olunan “Füyuzat” jurnalı özündə böyük bir irs daşıyır. “Füyuzat”ın özünəməxsus bir missiyası var. O dövrdə olduğu kimi bu gün də milli məfkurəni, tarixi və mədəni dəyərlərimizi millətimizə çatdırmaq üçün çalışır. Bu missiyanın necə ağır olduğunu düşündükdə burada çalışan hər bir işçinin üzərinə nə qədər böyük məsuliyyət düşdüyünü təsəvvür edə bilərik. Həmçinin dizaynerin.

Dizayn, deyərdim ki, jurnal rəhbərliyinin ən həssas yanaşdığı məsələlərdəndir.

Jurnal dizaynı qrafik dizaynın digər sahələrindən fərqlənir. Jurnalda dərc olunan məqalələrin əhatə etdiyi mövzu müxtəlifliyi dizaynda da mütləq öz əksini tapmalıdır. Yazı öz ruhunu itirmədən oxucuya təqdim olunmalıdır. Məqalə sona çatana qədər oxucunun bu ruhu və həyəcanı izləməsini qorumaq lazım gəlir. Bu da digər dizayn işlərinə ayırdığım vaxtdan daha çoxunu tələb edir. Əsasən fikir ağırlıqlı olan yazılar üzərində dayanmaq, yazının üslubuna və kontentinə uyğun fotoları toplamaq, fotomanipulyasiya və illüstrasiyaları hazırlamaq vaxt alır. Tarixi mövzularda bir çox fotoların tapılmaması ilə də qarşılaşırıq. Bunu da oxucuya gözoxşayan şəkildə çatdırmağa çalışırıq.

- Peşəniz olduqca maraqlıdır, həm də zövq tələb edir, iş görərkən sizə nələr ən çox təsir edir, nələrdən ilham alırsınız? Ümumiyyətlə, dizayn hansı proseslərdən keçir?

- Amerikan illüstrator və qrafik dizayner Bob Gill deyirdi ki, dizaynı əllərinlə tuta bilməzsən. O bir nəsnə deyil: bir proses, bir sistem, bir düşünmə formasıdır. Misaldan da görüldüyü kimi, hər hansı bir dizayn layihəsini gerçəkləşdirmək üçün bir çox proseslər mövcuddur. Bu prosesin içərisində ən çox zaman alan düşünmək və fikir tapmaqdır. Bunun da başında hazırlanacaq layihə ətrafında geniş araşdırma durur. Araşdırmaq, fikir tapmaq, seçim etmək və gerçəkləşdirmək...

Dizayner bir fikir ovçusudur: hər yerdə “ovunu” axtarır, tapdığı zaman da onu reallaşdırır. Pablo Pikassonun dediyi kimi, sənət oğurluqdur. Bəli, bu belədir. Dizayner hər şeydən ilham almağı, Pikassonun dediyi kimi, fikir “ovlamağı” bacarmalıdır. Bu digər dizaynerlərin işini oğurlamaq kimi yalnış anlaşılmasın. Hər professional iş ilhamvericidir, dizayner də yaradıcı biri olduğu üçün o, daha da mükəmməlini yaratmağı düşünür və beləcə daha yeni bir fikir yaranır və reallaşır.

Dizayn elə bir sahədir ki, burada daim yenilənmə var, düşünmə var, çalışma var. Dizaynerdə bunlardan biri yoxdursa, o, mütləq axsayacaq, trenddən geridə qalacaq və ehtiyac duyulmayan biri halına gələcək.

- İş prosesində daha çox öz zövqünüzə güvənirsiniz, yoxsa insanların zövqünü oxşamağa çalışırsınız?

- Bu, qarşılıqlı prosesdir. Qarşındakını hər zaman nəzərə almaq lazımdır. İnsanların bəziləri zövqsüz ola bilərlər, amma dizaynerin zövqlü olması əsas şərtdir. Çünki insanların zövqünü dizaynerlər formalaşdırırlar. İnsanlar hər yerdə dizayn olunmuş şeylərlə qarşılaşırlar. Geyindiyimiz paltardan tutmuş, yolda gedərkən ətrafda bizə yol göstərən nişanlara qədər hər biri bir dizaynerin əl işidir. Bunlar nə qədər zövqlü və gözoxşayan olarsa, insanların da zövqü o qədər düzgün formalaşar.

- Dizayn verərkən nələr daha çox diqqətinizi çəkir, hansı nüanslara önəm verirsiniz?

- Hər bir detal dizaynerin diqqət mərkəzində olmalıdır. Ölçü, rəng, tipoqrafika və s. nə qədər öz yerində düzgün yerləşərsə, bu, işin mükəmməliyindən xəbər verər. Hər zaman trendi izləməyə çalışıram, bununla bərabər, əvvəlki işlərimə də baxıram, onlardan nəticə çıxarmağa çalışıram ki, sonrakı işlərimi daha da təkmilləşdirim.

- Qrafik dizaynla digər dizayn növlərinin, məsələn, səhnə dizaynının nə kimi fərqləri var? Sizcə, hansı daha çətindir?

- Günümüzdə “dizayn” sözü çox populyardır. Real və virtual aləmdə müxtəlif obyektlərdə, müxtəlif şəkillərdə istifadə olunur. İnteryer dizayn, kitab dizaynı, loqo dizaynı, səs dizaynı, saç düzümü və s. Hətta “insan dizaynı” deyilən bir anlayış da mövcuddur. Tətbiq sahələrinin müxtəlif olmasına baxmayaraq, dizaynın mahiyyəti eynidir. İstiqamətlər fərqli olsa da, bir-birilə sıx əlaqəlidir və onları bir-birindən ayırmaq çox çətindir.

Həm qrafik dizaynerlər, həm də səhnə dizaynerləri yaradıcı insanlardırlar. Qrafik dizaynerlər əllə və ya kompüter proqramlarından istifadə edərək görüntü yaradırlar. Səhnə dizaynerləri isə əsasən teatrda və ya filmdə yazıçı və rejissorun düşüncəsi əsasında setləri yaradaraq işləyirlər. Əlbəttə ki, səhnə dizaynerləri böyük heyətlə çalışdığı üçün onların işi daha çətindir.

- Ölkəmizdə bu sahə ilə bağlı çox sayda kurslar mövcuddur, həmin kurslar nə dərəcədə keyfiyyətlidir? Ümumiyyətlə, təhsil bu işdə necə rol oynayır?

- Son illər ölkəmizdə bu sahədə fəaliyyət göstərən kursların sayının artması çox sevindirici haldır. Bir neçə kursu yaxından tanıyıram və verilən təhsilin keyfiyyətinə də bələdəm. Bunu tələbənin ortaya çıxardığı işlərin nəticəsindən də bilmək olur. Ümid edirəm ki, bu sahədə kurslar çoxaldıqca rəqabət də çoxalacaq və sağlam rəqabət olduğu yerdə də həmişə keyfiyyət görəcəyik.

Hər bir sahənin nəzəri və praktik tərəfi mövcuddur. Düşünürəm, peşəkarlıq üçün bunlar bir-birini tamamlamalıdır.

Bəs peşəkar dizayner olmaq üçün ali məktəb, yoxsa özəl kurs təhsili?

Əlbəttə ki, keyfiyyətli təhsil harada varsa, ora üstünlük vermək lazımdır. Düşünürəm, peşəkarlıq üçün təkcə ali və ya hansısa kurs təhsili yetərli deyil. Təhsil ocağı bizə yalnız nəzəri bilgilər verir, bizi peşəkar etmir. Peşəkarlığın yolu hər zaman çalışmaqdan keçir. Daha çox çalışmaqdan...


Tağı Həsənov,
BDU Jurnalistika fakültəsi, IV kurs