Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-30 09:36:00
“Hazırki qəbul proqramı müəllimlərimizə müqəddəs funksiyalarını unutdurub”- Etiraz

 Bugünkü təhsil, toxunaraq öyrənməyi tələb edir, nəzəri biliklərin əzbərlədilməsini yox.

AzEdu.az xəbər  verir ki, bu sözləri şəxsi facebook səhifəsində publisist, filologiya üzrə fəlsəfə doktoru Şamil Sadıq deyib.

O, əzbərçilik sistemi haqqında fikirlərini bölüşərək, bunun tələbələr üçün sərfəli olmadığını qeyd edib.

“Universitetlərə qəbul proqramının yaddaş yüklü olması müəllimləri öz müqəddəs funksiyalarını unudub şagirdlərə bilik əzbərlətdirməklə məşğul edir ki, bu da heç bir halda ümummilli və bəşəri məqsədləri ifadə etmir”.

O, sözlərində uğurlu insanların əzbər sistemdən uzaq durduğunu qeyd edib.

“Hər bir uğurlu insan məktəbdə əzbərlədiyi tərifə görə deyil, əldə etdiyi bacarığa görə həyatda yaşamını asanlaşdırır və cəmiyyətə də faydalı olur:

“Nəzəriyyələr önəmlidir, amma o nəzəriyyələr praktika zamanı mənimsəniləndə daha davamlı olur. Şagird qrammatikanı mənimsəyib, düzgün və səlis danışmırsa, tarixi faktları əzbərləyib millətini tanımırsa, biologiyadan beş alıb bir dostunun qolu çıxdığı zaman ona ilk tibbi yardım göstərmək bacarığı yoxdursa, fizikanın düsturlarını, təriflərini öyrənib bir məftili o birinə bağlaya bilmirsə, riyazi düsturu əzbərləyib, ailə büdcəsini idarə etməyə qadir deyilsə, bütün şair və yazıçılarımızın həyat və yaradıcılığını öyrənib, insani dəyərlərə hörmət etmirsə, sevməyi, sevilməyi bacarmırsa, ünsiyyət problemindən əziyyət çəkirsə, o insan ölkəyə necə yaxşı vətəndaş olacaq?!”

Şükufə Süleymanlı