Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-29 14:46:00
Avstriyalı yeniyetmə elektron idman sahəsində dünya çempionu olub

Müasir dövrdə informasiya texnologiyalarının inkişafı və kompüter oyunları bazarının genişlənməsi bu sahəyə marağın, istifadəçi sayının artmasına, rəqabətə və satış göstəricilərinə ciddi təsir edir. Bu günlərdə Nyu-Yorkda ən tanınmış kompüter oyunları üzrə dünya çempionatı keçirilib.

AzEdu.az xəbər verir ki, 17 yaşlı avstriyalı elektron idmançı David “Aqua” Vanq dünyada 250 milyondan artıq istifadəçisi olan “Fortnite: Battle Royale” kompüter oyunu üzrə dünya çempionu adını qazanıb. O və norveçli Emil “Nyhrox” Pedersen ilə üç milyon ABŞ dolları məbləğində mükafata sahib olublar.

Ümumilikdə 30 milyon dollarlıq mükafat fondu olan çempionatda 200 rəqibə qarşı çıxış edən cütlük altı oyunda 49 komanda üzərində qələbə qazana bilib. Təkbaşına aparılan döyüşlərdə isə 16 yaşlı amerikalı Kayl Qayrsdorf qalib gəlib. Bu qələbəyə görə o, üç milyon dollara şəriksiz sahib olub.

Dünyanın aparıcı kompüter oyunları istehsalçılarından olan “Epic Games” şirkəti tərəfindən təşkil edilən çempionata qatılan idmançıların yaş həddi 13-24 arasında dəyişir. Onlayn platforma vasitəsilə təşkil olunan yarışlarda iştirakçıların bir qismi öz gücünü fərqli məkanlarda, digər qismi isə Nyu-Yorkdakı tanınmış tennis stadionlarından birində qurulmuş meydanda sınayıblar.

“Epic Games” bir çox yarışlar üçün olduqca yüksək hesab edilən mükafat fondu təsis edib. Lakin şirkətin təkcə “Fortnite” oyunundan əldə etdiyi vəsait bu məbləğdən qat-qat yüksəkdir. Belə ki, şirkət təkcə ötən il bu oyundan 2,4 milyard dollar gəlir əldə edib. Oyun özü pulsuz olsa da, istifadəçilər profillərindəki döyüşçülərin görünüş, geyim və silahları üçün mütəmadi ödəniş edirlər.

Yeniyetmələrin kompüter oyunlarına hədsiz marağını tənqid edən ekspertlər isə belə oyunların gənclərdə asılılıq yaratdığını qeyd edirlər. Dünya Səhiyyə Təşkilatı 2018-ci ildə kompüter oyunlarından asılılığı rəsmi olaraq xəstəlik kimi qəbul edib. (AZƏRTAC)