Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-29 09:35:00
Oxumaq heç vaxt gec deyil: Qocalar universitet seçir

Özbəkistanda ali məktəblərə builki qəbul kampaniyası çoxlarını təəccübləndirməkdədir. 

AzEdu.az xəbər verir ki, bu ildən ali məktəblərə qəbul zamanı yaş məhdudiyyətinin aradan qaldırılması  qocaları  hərəkətə gətirib.  80 yaşlı Tuxtamış Sultanov  Səmərqənd Dövlət Universitetinin biologiyanın tədrisi metodikası fakültəsini,  eləcə də Daşkənd Tibb Akademiyasının pediatriya ixtisasını seçib. 

Xatırladaq ki,  iyulun əvvəlində 72 yaşında bir qadın da tələbə olmaq qərarına gəlib və sənədlərini  Fərqanə Dövlət Universitetinə təqdim edib.   Bu barədə   məlumatı  Özbəkistanın Test İmtahan  Mərkəzinin rəhbəri Barno Rəcəbov təsdiq edib.

Bu il ölkə tarixində ilk dəfə olaraq test sınaqları avqustun 1-dən 15-dək keçiriləcək və imtahanların nəticələri dövlət test mərkəzinin rəsmi internet saytında yerləşdirildikdən sonra  növbəti gün dərc olunacaq.

Bütün imtahanlar yeni sxem üzrə keçiriləcək,  proses  böyük pavilyonlarda təşkil olunacaq və bütün baş verənlər  videokameraların yaddaşına köçürüləcək.  Bu il Özbəkistanda abituriyentlərin ali məktəblərə qəbulu prosesinə 1150-dən artıq kamera və 120-dən artıq rabitə qurğusu nəzarət edəcək. (Azərbaycan müəllimi qəzeti)