XƏBƏRLƏR

29.07.2019 09:00
Dünya ilə yarışan şagirdlərimiz – Vunderkindlərin qeyri-adi hazırlıq və tövsiyələri

Azərbaycanlı məktəblilər bugünədək əksər beynəlxalq olimpiadalarda uğurlara imza atıblar. Onlar  elə bu ay ərzində keçirilən beynəlxalq olimpiadalarda da  nailiyyətlər əldə edərək yarışmanın müxtəlif dərəcəli medallarına layiq görülüblər.

7-14 iyul tarixlərində İsrailin Təl-Əviv şəhərində 50-ci Beynəlxalq Fizika Olimpiadası keçirilib. 80 ölkədən təxminən, 400 şagirdin iştirak etdiyi yarışda Cəlilabad şəhəri Nizami Gəncəvi adına 1 nömrəli məktəb-liseyin XI sinif şagirdi Merac Məmmədov olimpiadanın bürünc medalına layiq görülüb.

11-22 iyul tarixlərində Böyük Britaniyanın Bath şəhərində keçirilən 60-cı Beynəlxalq Riyaziyyat Olimpiadasında da (İMO2019) Azərbaycan məktəbliləri nailiyyət əldə ediblər. 110 ölkədən 621 şagirdin iştirak etdiyi bu olimpiadada Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Ramil Cəbiyev, həmin liseyin  10-cu sinif şagirdi Murad Ağazadə, Xəzər Universitetinin nəzdindəki “Dünya” məktəbinin 11-ci sinif şagirdi Anar Rzayev 3 bürünc medal qazanıb.

Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin XI sinif şagirdi Ramil Xammədov 14-21 iyul tarixlərində Macarıstanın Szeged şəhərində keçirilən məktəblilərin 30-cu Beynəlxalq Biologiya Olimpiadasında bürünc medal əldə edib.

 

AzEdu.az olaraq, həmin şagirdlərlərin hər biriylə ayrı-ayrılıqda əlaqə saxladıq. Onların, olimpiada ilə bağlı  təəssüratlarını, gələcək hədəflərini öyrənməyə çalışdıq.

“Heç bir hazırlığım olmadan buraxılışda təxminən, 280 bal topladım”.

Cəlilabad şəhəri I nömrəli məktəb-liseyin XI  sinif şagirdi Merac Məmmədov olimpiadalarda uğur qazansa da dərslərini axsatmayıb. Belə ki, o, hazılaşmadan buraxılış imtahanında yüksək nəticə göstərib:

“Heç bir hazırlığım olmadan buraxılışda təxminən, 280 bal topladım. Qəbul imtahanında iştirak etmədim. Açığı, buna ehtiyac da duymadım.  SET İLTS və olimpiada nəticələrimə uyğun Koreya və Sinqapurun bir neçə universitetinə sənəd göndərdim. Bunlar alınmasaydı, Türkiyəyə də müraciət edəcəkdim. Mühəndislik və ya fizika ixtisası üzrə təhsilimi davam etdirmək istəyirəm. Ümumi sıralamaya baxdıqda bu ixtisaslarda  xarici təhsilin daha uyğun olduğunu görərik.

Sonda seçimim Koreyanın Elm və Texnologiyalar universitetindən yana oldu. Artıq, avqust ayında Koreyaya yollanacam”

“Bu gün  uşaqların əksəriyyəti qızıl medal almağı universitetə qəbul üçün istəyirlər”.

Xəzər Universitetinin nəzdində “Dünya” məktəbinin XI sinif şagirdi Anar Rzayev, olimpiadayanın qazandırdıqlarından  danışdı:

“Məncə, olimpiada hazırlığına erkən yaşdan başlamaq lazımdır. Bu işdə əsas faktorlardan biri də həvəslə yanaşmaqdır. Əks halda heç nə əldə etmək mümkün deyil. Olimpiada hazırlığına intizamla yanaşmaq əsas şərtlərdəndir. Gündəlik 10-12 saat çalışmaq lazımdır ki, istədiyin nəticəni əldə edə biləsən.

Bu gün  uşaqların əksəriyyəti qızıl medal almağı universitetə qəbul üçün istəyirlər. Bu tamamilə yanlı yanaşmadır Çünki medalın köməyi yalnız universitetə qəbulla kifayətlənmir. Ona gələcək həyatında, kariyerasına təsir göstərir. Bu gün tələbələrə diqqət yetirsək, olimpiadaçıların daha uğurlu olduqlarını, imtahanları asanlıqla verdiklərini görərik. Bütün bunlar olimpiada hazırlığının yaratdığı məsuliyyətin nəticəsidir”.

 

“Cəmiyyətimizə yararlı olmağa çalışacağam”

Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin XI sinif şagirdi Ramil Xammədov olimpiadayla tanaşı qəbul imtahanında da yüksək nəticə görtərək 651 bal toplayıb:

“Gələcək hədəfim Azərbaycanın məşhur cərrahlarından biri olmaqdı. Cəmiyyətimizə yararlı olmağa çalışacağam.

Olimpiadaya getmək istəyən şagirdlərə məqsədli olmalarını demək istərdim. Əgər hədəfləri olmasa, getdikləri yolda uğur qazana bilməyəcəklər. Eyni zamanda, çox çalışmaq lazımdı. Çalışmadan yaxşı nəticə əldə etmək mümkün deyil. Məqsədli formada çox çalışmaq qalibiyyətə gətirib çıxaracaq”.

“Bu günə qədər 13 beynəlxalq, 4 respublika səviyyəli olimpiadada iştirak etmişəm”

Təhsil Nazirliyi tabeliyində Fizika, Riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Ramil Cəbiyev olimpiadaya hazırlığa  erkən yaşlarından başlayıb və bu günə qədər 13 medal sahibidir:

“Kiçik yaşlarımdan riyaziyyata olan marağım, məni müsabiqələrdə iştiraka sövq edirdi.  İlk dəfə 2013-cü ildə  Təhsil Nazirliyinin “İstedad axtarışı” müsabiqəsində iştirak edərək, birincilik qazandım. 2014-cü ildə Zərifə Əliyeva adına liseydə eksperimental pilot sinfinə  birinciliklə daxil oldum. VII sinifdən isə beynəlxalq olimpiadalarda Azərbaycanı təmsil edirəm. Bu illər  ərzində bir çox beynəlxalq və respublika səviyyəli olimpiadalarda iştirak edərək müxtəlif mükafatlara layiq görülmüşəm. VII sinifdən başlayaraq, gündəlik 6-7 saat çalışıram.

Bu günə qədər 13 beynəlxalq, 4 respublika səviyyəli olimpiadada iştirak etmişəm. 4-ü gümüş, 5-i bürünc olmaqla 9 beynəlxalq, 3-ü qızıl, 1-i gümüş olmaqla 4 respublika səviyyəsində medal qazanaraq ümumilikdə isə  13 medal sahibiyəm”.

“Gündəlik 10 saata yaxın oxuyurduq”

Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdi Murad Ağazadə olimpiadaya hazırlığı və qazandığı uğurdan danışdı:

“Olimpiadaya ciddi hazırlaşırdıq. Gündəlik 10 saata yaxın oxuyurduq. Komanda olaraq, olimpiadadan 2 ay əvvəl hər gün bir yerdə çalışır, müəllimlərin də dərslərində iştirak edirdik. Komanda olaraq qazandığımız 3 medaldan  birinin sahibi mənəm.

Bundan əvvəl də olimpiadalarda  çox iştirak  etmişəm. Respublika səviyyəsində qatıldığım 4 olimpiadanın hamısında qızıl medala layiq görülmüşəm. Beynəlxalq səviyyədə  11 olimpiadada iştirak edərək, 9  medal qazanmışam. Bunlardan 3-ü gümüş, 6-sı isə bürüncdür.

Məncə, uğurun sirri çox çalışmaq və ümidi itirməməkdən ibarətdir. Beynəlxalq riyaziyyat olimpiadasında artıq üçüncü dəfədir iştirak edirəm. İlk iki iştirakımda medal qazanmasam da ruhdan düşmədim. Daha yaxşı hazırlaşıb üçüncü cəhdimdə artıq bürünc medalın sahibi oldum”.

 Rəna NƏBİ

İlin gənc müəllimi-Müraciət formu