Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-27 13:44:00
ADNSU-da magistraturaya daxil olanların 73 faizi universitetin öz məzunudur

Bu il Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) magistraturasına 574 nəfər qəbul olunub ki, bunun da 83 faizi ödənişsiz əsaslarla təhsilini davam etdirəcək.

ADNSU - nun rektoru, professor Mustafa Babanlı “Azərbaycan müəllimi” qəzetinə açıqlamasında bildirib ki, daxil olan tələbələrin 73 faizi universitetin öz məzunudur və bu rəqəm əvvəllər heç vaxt 50 faizdən çox olmayıb.

Rektor rəhbərlik etdiyi universitetdə bakalavr pilləsində də kəmiyyət və keyfiyyət artımı olduğunu deyib: “2019-2020-ci tədris ili üçün bakalavr səviyyəsi üzrə 3065 plan yeri sifariş vermişdik. Halbuki, 2014-2015-ci tədris ilində bu say 1600-ə yaxın idi. Universitetimizin nəzdindəki Azərbaycan-Fransız Universitetini (UFAZ)  də nəzərə alsaq, tələbələrimizin sayı 3225-ə çatır”.

ADNSU-nun 16-18 min kadr yetişdirmək iqtidarında olduğunu vurğulayan rektor rəhbərlik etdiyi təhsil ocağını dünyanın nüfuzlu elmi-tədqiqat universitetləri ilə müqayisə edib: “Dünyada elə elmi-tədqiqat universitetləri var ki, yalnız magistr təhsili verir. Biz, sadəcə bakalavrla məşğul ola bilmərik. Çünki bakalavrı da özümüz hazırlamalıyıq”.

Rektor nəzərə çatdırıb ki, ADNSU-da ikinci ali təhsil alan 738 tələbə var. Bu il 300-350 nəfərin qəbulu nəzərdə tutulub. 60 nəfər məzun isə ikinci təhsilini başa vurub: “Ümumiyyətlə, bu il Azərbaycan Dövlət Neft və Sənaye Universitetini bitirməli olan 2826 tələbədən 2416 nəfəri məzun oldu. 410 nəfər isə təhsilini tamamlaya bilmədi. Eyni zamanda, artıq 8-ci ildir təhsilini başa vura bilməyən 7 nəfərdən 4-ü bu il məzun oldu. Yerdə qalan 3 nəfər isə 9-cu ilə keçdi”. 

Bundan sonra da Universitetdə təhsilin keyfiyyətinin artırılması istiqamətində tədbirlərin davam edəcəyini deyən rektor onu da bildirib ki, riyaziyyat və fizika yönümlü dərslər artacaq: “Universitet elə bir səviyyəyə gəlib çatacaq ki, buradan çıxan məzunlar cəmiyyətdə böyük nüfuz qazanacaqlar”.