Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-27 10:19:00
Qrant müsabiqəsinin qalibi: “Əsas məqsəd məktəb psixoloqlarını maarifləndirməkdir”

“Bizdə əsas problem əksər valideynlərin autizmi kompleks edib övladlarını təhsildən yayındırmalarıdır”.

Bu sözləri AzEdu.az- a açıqlamasında Neftçala rayonu İbrahim Babayev adına Şirvanlı kənd tam orta məktəbinin psixoloqu Elmir Tağıyev deyib.

O, “Autizmli uşaqlara dəstək proqramı” adlı layihəsi ilə “Təhsildə inkişaf və innovasiyalar üzrə” III qrant müsabiqəsinin qalibidir.

Elmir Tağıyev layihəsini təqdim edir:

“Autizmli uşaqlara dəstək proqramı” layihəsinin əsas məqsədi Neftçala məktəblərində bu sindromdan əziyyət çəkən uşaqlarda psixodiaqnostik və psixokorreksiya işini təşkil edərək müsbət dəyişimlərə nail olmaqdır. Bununla yanaşı, rayonda çalışan məktəb psixoloqlarının psixonevroloji xəstəliklər, onların profilaktikası, reablitasiyası və korreksiyası istiqamətində maarifləndirilməsidir. Layihə autizmli övladı olan və onun cəmiyyətə inteqrasiyasını hər şeydən üstün tutan bir çox ailəyə ümid işığı olacaq”.

“Onları cəmiyyətə inteqrasiya etməsək, gələcəyin 10 alimindən birini itirə bilərik”.

Autizmli uşaqlardan danışarkən, onların həmyaşıdlarından daha istedadlı olduqlarını bildirən psixoloq layihəsinin ehtiyaclılığından söz açır:

“Autizmli cəmiyyət dünyanın bir çox ölkəsində olduğu kimi,  bizdə də hələ formalaşmayıb. Onlara qarşı münasibət, cəmiyyətə inteqrasiyasiyaları düzgün təşkil edilməyib. Çünki hələ autizmin xəstəlik deyil fərqlilik olduğunu başa düşməmişik. Bu, mənfi istiqamətddə olan fərqlənmə deyil. Belə autizmli uşaqlardan bir çox dahilərin yetişdiyini nəzərə alsaq, onlara daha çox qayğı göstərməli, cəmiyyətə inteqrasiyasını düzgün təşkil etməliyik.

Autizmli uşaqların öz dünyası olur. Digər yaşıdları ilə ünsiyyətdə olmaq, oynamaq istəmirlər.  Əlbəttə ki, orada nə baş verdiyini görmək üçün mütləq onların dünyasına daxil olmaq lazımdır.

Bu gün dünyada 9-10 uşaqdan biri autizmlə dünyaya gəlir. Onları cəmiyyətə inteqrasiya etməsək, gələcəyin 10 alimindən birini itirə bilərik. Onu da nəzərə almaq lazımdır ki, autizmli uşaqlar digərlərinə nisbətən, daha istedadlı doğulurlar. Ən sadə oyunları digərlərindən, hətta ən yaxşı təhsil almış uşaqlardan belə daha yaxşı bacarırlar. Azərbaycanda autizm geniş yayılsa da, hələ bunu dərk edə bilmirik”.

“Bizdə əsas problem əksər valideynlərin autizmi kompleks edib övladlarını təhsildən yayındırmalarıdır”.

Elmir Tağıyev belə uşaqların təhsil alamalarının zəruri olduğunu bildirir. O qeyd edir ki,  autizmli uşaqların digərləri ilə birgə təhsil almaları daha yaxşıdır:

“Beləcə onlar uşaq yaşlarından cəmiyyətə öyrəşə bilərlər. Bizim onlara münasibətimiz yaxşı olmalıdır ki, onlar cəmiyyətdən kənarda qalmasınlar. Cəmiyyətdən kənarda qalarlarsa 18-20 yaşlı autizmli gənci sonradan cəmiyyətə qazandıra bilmərik. Necə deyərlər, dəmiri isti-isti döyərlər.

Autizmli uşaqlar bu gün məktəbdə və ya evdə təhsil alsalar da, çətinliklə qarşılaşırlar. Onların digər həmyaşıdları ilə bir yerdə təhsil almaları üçün bu çətinlikləri aradan qaldırmalıyıq. Bu, həmin uşaqların öz yaşıdlarından kənarda qalmalarına gətirib çıxardacaq.  Bu problemi dərk edərək aradan qaldıracağımıza inanıram. Bunun üçün bizə sadəcə dəstək lazımdır.

Belə uşaqların təhsilə cəlb olunması üçün onların valideynlərinə psixoloji dəstək lazımdır. Onlar bu fərqliliklə mübarizə aparmaq üçün daim psixoloqlarla əlaqədə olmalıdırlar. Əksər valideynlər autizmi kompleks halına gətirib, “övladım autizmlidir” ifadəsini həzm edə bilmirlər. Belə valideynlərə fərqliliyin mənasını, aradan qaldırma üsullarını izah edə bilsək, uşaqların cəmiyyətə inteqrasiyasını daha çox formalaşdıra bilərik.

Çünki uşaqlar 5-6 yaşa qədər olan dövrü valideyn himayəsində keçirir. O, məktəbi 6 yaşından sonra dərk edir. Məhz bu yaşa qədər valideynlər onlarla məşğul olmalıdır. Valideynin psixologiyası elə formalaşmalıdır ki, onun övladı xəstə deyil, fərqlidir. Uşağı məktəbdən, təhsildən ayırmamalıdır. Bu uşaqların təhsil alaraq cəmiyyətə faydalı fərd kimi yetişə biləcəyini valideynlərə başa salsaq, təhsildən yayınmalar azalar, təhsil keyfiyyəti də yüksələr”.

Son olaraq…

“Cəmiyyət olaraq, autizmlilərə qucaq açıb, onların problemlərinin fərqində olduğumuzu hiss etdirərək dəstək olmalıyıq.  Yalnız bu halda cəmiyyətə daha çox insan qazandıra bilərik”,- deyərək psixoloq əlavə edir.

Rəna NƏBİ