Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-26 17:05:00
Almaniyada magistratura oxumaq istəyənlərin ən çox verdikləri suallar - Cavablar AzEdu.az-da  

Gənclər üçün təhsil imkanları yaradan, təhsil sistemində özünəməxsusluğu ilə fərqlənən ölkələrdən biri də Almaniyadır.

AzEdu.az bu dəfə Almaniyada magistr dərəcəsində təqaüdlə təhsil almaq istəyənlər üçün ən çox verdikləri suala cavabı təqdim edir:

-Almaniyada magistr təhsilini necə ala bilərəm?

-Almaniyada magistr səviyyəsində təhsil almaq üçün ilk növbədə bakalavr dərəcəsini bitirməlisiniz. Bu ölkədə magistr təhsili isə ixtisasdan və universitetdən asılı olaraq 2-4 semestr davam edir. Ali məktəblərin qəbul şərtləri ilə seçdiyiniz ali məktəbin rəsmi internet səhifəsində tanış ola bilərsiniz.

Azərbaycanda əldə etdiyiniz bakalavr diplomunun Almaniyada təhsil üçün keçərli olduğunu haqqında aşağıda qeyd edilən link vasitəsilə məlumat əldə edə bilərsiniz:

https://anabin.kmk.org/anabin.html

 -Almaniyada hansı dildə magistr təhsili ala bilərəm?

-Almaniyada həm alman, həm də ingilis dilində magistr təhsili almaq mümkündür. Ali məktəblər seçiminizdən asılı olaraq dil biliklərinizi təsdiq edən sertifikat tələb edirlər. Ali məktəbin dil tələbi ilə seçdiyiniz ali məktəbin rəsmi internet səhifəsində tanış ola bilərsiniz.

-Təqaüd hesabına magistr təhsili ala bilərəmmi?

-Almaniyada magistr təhsilinizi maliyyələşdirmək üçün DAAD təqaüdündən yararlana bilərsiniz. DAAD master təhsili üçün müxtəlif təqaüdlər təklif edir.

-İncəsənət, memarlıq, dizayn və film ixtisasları üzrə Almaniyada magistr təhsili almaq üçün DAAD təqaüd proqramı mövcuddurmu?

-Bəli, DAAD təqaüd proqramları bütün ixtisaslar üzrə təhsil alan tələbələr üçün açıqdır. Yuxarıda sadalanan ixtisas sahələrinə sənəd verənlər üçün xüsusi şərtlər mövcuddur ki, bunlara xüsusi diqqət yetirməlisiniz. Və bu sahələr üzrə müraciət edən şəxslər sənədlərini DAAD Bakı Məlumat Mərkəzinə deyil, birbaşa DAAD Bonn Mərkəzinə  göndərirlər.

 -Almaniyada təqaüdlə magistr səviyyəsində təhsil almaq üçün namizədlər arasında necə seçim aparılır?

-Təqaüdçülərin seçimi proqramdan asılı olaraq müxtəlif cür aparılır.

Magistr səviyyəsi üzrə təqaüdçü seçimi ərizə müddətinin bitməsindən sonra təqdim olunmuş sənədlərin əsasında ilkin seçim keçirilir. Seçilmiş namizədlər müsahibəyə dəvət olunurlar. Müsahibə noyabr, dekabr və ya yanvar aylarının birində keçirilir. Seçim müsahibəsi üçün Bakıya Almaniyadan professorlardan ibarət komissiya gəlir. Alman professorları seçim qərarını verirlər.

-DAAD təqaüd proqramına müraciət etmək üçün mənə nə qədər TOEFL və ya IELTS balı lazımdır?

-DAAD-nin ingilis dili ilə bağlı şərtləri yoxdur. Yalnız ingilis dili sertifikatında göstərilən bal seçdiyiniz ixtisasın şərtlərinə cavab verməlidir. Bunun üçün müvafiq universitetin internet səhifəsinə daxil olub seçdiyiniz ixtisasın qəbul şərtləri ilə tanış olun. Nəzərə alın ki, hər bir universitet təhsil üçün lazımi TOEFL və ya IELTS balını özü müəyyən edir.

-Əgər artıq Almaniyada oxuyuramsa, təhsilə başladıqdan sonra DAAD təqaüdünə müraciət edə bilərəmmi?

-Əgər Almaniyada olduğunuz müddət 15 aydan çox deyilsə, DAAD təqaüdünə müraciət edə bilərsiniz. Təqaüd aldığınız halda bu Almaniyada magistr və ya doktorantura təhsilinin ikinici ili üçün nəzərdə tutulacaq. Nəzərə alın ki, təqaüdü almaq üçün şərtlərdən biri müsahibədən keçməkdir və bunun üçün Azərbaycana gəlməlisiniz.

Günel Yaşarqızı
Müəllifin digər yazıları