Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-26 16:04:00
Kollec məzunlarının universitetlərə imtahansız qəbulu ilə bağlı iki vacib detal- Rəsmi açıqlama  

 “Gərgin müsabiqə vəziyyəti daha çox dövlət sifarişli yerlərdə müşahidə olunur. Ona görə də müqayisəli təhlil aparsaq deyə bilərik ki, subbakalavrların daha çox ödənişli ixtisaslara qəbul olunmaq şansı yüksəkdir”

Bu sözləri AzEdu.az-ın ixtisas seçimi ilə bağlı təşkil etdiyi canlı yayımda Dövlət İmtahan Mərkəzinin sektor müdiri Xanlar Xanlarzadə deyib. Onun sözlərinə görə,subbakalavrların müsabiqəyə qoşulması nəticəsində boş qalan plan yerlərinin sayı azalacaq:

“Seçim zamanı birinci üstünlük abituriyentə veriləcək. Boş qalan yerlərə isə subbakalavrlar yerləşdiriləcək. İki subbakalavrı bir-birindən fərqləndirmək üçün onların kollecdə təhsil aldıqları müddətdə göstərdikləri nəticələrə baxılacaq.

Subbakalavrın kollecdə göstərdiyi nəticələr yüksəkdirsə və dövlət sifarişli yerlər boş qalıbsa, namizəd həmin yerə qəbul olunur. Adətən, dövlət sifarişli yerlər boş qalmır”.

Xanlar Xanlarzadə qəbul imtahanında 200-220 bal toplayan abituriyentlərə səslənərək bildirib ki, onlar ərizələrində ötən il daha aşağı keçid balı formalaşan ixtisasları qeyd etsinlər:

“Əgər onlar, həmin yerləri ərizələrində qeyd etməsələr, subbakalavrlar boş qalan yerləri tutacaqlar. Boş qalan yerlərin sayında məhdudiyyət yaranacağına görə II turda abituriyent həmin yerlərə qəbul olunmaq şansını itirəcək”.

Xatırladaq ki, canlı yayımı izləyə bilməyənlər qeyd olunan linkə daxil ola bilərlər:

https://www.facebook.com/azedu.az/videos/350509178954045/

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları