Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-28 16:15:00
Ucqarlarda bağçaları əvəzləyən, valideynlərin övladlarına “dərs dediyi” fərqli tədris qrupları - FOTOLAR  

Azərbaycanda azyaşlıların məktəbəqədər təhsili ilə bağlı tətbiq olunan layihələrdən biri də “İcma qruplarının iştirakı ilə məktəbəqədər, ibtidai təhsilin keyfiyyətinin yaxşılaşdırılması”dır.

Layihə “Ailə tipli, icma əsaslı, qısamüddətli təlim qruplarında məktəbəqədər təhsilin təşkili Qaydası”na əsasən fəaliyyət göstərir.

İcma əsaslı təlim qrupları məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərməyən yerlərdə təşkil olunur. Onun bu müəssisələrdən əsas fərqi isə təlim – tərbiyə işinin valideynlərin birbaşa iştirakı ilə qurulmasıdır.

Qaydalar görə, icma əsaslı təlim qrupları aşağıdakı binalarda təşkil edilə bilər:

-fəaliyyət göstərməyən hər hansı təhsil müəssisəsində;

-ümumi təhsil müəssisəsində;

-yaradıcılıq və inkişaf mərkəzində;

-dövlət mülkiyyətində olan binalarda;

-bələdiyyə və xüsusi mülkiyyətdə olan binalarda.

İcma əsaslı təlim qruplarında pedaqoji işin təşkili və ona nəzarət yerli təhsili idarəetmə orqanı tərəfindən həyata keçirilir.

“Hər valideyn də proqramı əlinə alıb, uşaqların  təlim – tərbiyəsi ilə məşğul ola bilər”

AzEdu.az-a layihə barədə daha ətraflı məlumatı isə onun rəhbəri İlahə Rəsulova verib. O, görülən işlər və gələcək hədəflər barədə söhbətə elə layihənin yaradıldığı gündən danışmaqla başlayıb:

“2 ildir, layihə davam edir. Fəaliyyətə UNİCEF təşkilatının maliyyə dəstəyi ilə pilot olaraq,10 regionda 50 icmanı əhatə etməklə başladıq. Layihə 2018-ci ilin oktyabrından isə Avropa İttifaqının maliyyə dəstəyi ilə davam etdi; 50 icma və 10 regionla əhatələndi.

Layihə ona görə “icma əsaslı” adlanır ki, burada uşaqların təlim – tərbiyəsi ilə məşğul olanlar icmanın nümayəndələridirlər. Onlar mərkəzin fəaliyyətində birbaşa iştirak edirlər. İcmaya isə valideynlər, məktəbin administrasiyası, bələdiyyə və s. aiddir. Mərkəzlər əsasən, kəndlərdə fəaliyyət göstərir. Proqram elə hazırlanıb ki, hər valideyn də onu əlinə alıb, standartlardan kənara çıxmadan uşaqların  təlim – tərbiyəsi ilə məşğul ola bilər. Proqram kurikulum standartlarına uyğundur. Burada 4 inkişaf sahəsi əhatə olunub”.

“Qruplar ümumiyyətlə, bağçanın olmadığı kəndlərdə yaradılır”

İlhamə xanımın sözlərinə görə, hazırda layihə daha da genişləndirilir. Növbəti 3 il ərzində layihə çərçivəsində təhsil alan uşaqların sayının 500-ə çatması gözlənilir:

“Hazırda 250 - 300 icma mövcuddur. Bir icmada 20 uşaq olur. Oktyabr ayında daha 250-300 icmanın açılması gözlənilir.

Hazırda icma qrupları Quba, Xaçmaz, Salyan, Sabirabad, Cəlilabad, Masallı, Biləsuvar, Şəmkir, Goranboy, Ağcabədi, Şirvan, Neftçala rayonlarında fəaliyyət göstərir.  Amma bölgələrdə məktəbəqədər təhsil müəssisələri ilə icma əsaslı qrupları səhv salırlar.

Uşaq bağçası müəyyən saatlarda, adətən, 6-can fəaliyyət göstərir. Bu qruplar 2 saat, 2 saat yarım olmaqla həftədə 4 gün fəaliyyət göstərir. Burada daha çox uşaqların idraki, fiziki, sosial, yaradıcı fəaliyyətlərinin inkişafı ilə bağlı öyrədici oyunlar, materiallardan istifadə edilir. Azyaşlının yatması, qidalanması bu müəssisələrdə həyata keçirilmir.

Belə qruplar ümumiyyətlə, bağçanın olmadığı kəndlərdə yaradılır. Bu ərazilərdə uşaqlar uyğunlaşmadan birdən-birə məktəbə gedirlər. Halbuki, 5 yaşına qədər insan beyninin 95 %-i inkişaf edir. Deməli, bu, ən kritik dövrdür. Belə bir vaxtda azyaşlıların öyrənmə bacarıqlarını inkişaf etdirmək lazımdır. Təəssüf, əksər kəndlərdə bağça olmadığına görə, uşaqlar kor-koranə böyüyürlər”.

“Kəndlər böyük, uşaq sayı yetərli olmalıdır”

O,  vurğulayıb ki,  icma əsaslı məktəbəqədər qrupların fəaliyyəti göstərəcəyi ərazilər də müəyyən tələblərə cavab verməlidir:

“Belə kəndlər böyük, uşaq sayı isə yetərli olmalıdır. Bəzən kəndin əhalisi çox olur. Bağça isə 20 – 25 uşaq götürmək iqtidarındadır. Belə kəndlərdə icma qrupları açılır. Amma əsasən, bağça olmayan yerlərə üstünlük veririk.

Qrupları daha çox kənd məktəblərin nəzdində açırıq. Adətən direktor, müəllimlər bu qruplarla bağlı elan verir, əhalini cəlb edirlər. Bundan əlavə, kənddə informasiyalar ağızdan-ağıza keçməklə daha tez yayılır. Uşaqları məktəbə gətirən valideynlər bu barədə məlumat alır və onu digərlərinə ötürürlər. Əslində,  kənd nümayəndələri bu işdə daha aktiv olmalıdırlar.

Bəzi yerlərdə bu aktivlik daha çox müşahidə olunur. Əlavə qrupların açılması üçün işlər görülür, çünki tələbat var. Üstəlik, nəticənin keyfiyyəti göz qabağındadır.

Layihə 3-4 yaşlı uşaqları əhatə edir. yeni yaradılacaq qrupların bir komponenti də icma əsaslı valideyn assosiasiyalarının yaradılmasıdır.  Onlar ibtidai təhsildə keyfiyyətin yaxşılaşdırılması ilə bağlı məktəblə əməkdaşlıq edəcəklər. Sonrakı illərdə ibtidai təhsilin keyfiyyətinin yaxşılaşdırılmasına elə bu assosiasiyalar vasitəsilə nail olacağıq”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları