Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-25 12:51:39
Müəllimlərin imtahanında 29 səhv sual aşkarlanıb – RƏSMİ  

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsində namizədlərə təqdim edilən 29 test tapşırığında texniki səhv aşkarlanıb.

AzEdu.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdir müavini Murad Camalzadə bu gün keçirilən mətbuat konfransında danışıb.

Müəllimlərin işə qəbulu ilə bağlı bir sıra statistik məlumatları da diqqətə çatdıran müdir müavini bildirib ki,  sualların yoxlanması zamanı ekspertlər tərəfindən Azərbaycan bölməsində 20, Rus bölməsində isə 9 sualda texniki qüsur müəyyən edilib.

Məlumata əsasən, imtahanlar zamanı  19 ixtisas fənni, habelə, metodika və məntiq üzrə ümumilikdə 5.340 sayda test tapşırığından istifadə edilib. Bu da 89 imtahan materialı deməkdir. Testlərdə aşkarlanan qüsurlar ümumi təqdim olunan tapşırıqların 0.54 faizini təşkil edir.

Ekspert qrupunun verdiyi rəyə əsasən, texniki qüsurlar dedikdə, imtahan sessiyası zamanı həmin sualın məzmununda səhvin olması (15), bir suala iki düzgün cavabın uyğun gəlməsi (5), eyni sualın bir imtahan sessiyasında təkrar verilməsi (1) və digər hallar (8) nəzərdə tutulur. 

Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi 8-24 iyul tarixlərini əhatə edib.