Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-25 12:14:48
MİQ müsabiqəsinin ölkə rekordçusu – “Universiteti bitirəndən 5 il sonra kitab üzü açdım”  

“Kitabı əlimdən yerə qoymurdum. Mütaliə  insanda alışqanlıq yaradır, oxuduqca daha çox oxumaq istəyirsən”. 

Bu sözlər müəllimlərin işə qəbul müsabiqəsinin test imtahanı mərhələsində maksimum nəticə göstərən Süsən Məmmədovaya aiddir.

İyulun 24-də Azərbaycan dili və ədəbiyyat müəllimi olmaq istəyən namizədlər imtahan verib. Bu fənn üzrə müəllimliyə namizəd olan Azərbaycan Dillər Universitetinin məzunu  Gülnar Hümbətova və Azərbaycan Dövlət Pedaqoji Universitetinin məzunu Süsən Məmmədova yüksək nəticə göstərərək 60 bal toplayıb.

“İmtahan  şəffaf keçirildi. Sualların dəyişdirilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan xəbərlərə  görə narahatlığım var idi”

Bundan əvvəl də bir neçə dəfə MİQ-də iştirak edən Süsən xanım nəhayət, istədiyi nəticəni əldə edib:

“İmtahan  şəffaf keçirildi. Sualların dəyişdirilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan xəbərlərə  görə narahatlığım var idi. Buna görə də, 3 dəfə suallara yenidən baxdım, heç bir dəyişdirilmə görmədim. Hər şey qaydasında idi. Heç bir imtahanda mənfi halla rastlaşmamışam.

2010-cu ildə Azərbaycan Müəllimlər İnstitutunu fərqlənmə diplomu ilə bitirmişəm. Ədəbiyyatı sevdiyim üçün həmişə Azərbaycan dili və ədəbiyyatı müəllimi olmaq istəyirdim. Bu, MİQ-də birinci iştirakım deyil.   İlk dəfə 2015-ci ildə hazırlaşmadan,  38 bal topladım. Daha sonra, 2017-ci ildə iştirak edərək, 45 ballıq nəticə göstərdim. Goranboy rayonunda yaşayıram və ətrafdakı məktəblərdə vakant yer olmadığı üçün növbəti il  yenidən müsabiqəyə müraciət etməli oldum.  2018-ci ildə 46 bal toplasam da, yaşadığım əraziyə uyğun vakant yer tapa bilmədim”.

“Ali məktəbi 2010-cu ildə bitirsəm də ilk dəfə 2015-ci ildə kitab üzü açdım”.

Həmsöhbətimiz imtahana hazırlıq  prosesində də söz açıb:

Hərbiçi ailəsiyəm, rayonda yaşadığım üçün burda heç bir hazırlıq kursuna gedə bilmədim. Uzun müddət gecə-gündüz öz üzərimdə işləyirdim.  Əvvəllər ənənəvi dərsliklər  əsasında hazırlaşırdım. Bu ildən isə müasir kurikulum dərslikləri üzərində çalışdım istədiyim nəticəni əldə etdim.

Mən özüm oturub hazırlaşsam da bəzi şəxslər nəzarətsiz oxuya bilmirlər. Belə şəxslərin xüsusi hazırlıq kurslarına getmələrinə pis baxmıram. Amma insan kurssuz da öz üzərində işləyərək yaxşı nəticə göstərə bilər. Bir şeyi çox istəyib, qarşıya məqsəd qoyarıqsa, çox çalışıb istədiyimizi əldə edə bilərik. Ali məktəbi 2010-cu ildə bitirsəm də, ilk dəfə 2015-ci ildə kitab üzü açdım. Təhsildə bir çox yeniliklər olmuşdu. Kurikulum bizə bir qədər yeni anlayış idi, məntiq çətin gəlirdi. İldən-ilə oxuduqca daha yaxşı nəticə əldə edə bilərsən”.

“İlk dəfə aşağı nəticə əldə eləsəm də,  ruhdan düşməyib, öz üzərimdə çalışdım”

Süsən Məmmədova sonda, MİQ-dən iştirak edəcək gələcək namizədlərə məsləhət də verdi:

“Gələcəkdə imtahan verəcək namizədlərə ilk olaraq, motivasiyalarını yüksək tutmalarını məsləhət görərdim. Həvəsdən düşməsinlər, heç bir deyiləni eşitmədən sadəcə oxusunlar. Gec-tez nəticə əldə edəcəklər. Ötən il 45 bal toplayanda ağladım. Lakin ruhdan düşməyib, üzərimdə çalışdım. Nəhayət IV dəfə istəyimə nail oldum.

Mənim motivasiya mənbəyim övladlarım idi. Həyat yoldaşım hərbçidir və Aprel döyüşlərində də cəbhəyə yaxın ərazidə idi. Evimizə yaxın əraziyə mərmi düşdü. Yoldaşımın  təmas  xəttindən sağ qayıtmamaq ehtimalı da vardı. Bu vaxt  o olmadan məsuliyyətin mənim üzərimə düşdüyünü anlayıb, öz üzərimdə işləmək qərarına gəldim.  Məncə, uğurun sirri, həvəsdən düşmədən, əzmlə oxumaqdan ibarətdir.

Kitabı əlimdən yerə qoymurdum. Mütaliə insanda alışqanlıq yaradır, oxuduqca daha çox oxumaq istəyirsən”.

Rəna Nəbi