XƏBƏRLƏR

24.07.2019 16:19
İxtisaslar üzrə keçid balları aşağı düşə bilər - RƏSMİ

“Ümumi statistik göstəricilərə əsasən, ixtisaslar üzrə keçid balları  20-50 bal aşağı formalaşa bilər”

AzEdu.az xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin Mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə DİM-in rəsmi feysbuk səhifəsindəki canlı yayımda deyib. Onun sözlərinə görə, dövlət sifarişli yerlərin sayı ötən illə müqayisədə kəskin artırılıb:

“Ümumi statistik göstəricilərə əsasən, ixtisaslar üzrə keçid balları  20-50 bal aşağı formalaşa bilər. Lakin aşağı bal toplayan abituriyentlər daha diqqətli olmalı və seçim zamanı risk etməməlidirlər.

Abituriyentlər ixtisas seçimi edərkən DİM-in vəsaitlərindən istifadə etməli, plan yerlərinin sayına və bal intervallarına xüsusi diqqətlə yanaşmalıdırlar".

Xanlar Xanlarzadə nüfuzlu ixtisasların seçimində müsabiqə şəraitinin necə formalaşacağı məsələsinə də toxunub. Əlavə edib ki, keçid ballarının formalaşması bir neçə amildən - abituriyentlərin, plan yerlərinin sayından və imtahan nəticələrindən asılıdır:

“Məsələn, bu il I ixtisas qrupu üzrə 15 223 plan yeri var. Ötən il isə bundan 748 yer az - 14 475 plan yeri ayrılmışdı. Bundan əlavə, dövlət sifarişli plan yerlərinin sayında ötən illə müqayisədə kəskin artım var. Bu il I qrupda 9351 yer dövlət sifarişi əsasında olacaq. Ötən il isə bu, 5731 yer idi, yəni bu il 3620 yer ötən ildəkindən çoxdur. Sadaladığım bu amillər hər hansı bir ixtisas üzrə formalaşmış keçid balına təsir göstərəcək”.

DİM rəsmisi qeyd edib ki, bu il I qrupda 10 524 abituriyent 200 və daha yüksək, 15 101 abinturiyent 150 və daha yüksək bal toplayıb. Ötənilki qəbul imtahanlarında 200 və daha yüksək balı 13 169, 150 və daha yüksək balı 16 649 abituriyent toplamışdı: “Bu, onu göstərir ki, həmin intervalda bal toplayanların sayı keçən ilə nisbətən azalıb. Burada məntiq odur ki, plan yeri artırsa, hər hansı ixtisas üzrə keçid balı aşağı düşə bilər. Abituriyentin sayı azalırsa, hər hansı ixtisas üzrə daha aşağı müsabiqə şərti formalaşacaq. Plan yerlərinin artması, abituriyentlərin sayının azalması birbaşa keçid balına təsir edir.

Ən nüfuzlu ixtisaslarla bağlı nümunə göstərsək deyə bilərik ki, 590 və daha artıq bal toplayan abituriyentlər Tibb Universitetinin Müalicə işi ixtisası üzrə ödənişsiz təhsil ala biləcəklər".

O, IV ixtisas qrupunda ən populyar ixtisasın “Müalicə işi” olduğunu vurğulayıb:

"Bu il dövlət sifarişli plan yerlərində Azərbaycan Tibb Universiteti, Naxçıvan Dövlət Universiteti və Moskva Dövlət Universitetinin Bakı filialı üçün “Müalicə işi” ixtisası üzrə 550 yer ayrılıb. Bunun 100 yeri Moskva Dövlət Universitetinin Bakı filialına aiddir”.

Qeyd edək ki, ali təhsil müəssisələrinə ixtisas seçimi avqustun 6-dək davam edəcək.

Nəzrin Rüstəmova Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu