Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-24 14:30:00
İxtisas seçimi ərizəsinin doldurulması və təsdiqi qaydaları-Abituriyentlərə dəstək  

 

Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçiminə start verilib.

İxtisas seçimi iyulun 24-dən avqustun 6-sı saat 23.59-dək internet vasitəsilə aparılır.

AzEdu.az abituriyentlərə kömək məqsədilə ixtisas seçimi ərizəsinin doldurulması və təsdiqi qaydalarını təqdim edir:

Abituriyentlər qəbul olmaq istədikləri ixtisasları “Abituriyent” jurnalının 4-cü nömrəsindən seçib onların kodlarını DİM-in saytının müvafiq səhifəsində “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər.

Abituriyentlər ali təhsil müəssisələrinin imtahan verdiyi ixtisas qrupuna aid olan 15-dək ixtisas kodunu qeyd edə bilərlər. I, II, III, IV ixtisas qruplarından hər hansı biri  və V ixtisas qrupu üzrə DİM-in müəyyən etdiyi tələbləri ödəyən abituriyentlər hər iki qrupun ixtisaslarını seçə bilərlər.

“Abituriyentin elektron ixtisas seçimi ərizəsi” ilə işləmək üçün abituriyent (subbakalavr):

Məlumatların təhlükəsizliyini təmin etmək məqsədilə 1000-9999 intervalında olan ixtiyari 4 rəqəmli təhlükəsizlik şifrəsi müəyyənləşdirir. Bu şifrə abituriyentin (subbakalavrın) öz elektron ixtisas seçimi ərizəsinə hər dəfə daxil olub işləmək istədiyi halda proqram tərəfindən soruşulacaq. 

Abituriyent (subbakalavr) şifrəni unutmamalı və məxfi saxlamalıdır.

“www.dim.gov.az” internet saytında yerləşdirilmiş ixtisas seçiminə aid linkə (və ya   “www.eservices.dim.gov.az/erizebak/ixtisas1” internet ünvanına) daxil olur.

Şəxsi kabinetinin istifadəçi adı və parolunu açılmış səhifədə müvafiq sahələrə daxil edib "Daxil ol" düyməsini basır.

Şəxsi kabinetinin istifadəçi adı və parolu düzgün daxil edildiyi halda ekranda “Şifrəni daxil edin” və “Şifrəni təkrar daxil edin” sahələri açılır. Abituriyent (subbakalavr) bu sahələrə 4 rəqəmli təhlükəsizlik şifrəsini daxil edir və “Növbəti” düyməsini basır. “Növbəti” düyməsi basıldıqdan sonra ekranda abituriyentin test imtahanlarında əldə etdiyi nəticələr (subbakalavrın bitirdiyi ixtisasın şifrəsi) öz əksini tapır. I-IV ixtisas qruplarından iki müxtəlif ixtisas qrupu üzrə imtahan verən abituriyent müvafiq müsabiqə şərtlərini ödədiyi halda, hər iki ixtisas qrupu üzrə müsabiqədə iştirak edə bilər. Bu halda o, “Davam et” düyməsini basmaqla növbəti addıma keçir. Eyni ixtisas qrupu (I-IV qruplardan biri) üzrə iki dəfə imtahan verən abituriyent isə bu ixtisas qrupu üzrə müsabiqədə hansı imtahanın nəticəsi ilə iştirak edəcəyini seçir və “Davam et” düyməsini basır. 

Növbəti addımda abituriyentin (subbakalavrın) iş nömrəsi, soyadı, adı, atasının adı, bölməsi və digər məlumatlar əks olunan yeni səhifə açılır. Bu səhifəyə ixtisas kodlarını daxil etmək üçün nəzərdə tutulmuş 15 boş sahə və hər sahənin qarşısında müvafiq ixtisasın dövlət sifarışı və ya ödənişli əsaslarla olmasını qeyd etmək üçün qeyd sahəsi yerləşdirilib.

Qəbul olmaq istədiyi 15-dək ixtisasın kodunu istəyinə uyğun ardıcıllıqla müvafiq sahələrə daxil edir. Abituriyent  (subbakalavr) ixtisas kodunu daxil etdikdən sonra onun dövlət sifarişi və ya ödənişli əsaslarla olmasını mütləq qeyd etməlidir. Əgər daxil edilən ixtisas kodunun qarşısında dövlət sifarişi və ya ödənişli əsaslarla olması barədə qeyd olmazsa, məlumatlar yadda saxlanılmır. İxtisas kodu iki dəfə daxil edilə bilər, lakin kodların qarşısındakı qeydlər (dövlət sifarışı və ya ödənişli əsaslarla) mütləq fərqli olmalıdır. Əks halda bu kodların ikincisi səhv kod kimi qəbul olunacaq və ərizəni təsdiqləmək mümkün olmayacaq.

İxtisas kodlarını daxil etdikdən sonra "Yadda saxla" düyməsini basır. İxtisas kodu düzgün daxil edilibsə, kodun qarşısında ona uyğun olan təhsil müəssisəsinin və  ixtisasın adı,  təhsil forması və ixtisasın dövlət hesablı və ya ödənişli olması barədə məlumat proqram tərəfindən göstərilir. Səhv olan ixtisas kodunun qarşısına proqram səhvin mahiyyəti barədə məlumat çıxarır.

"Abituriyentin elektron ixtisas seçimi ərizəsi"ni təsdiqləyənədək öz ərizəsinə təkrar müraciət etməklə seçdiyi ixtisasların siyahısında dəyişikliklər apara bilər.

Seçimini dəqiqləşdirdikdən sonra "Təsdiq et" düyməsini basmaqla elektron ərizəni təsdiqləyir. "Təsdiq et" düyməsi basıldıqda proqram abituriyentə (subbakalavra) bundan sonra düzəliş aparmağa imkan verilməyəcəyi barədə xəbərdarlıq edir və seçim üçün “Təsdiq” və “İmtina” düymələrindən birini basmağı təklif edir. Abituriyent (subbakalavr) “İmtina”  düyməsini basmaqla təsdiqdən imtina edib elektron ərizədə yenidən düzəliş apara bilər. Əgər abituriyent (subbakalavr) “Təsdiq” düyməsini basarsa, elektron ərizə təsdiqlənir və bundan sonra elektron ərizədə düzəliş etməyə imkan verilmir.

Abituriyent (subbakalavr) “Çap variantı” düyməsindən istifadə etməklə “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin surətini çap edir.

Xatırladaq ki, müsabiqəyə yalnız iyulun 24-dən avqustun 6-dək elektron ixtisas seçimi ərizələrini təsdiq etmiş abituriyentlər (subbakalavrlar) buraxılacaqlar.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları