XƏBƏRLƏR

23.07.2019 12:40
MİQ-in Respublika rekordçusu – “Kursa getmək artıq xərcdir, bir həftə qalmış özüm hazırlaşdım”  

“İnsan nəyi çox istəyirsə, ya əldə edir, ya da həmin şey ondan çox uzaqlaşır. Məncə, imtahanı gözdə böyütmək yox, yalnızca hazırlaşmaq lazımdı”.

Bu sözləri AzEdu.az-a açıqlamasında 22 iyulda kimya müəllimliyi üzrə müəllimlərin işə qəbulu müsabiqəsində maksimum nəticə göstərən Aidə Sadıqova deyib.

Əvvəllər də  bir neçə dəfə MİQ-də iştirak edərək yüksək nəticə göstərən Aidə xanım, imtahanla bağlı təəssürat və uğurunun sirlərini bizimlə bölüşüb:

“Bakı Dövlət Universitetində kimya müəllimliyi üzrə bakalavr, kolloid kimya ixtisası üzrə magistraturanı bitirdikdən sonra ilk iş təcrübəm Kaspi liseyində olub. Birinci  dəfə MİQ-də 2014-cü ildə iştirak edərək, 54 bal topladım. MİQ-in vakansiya seçimi mərhələsinin nəticələrinə uyğun olaraq, 85 nömrəli məktəbə təyinat alsam da, müəyyən səbəblərdən imtina etməli oldum.

Müsabiqədə ikinci dəfə 2017-ci ildə  iştirak edərək, 55 balla Kəlbəcər rayonu, 19 nömrəli məktəbdə işləmək imkanı qazandım.

Daha sonra 2018-ci ildə həmin balla yerdəyişmə müsabiqəsində iştirak edib, Laçın rayon, Pircahan kənd məktəbində işə başladım.  O vaxtdan bir neçə kursda və Xəzər Universitetinin Dünya məktəbində fəaliyyət göstərirəm”.

“Universitetdə qalmaq fikrim var idi”

Aidə Sadıqova ilk olaraq ali məktəbdə çalışmaq istəsə də müraciətinə düzgün cavab ala bilməyib. Bundan sonra MİQ-də işləmək  qərarına gəlib:

“2013-cü ildə bakalavrı bitirdikdə, magistr oxuyaraq universitetin özündə çalışmaq istəyirdim. Bundan sonra da universitetdə qalmaq fikrim var idi. 

Bir neçə dəfə Bakı Dövlət Universitetinə müraciət etsəm də, mənə düzgün cavab verən olmadı. Bundan sonra, MİQ-də iştirak etmək qərarına gəldim. 2013-2015-ci illərdə bir çox kursa, məktəbə imtahan versəm də aşağı nəticə göstərirdim. İlk vaxtlar özüm də nəticələrimə görə məyus olurdum, işə girə biləcəyimə inanmırdım. Sonra imtahanlarda etdiyim səhvlərə diqqət yetirdim, zəif bildiklərimin üzərində çalışdım. Sonda isə istədiyim nəticəni əldə etdim”.

“Mən imtahan üçün heç bir hazırlığa getməmişəm”

Aida xanım imtahana hazırlıq prosesindən danışaraq gələcək MİQ iştirakçılarına öz tövsiyələrini də verib:

“İnsan nəyi çox istəyirsə, ya əldə edir, ya da həmin şey ondan çox uzaqlaşır. Məncə, imtahanı gözdə böyütmək yox, yalnızca hazırlaşmaq lazımdı.   Bir şeyi çox istədikdə onu itirmək qorxusu yaranır və imtahanda bildiyi də yaddan çıxır. MİQ-dən aşağı nəticə göstərmək həyatın sonu deyil.

MİQ müsabiqəsinin təşkili məncə zəruridir. Çünki obyektivlik və şəffaflıq olur.  Universiteti yeni bitirən tələbənin imtahan vasitəsilə iş tapması asanlaşır. Loru dildə desək, kasıbın uşağı da, yüksək, nəticə yığarsa yaxşı işlə təmin olunacağını bilir.  

Budəfəki imtahanda ixtisas sualları olduqca asan idi. Hətta  I-IV qrup abituriyent suallarından da aşağı səviyyədə  olduğunu deyərdim. Kurikulumda bir çaşdırıcı,  iki variant arasında qaldığım suallar olsa da sonda düzgün cavabı tapıb maksimum nəticəni əldə edə bildim.

İmtahan üçün heç bir hazırlığa getməmişəm. Uğur qazanmağımda isə abituriyent vaxtı dərs aldığım, təcrübə prosesində rəhbər müəllimlərin mühüm rolu var. Onların  fəaliyyətlərindən çıxartdığım nəticələr sayəsində yüksək bal toplaya bildim. Bu zaman xüsusilə də Kaspi liseyində mənə yol göstərən müəllimlərə minnətdaram. Belə ki məktəbdə çalışdığım zaman özüm dərs deyirəm, lakin heç nə öyrənə bilmirəm amma başqa müəllimlərin dərsində oturanda, onlardan bilmədiklərini öyrənə bilərsən. O müəllimlərdə öyrəndiklərim üzərində özümü inkişaf etdirdim. Sonuncu dəfə də imtahana bir həftə qalmış çalışdım və maksimum nəticəni əldə edə bildim. 

 Açığı, 60 bal toplayacağıma  inanmırdım. Müsabiqədə maksimum nəticə göstərməyimdə ailəmin böyük rolu var. Onların daim psixoloji dəstək oldular. Həmişə 60 bal toplayacığımı  deyərək məni də buna inandırdılar. Dedikləri kimi də oldu. Onların dəstəyi olmasa, bu uğuru qazana bilməzdim,   60 bal yığdığım üçün çox sevinirəm”.

Mənə görə isə şəxsin ixtisası haqda az da olsa məlumatı varsa, öz üzərində çalışaraq, istədiyi nəticəni göstərə bilər”. 

Həmsöhbətimiz  sonda MİQ üçün müəllimləri hazırlayan xüsusi kurslara da münasibət bildirdi:

“MİQ üçün xüsusi hazırlıqlara gəldikdə isə o insanın özündən asılıdır. Bəzən, ailə məişət məsələlərinə başı qarışır və dərsə qarşı məsuliyyəti azalır. Mənə görə isə şəxsin ixtisası haqda az da olsa məlumatı varsa, öz üzərində çalışaraq, istədiyi nəticəni göstərə bilər.  Kursa getmək mənə görə əlavə xərc deməkdir”.

İlin gənc müəllimi-Müraciət formu