XƏBƏRLƏR

22.07.2019 17:52
Minlərlə abituriyentin gözlədiyi cavablar, 10 ildən sonrakı “700-süzlük” – Təhsil icmalı  

AzEdu.az ötən həftənin təhsil icmalını təqdim edir:

Geridə buraxdığımız həftədə təhsil sahəsində nələrin baş verdiyinə qısa nəzər salaq:

Təhsil naziri fərdi təhsil üzrə nümunəvi tədris planını təsdiqlədi

Ötən həftədə ümumtəhsil məktəblərində təşkil olunan fərdi təhsil üzrə nümunəvi tədris planı təsdiqlənib.

Uzun müddət təhsildən kənarda qalmış şəxslərin fərdi təhsilinin təşkili və tənzimlənməsini təmin etmək məqsədilə Təhsil naziri Ceyhun Bayramov əmr imzalayıb.

Təhsil nazirinin əmri ilə uzun müddət təhsildən kənarda qalmış şəxslərin ümumtəhsil məktəblərində təşkil olunan fərdi təhsilinə aid 2019-2020-ci dərs ili üçün tədris planı və tədris planına dair “Qeydlər” təsdiq edilib.

 Məktəbəqədər təhsil qruplarının sayı artırılacaq

Yeni tədris ilindən icma əsaslı məktəbəqədər təhsil qruplarının sayının artırılması nəzərdə tutulur.

Azərbaycanın 32 bölgəsində icma qrupları vasitəsilə məktəbəqədər və ibtidai təhsilin yaxşılaşdırılması məqsədilə daha 300-ə yaxın belə qrup fəaliyyət göstərəcək.  

 Builki qəbul imtahanlarında 700 bal toplayan olmadı

İyulun 7-də II və III ixtisas qrupları üzrə abituriyentlər üçün keçirilən qəbul imtahanlarının nəticələrini elan edilib.

Bildirək ki, sözügedən qruplar üzrə 1 nəfər belə maksimum nəticə göstərə bilməyib.

II və III ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələri açıqlandı 

Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları üzrə 2019-cu il iyulun 7-də keçirilən qəbul imtahanlarının nəticələrini elan edib.

İmtahanda III ixtisas qrupu üzrə 1 abituriyent (Bakı şəhəri, 192 saylı orta məktəbin məzunu), ona təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimal nəticə – 400 bal toplayıb.

“Bu  il ərzində 10000-dən artıq müəllimin işə qəbul olunması gözlənilir”

Bu sözləri ötən həftədə jurnalistlərə açıqlamasında Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib:

Cəsarət Valehov bildirib ki,  7000-dən artıq vakansiya çıxarılacaq:

“Son illər ərzində kişilərin müəllimlik sahəsini seçməklərində dinamika hiss olunur. Onu da bildirim ki, bu il 7000-dən artıq vakansiya çıxarılacaq. Həmçinin, bu  il ərzində 10000-dən artıq müəllimin işə qəbul olunması gözlənilir. Əlavə olaraq qeyd edim ki, ötən il bu rəqəm 12000 idi. Bu il də ən azı  12000 nəfər civarında gözlənilə bilər”.

Təhsil naziri Əfqanıstanın Ali Təhsil naziri vəzifəsini icra edən Abdul Tavab Balakarzai ilə görüşüb

Geridə buraxdığımız günlərdə Təhsil naziri Ceyhun Bayramov Əfqanıstan İslam Respublikasının Ali Təhsil naziri vəzifəsini icra edən Abdul Tavab Balakarzai ilə görüşüb.

Görüşdə Azərbaycan Respublikası və Əfqanıstan İslam Respublikası arasında ali təhsil sahəsində əlaqələrin cari vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilib.

 Həftənin təhsil informasiyaları

Müəllimlərin işə qəbulu üzrə test mərhələsi davam edir  

İyulun 8-dən etibarən alman dili, tarix, fizika, fransız dili, musiqi, informatika, rus dili, ingilis dili, biologiya, coğrafiya, ibtidai sinif, fiziki tərbiyə, təsviri incəsənət və riyaziyyat üzrə test imtahanları keçirilib.  

Bu günədək keçirilən imtahanlarda ən yüksək nəticə riyaziyyat fənni üzrə 59 bal olub.

Rezidentura imtahanının nəticələri açıqlandı

Ötən həftədə Dövlət İmtahan Mərkəzi 2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasında baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidentura səviyyəsinə qəbul imtahanının II mərhələsini keçirib.

İmtahan nəticələri 15 iyul saat 16:53-dən etibarən Mərkəzin internet saytında yerləşdirilib.

 Universitetə imtahansız qəbul olmaq istəyən kollec məzunlarının qeydiyyatı başa çatıb

Geridə buraxdığımız günlərdə ali təhsil müəssisələrinə imtahansız qəbul olmaq istəyən subbakalavrların qeydiyyatı  başa çatıb.

DİM-in əmri ilə ali təhsil müəssisələrinə qəbul olmuş şəxslərin nəticələri açıqlandı

Dövlət İmtahan Mərkəzi (DİM) dövlət qulluğuna qəbul üzrə bu ilin iyunun 30-da keçirilən imtahanda iştirak etmək üçün qeydiyyatdan keçən və TQDK-nın əmri ilə ali təhsil müəssisələrinə qəbul olmuş şəxslərin nəticələri haqqında növbəti statistik məlumatları açıqlayıb.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1766 namizəddən 1611 nəfər keçmiş Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarınınnəticələrinə əsasən, ali təhsil müəssisələrinə qəbul olub. Bu şəxslərdən 432 nəfər imtahandan uğurla keçib (26.8%).

Kolleclərin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qeydiyyat başa çatıb.

 Ötən həftədə ümumi ( 9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qeydiyyat başa çatıb.

 Peşə təhsili müəssisələrinə sənəd qəbulunun vaxtı açıqlandı

Avqustun 1-də peşə təhsili müəssisələrinə sənəd qəbulu başlayır.

Bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyinin İnsan resurları və informasiya şöbəsinin müdir müavini Ceyran  Məmmədli məlumat verib.

Direktor vəzifəsinə işə qəbul üzrə qeydiyyat artıq başa çatıb

Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə iyulun 13-dən başlayan müsabiqə artıq başa çatıb.

Müsabiqədə iştirak etmək istəyən 3000-dək namizəd miq.edu.az/direktorlar linkinə daxil olaraq qeydiyyatdan keçib. Müsabiqəyə 500-ə yaxın vakant yer çıxarılıb.

Tələbələrin köçürülməsi üzrə sənəd qəbulu başa çatıb

Ötən həftədə tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulu yekunlaşıb.

Günel Yaşarqızı Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu