Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-22 17:00:00
Beynəlxalq olimpiada mükafatçısının uğur sirri: “Əgər hədəfim olmasaydı...”  

14-21 iyul 2019-cu il tarixlərində Macarıstanın Szeged şəhərində məktəblilərin 30-cu Beynəlxalq Biologiya Olimpiadası keçirilib.

İki turdan ibarət elm yarışında şagirdlərimiz nəzəri və praktiki mərhələlərdə iştirak edib.

Yekun nəticələrə əsasən, Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin XI sinif şagirdi Ramil Xammədov bürünc medal qazanıb.

AzEdu.az Ramil Xammədovun olimpiada ilə bağlı təəssüratlarını öyrənib:

“İlin əvvəlində məktəbdə olimpiadaya qəbul olmaq üçün imtahanın olacağını gördüm. Özümü sınamaq istədim. İmtahandan keçdim. Hər həftənin şənbə-bazar günləri olimpiadaya hazırlıq dərsləri keçirildi.

Seçilən komandamızda sonda 4 nəfər qaldı. Sonra isə praktika keçmək üçün iki dəfə İrana getdik.

İran bizim üçün çox maraqlı idi. Orada bizə göstərilən münasibət çox xoş oldu.

Gələcək hədəfim Azərbaycanın məşhur cərrahlarından biri olmaqdı. Cəmiyyətimizə yararlı olmağa çalışacağam.

Olimpiadaya getmək istəyən şagirdlərə demək istəyirəm ki, dəqiq məqsədləri olsun. Əgər hədəfləri yoxdusa, getdikləri yolda uğur qazana bilməyəcəklər. Çox çalışmaq lazımdı. Çünki çalışmadan nəticə əldə etmək mümkün deyil. Qalib gələndə isə faydaları çox olacaq”.

Qeyd edək ki, Ramil Xammədov bu il keçirilən qəbul imtahanında 4-cü qrup üzrə 651 bal toplayıb.

Şükufə Süleymanlı