Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-22 16:32:18
“Təhsildəki şəffaflıq daha da artacaq, naziri alqışlayıram” – İctimai Şuradan gözləntilər  

Təhsil naziri Ceyhun Bayramov  Təhsil Nazirliyi yanında İctimai Şuranın yaradılması haqqında əmr imzalayıb. 

 İctimai Şuranın yaradılması Təhsil Nazirliyinin fəaliyyətində şəffaflığın daha da artırılması, təhsil sahəsində  ictimaiyyətlə qarşılıqlı fəaliyyətin gücləndirilməsini təmin etmək məqsədi  daşıyır.

AzEdu.az İctimai Şuranın fəaliyyəti ilə təhsil bilicilərinin fikirlərini öyrənib.

Təhsil eksperti Şahlar Əsgərov Şuranın yaradılmasında əsas məqsədin ictimaiyyəti təhsil məsələlərinə daha sıx  cəlb etmək olduğunu deyib:

“Bu əmri müsbət addım kimi qiymətləndirirəm. Nazir Ceyhun Bayramov bu vasitə ilə təhsil sistemindəki şəffaflıq və  aşkarlığı  daha da gücləndirməyi planlayır.

Prezident 2014-cü ildə “İctimai aşkarlıq haqqında” fərmanı qəbul edib. Bu əmr həmin fərmana uyğun olaraq imzalanıb.

Təklif olaraq onu deyə bilərəm ki, bu gün universitetlərin bir neçəsində  rektorları  əvəzedici rektor əvəz edir. Arzu edərdim ki, onlar rektor olaraq təsdiq olunsun. Çünki əvəzedici olduqda məsuliyyət bir qədər aşağı düşür. Belə hallara çox rast gəlirəm”.

Millət vəkili Fazil Mustafa İctimai Şuranın fəaliyyəti haqqında fikirlərini bölüşüb.

O, əslində Şuranın əvvəlcədən də olduğunu, lakin onun yenidən formalaşdırılmağa başladığını bildirib:

“Bu, çox müsbət addımdı. Belə şuralar bu gün universitetlərdə və bir sıra qurumlarda fəaliyyət göstərir. Təhsil Nazirliyində isə icra orqanı olaraq yaradılması təqdirəlayiqdi.

Təhsil hamını maraqlandıran sahədi. İnsanlar, bir növ təhsilin subyektidi. Vətəndaşlar bu və ya digər dərəcədə  onunla maraqlanırlar. Ona görə də İctimai Şura cəmiyyətdə təhsillə bağlı  baş verən proseslərə daha çevik  cavab verməlidi.

Bu şurada ekspert  və təhsillə əlaqəli şəxslərin olması vacibdi. Daha çox obyektiv fikirləri ilə fərqlənən  təhsil ekspertlərinin olması müsbət haldı. Bu nazirliyin özünə də faydalı olacaq”.

Filologiya üzrə fəlsəfə doktoru Şamil Sadıq İctimai Şuranın yaradılmasını təqdirəlayiq hadisə kimi qiymətləndirib. O, sözlərində təhsil insanı olaraq bu qərarın onu çox sevindirdiyini deyib:

“Nazir Ceyhun Bayramovun bu addımını  alqışlayıram. Şura təhsilə ictimai nəzarət funksiyası daşıyacaq. Cəmiyyəti təhsilə cəlb etmək adına qənaətbəxş addımdı. Ümid edirəm,  ölkəmiz üçün uğurlu olar.

Şurada həyata keçiriləcək prosedurlarla bağlı hələ tam məlumat verilməyib. Yaxın günlərdə ətraflı informasiyaların veriləcəyini düşünürəm. Ondan sonra məsələ haqqında daha detallı danışmaq olar.

Cəmiyyət təhsildə gedən prosesləri görməlidi. Tərəqqi ideyalar həyata keçirilir. Amma təəssüflər olsun ki, bəzən ictimaiyyətin  bundan xəbəri olmur.

Elə hallar olur ki, təhsildə olan prosesləri hərə bir cür qavrayır.Sosial şəbəkələrdə fikir ayrılıqları yaranır.Cəmiyyətin sayılıb-seçilən üzvləri şurada olarsa, bu problem kökündən həll oluna bilər.Sosial şəbəkələrdə fikir bildirən insanlara deyərdim ki, namizədliklərini irəli sürsünlər və iştirakçı qismində çıxış etsinlər.

Şuraya seçilən və qərar qəbul edəcək insanlardan çox şey aslıdı. Ümid edirəm, onlar ölkəmizə xeyir verər.

İctimai şuranın məktəb, dərsliklərin hazırlanması, layihələrin həyata keçirilməsi., universitet, məktəbəqədər hazırlıq üçün faydalı olacağını düşünürəm”.

Qeyd edək ki, İctimai Şura ictimai əsaslarla (ödənişsiz) fəaliyyət göstərəcək. Təhsil sahəsində ixtisaslaşan hər bir Azərbaycan  vətəndaşı İctimai Şuraya üzv seçilə bilər.

İctimai Şuraya seçkilərin təşkili məqsədilə Təhsil Nazirliyinin 4 və təhsil sahəsində ixtisaslaşmış vətəndaş cəmiyyəti institutlarının 5 nümayəndəsindən ibarət seçki komissiyası yaradılıb. Seçki komissiyasının ilk iclasında İctimai Şura üzvlərinin sayı, namizədlərin, seçicilərin qeydiyyatı və digər təşkilati məsələlər barədə qərar qəbul edilib.

İctimai Şuraya namizədlərin və seçici qismində çıxış edəcək vətəndaş cəmiyyəti institutlarının qeydiyyatı iyulun 22-dən avqustun 23-dək  davam edəcək. İctimai Şuraya üzvlüyə namizəd şəxslərə və seçki prosesində seçici kimi iştirak etmək istəyən vətəndaş cəmiyyəti institutlarının təmsilçilərinə dair tələblərlə nazirliyin rəsmi internet səhifəsinin elan bölməsində  (https://edu.gov.az/az/page/228/16933) tanış olmaq olar.

Şükufə Süleymanlı