Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-20 17:20:00
Bakıda keçiriləcək XV Avropa Gənclər Yay Olimpiya Festivalına 5 min məktəbli cəlb olunub

İyulun 21-27-də Bakıda keçiriləcək XV Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsində 500 yerli mütəxəssis çalışır.

AzEdu.az xəbər verir ki, peşəkar heyət ölkəmizdə “Bakı 2015” ilk Avropa və “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarında çalışmış mütəxəssislərdən təşkil olunub.

İki min beş yüz könüllünün çalışacağı festivalda atletlər və rəsmi nümayəndələr üçün 325 nəqliyyat vasitəsi ayrılıb. “Olimpiya mədəniyyəti və təhsil” proqramı çərçivəsində 5 min məktəbli Atletlər kəndində olacaq. Şagirdlər idmançılarla görüşəcək və müxtəlif tədbirlərdə iştirak edəcəklər.

Avropa Gənclər Festivalının ideyası gənclərə Olimpiya hərəkatını tanıtmaq, Olimpiya dəyərləri və ideallarını öyrətmək məqsədilə Avropa Olimpiya Komitəsinin sabiq prezidenti Jak Roq tərəfindən 1990-cı ildə irəli sürülüb. Festival 14-18 yaş arasında gənc Avropa atletləri üçün yüksək səviyyəli çox idman növlü tədbirdir. Birinci festival 1991-ci ildə Belçikanın paytaxtı Brüsseldə keçirilib. Bu tədbir iki ildə bir dəfə, cüt deyil, tək illərdə qışda və yayda keçirilir. Avropa Gənclər Olimpiya Festivalı Avropa Olimpiya Komitəsinə aiddir və Beynəlxalq Olimpiya Komitəsinin himayəsi ilə Avropa Olimpiya Komitəsi adından təşkil olunur.

On iki yarış obyektində keçiriləcək mötəbər turnirdə 48 ölkədən 3900 atlet birincilik uğrunda mübarizə aparacaq. Festivalda Azərbaycanı 122 idmançı təmsil edəcək. Heyətdə güləşçilər və yüngül atletlər sayca üstünlük təşkil edirlər. “Bakı 2019”da atletlər idmanın 10 növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş üzrə yarışlarda qüvvələrini sınayacaqlar.