Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-29 11:18:21
Qorxuram, qızımın həyəcandan bildiyi də yadından çıxsın”- Valideynlərin sınaq imtahanı narahatlığı

29 apreldə I-V ixtisas qruplarına qəbul olmaq istəyən abituriyentlər üçün respublikanın 12 şəhər və rayonunda ikinci sınaq imtahanı keçirilir.

Sınaq imtahanları hər ixtisas qrupunda 5 fənn üzrədir.

Sorğunu Nərimanov rayonu  200 saylı tam orta məktəbdə keçirilən sınaqda iştirak edən abituriyentlərin valideynləri cavablandırıb.

Qeyd edək ki, 11:00-da başlayan imtahan hələ davam edir.

AzEdu.az sorğunu uşaqlarını gözləyən valideynlər arasında keçirilib:

Nigar Mahmudova: “Oğlum III qrupa hazırlaşır, tərcüməçiliyə qəbul olunmaq istəyir. Maşallah ingilis  və Azərbaycan dili biliyi çox yaxşıdır. Əsas çətinlik çəkdiyi fənn  tarixdi. Deyir ki, faktlar, məlumatlar çoxdur, yadda saxlaya bilmir. Kurslara qatılıb, 500-ə yaxın bal toplayırdı. Ödənişsizə düşmək üçün çox toplamalıdı. Allah kərimdi, görək necə olacaq. İmtahanda olan o, amma mən ondan çox həyəcanlıyam”.

Lalə Məmmədova: “Yaxşı ki uşaqlarım kurikulum sistemi ilə təhsil almadı. Hazırda 11-ci sinifdə oxuyur. Görürəm, kurikulumla təhsil alan uşaqlar çox əziyyət çəkirlər. Həm də onlar, hələ birinci il buraxılışı olacaqlar, ümumiyyətlə, çətindir. Övladım  I qrupa hazırlaşır. Hələki, imtahandadır. Hesab edirəm, nəticə gözlədiyimdən də yaxşı olacaq”.

Adının çəkilməsini istəməyən başqa bir valideyn: “Biz Bakıda qalırıq, rayondan gəlməmişik. Qızım III qrupa imtahan verir. Ümumiyətlə, çox oxuyur. Amma hələki bilmirəm nəticə necə olacaq, bir valideyn kimi əlimdən gələn qədər çalışıram”.

Mədinə Qurbanova: “Sınaq imtahanlarının keçirilməsi çox yaxşıdır. Uşaqlar imtahana öyrəşirlər. Həm də bizim qız çox həyəcanlanır. Qorxuram, həyəcandan bildiyi də yadından çıxsın. Ümumiyyətlə, başqa sınaqlarda iştirak etməyib. Hələ birinci dəfədir ki, imtahan verir. Nəticə inşallah yaxşı olar”.

Arif Mahmudov: “Qızım II qrupa imtahan verir. Birinci DİM sınağına gəlmədi. Riyaziyyatdan başa vurmadığı dərslər var idi. Bu dəfə inşallah uğurlu olacaq. Düzdür, çox da yüksək bal toplamır, təxminən 300-400 arası. Amma istədiyi fakültə üçün , deyəsən, yetərlidir. I sınaqda iştirak edənlər deyib ki, suallar keçən ilkinə nisbətən çətin tərtib olunub”.