Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-19 17:15:00
DİM ixtisas seçimi edəcək abituriyentlərə müraciət etdi  

Dövlət İmtahan Mərkəzi (DİM) ixtisas seçimi edəcək abituriyentlərə müraciət edib.

DİM-dən AzEdu.az-a verilən məlumata görə, ali təhsil müəssisələrinə qəbul olunmaq üçün ixtisas seçimi iyulun 24-dən avqustun 6-dək internet vasitəsilə aparılacaq. Bu müddət ərzində müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin qarşısında öz ixtisas seçiminə bir daha nəzər salmaq, seçimini dəqiqləşdirmək və təsdiqləmək vəzifəsi durur: "Son günlər sosial şəbəkələrdə apardığımız monitorinqlər göstərir ki, bəzi insanlar abituriyentlər və onların valideynlərinin etibarından sui istifadə edib özlərini reklam etməklə ödəniş müqabilində ixtisas seçimlərinin onlar tərəfindən həyata keçirilməsi ilə bağlı çağırış edirlər. Abituriyentlərə və onların valideynlərinə tövsiyə edirik ki, diqqətli olsunlar və bu işi yalnız kommersiya məqsədi ilə görən müəyyən qrup insanların vədlərinə inanmasınlar.

İxtisas seçimi Mərkəzin rəsmi saytı vasitəsilə elektron qaydada aparılır və texniki cəhətdən bu prosesi həyata keçirmək çox sadədir. Proqram təminatı elə qurulub ki, səhv etmək ehtimalı yoxdur və ərizəni yadda saxla düyməsini basdıqda səhv və onun mahiyyəti barədə xəbərdarlıq edilir".

 

DİM tərəfindən abituriyentlərə kömək etmək məqsədilə I-IV ixtisas qrupları üzrə “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli” adlı vəsaitlər də nəşr edilib. Yaxın günlərdə II və III ixtisas qrupları üzrə də müvafiq kitabçalar nəşr olunacaq. Bu kitabçalarda müsabiqə şərtləri, ixtisas qrupları üzrə plan yerləri, müsabiqədə iştirak edən abituriyentlərin imtahan nəticələrinin bal intervalları üzrə paylanması və s. məlumatlar öz əksini tapıb. “Abituriyent” jurnalının 4 saylı buraxılışında “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, qəbul aparılan ixtisaslar, plan yerləri, jurnalın xüsusi buraxılışında isə ötən ilin tələbə qəbulu müsabiqəsində ayrı-ayrı ixtisaslar üzrə formalaşmış keçid balları dərc olunub.

Abituriyentlər kömək məqsədilə Mərkəzin regional bölmələrində, Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes, Odlar Yurdu, Kooperasiya Universitetlərində abituriyentlərə ixtisas seçimi ilə əlaqədar kömək etmək məqsədilə yaradılmış və ödənişsiz əsaslarla fəaliyyət göstərən “Abituriyent Məsləhət Mərkəzləri”nə müraciət  edə bilərlər. İxtisas seçimi ilə əlaqədar məsləhət mərkəzləri bəzi rayon təhsil şöbələrində də fəaliyyət göstərərcək. Bununla bağlı əlavə məlumat veriləcək.
Bundan əlavə, növbəti həftə Dövlət İmtahan Mərkəzinin əməkdaşları tərəfindən Mərkəzin “Facebook” səhifələrində ixtisas seçimi zamanı diqqət yetirilməli olan məsələlər haqqında canlı yayım ediləcək, abituriyentlərin sualları cavablandırılacaq.

“Abituriyent Məsləhət Mərkəzləri” aşağıda qeyd olunan ünvanlarda həftənin 5 günü (şənbə, bazar günləri istisna olmaqla) saat 10.00-dan 17.00-dək fəaliyyət göstərirlər.
Bakı şəhəri
Azərbaycan Universiteti
Bakı Biznes Universiteti
Qərbi Kaspi Universiteti
Azərbaycan Kooperasiya Universiteti
Odlar Yurdu Universiteti

Dövlət İmtahan Mərkəzinin regional bölmələri

Naxçıvan MR Regional Bölməsi 
Göyçay Regional Bölməsi 
Şəki Regional Bölməsi
Xaçmaz Regional Bölməsi
Lənkəran Regional Bölməsi
Gəncə Regional Bölməsi
Şirvan Regional Bölməsi
Bərdə Regional Bölməsi
Şəmkir Regional Bölməsi.