XƏBƏRLƏR

19.07.2019 15:52
“Nəzarətçilər bizə suyu da təbəssümlə verirdilər”-MİQ müsabiqəsindən reportaj  

“Əsl müəllim özünü şagirdlərə sevdirməlidir. Çünki müəllimi sevən şagird onun tədris etdiyi fənni də yaxşı mənimsəyəcək”

Müəllimlərin işə qəbulu müsabiqəsi üzrə test mərhələsi davam edir. Yolumuz isə Azərbaycan Texniki Universitetinin  idman zalınadır.

Budur, artıq müəllim namizədlərin bir qismi imtahan zalını tərk edir. İmtahan verən namizədlər arasında qazandıqları nəticələrə görə sevinən və kədərlənənləri də  görürük...

 Müəllimlik  zirvəsinə aparan 55 bal...

“MİQ müsabiqəsiyə bağlı  sosial şəbəkələrdə yayılan mənfi informasiyalar həqiqəti əks etdirmir”

Bu sözləri müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində ibtidai sinif fənni üzrə ən yüksək nəticə göstərənlərdən biri-55 bal- Turanə Kərimova deyib.

Turanə Kərimova iyulun 18-də ibtidai sinif müəllimliyi üzrə keçirilən imtahanlarda ən yüksək nəticə göstərənlərdən biridir. Hazırda 269 nömrəli tam orta məktəbin müəllimi olan Turanə  Kərimova 2011-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetindən, 2013-cü ildə isə Bakı Slavyan Universitetindən məzun olub. İbtidai təhsil üzrə magistratura təhsilini də tamamlayıb. 7 il əvvəl mümkün  35 baldan 33 bal toplayaraq, müəllimliyə başlayıb.

Turanə Kərimovanın müsabiqə barəsində təəssüratlarını öyrənirik:

“İmtahana ilk dəfə daxil olanda həyəcanım yox idi. Çünki imtahanda ilk dəfə iştirak etmirdim. Təqdim edilən testlər isə çox çətin deyildi. Sadəcə, metodika fənnindən salınan suallarda tərəddüd edirdim. MİQ müsabiqəsi şəffaf keçirildiyinə görə çox təqdirəlayiqdir. Düşünürəm ki, Təhsil Nazirliyi metodika fənni üzrə dərslik vəsaiti tərtib etsə, çox gözəl olar. Onu da bildirim ki, imtahana hazırlaşmadığım üçün maksimum nəticə əldə edə bilmədim.

MİQ müsabiqəsiyə bağlı  sosial şəbəkələrdə yayılan birmənalı fikirlər isə həqiqəti əks etdirmir. Uyğun vakansiya olduğu təqdirdə Bakı məktəblərinin birində müəllim olaraq fəaliyyət göstərmək istərdim. Düşünürəm ki,peşəkar müəllim özünü şagirdlərə sevdirməlidir. Çünki müəllimi sevən şagird onun tədris etdiyi fənni də yaxşı mənimsəyəcək”.

“Hətta nəzarətçilər bizə təbəssümlə su verirdilər”

İmtahanda yüksək nəticə göstərənlərdən biri də Arzu Xəlilovadır. Arzu Xəlilova MİQ müsabiqəsinin test mərhələsində ibtidai sinif fənni üzrə 55 bal toplayıb. O, Azərbaycan Dövlət Pedaqoji Universitetinin ibtidai sinif müəllimliyi ixtisası üzrə  məzunudur. Arzu xanım bildirib ki, imtahan onun üçün çox asan keçib:

“MİQ müsabiqəsi test mərhələsi mənim üçün çox asan oldu. İmtahanda namizədlərə təqdim edilən test nümunələrində isə heç bir çətinlik  və ya səhv yox idi. Ümumiyyətlə, suallar çox yaxşı tərtib olunmuşdu. Onu da bildirim ki, savadı olan namizədlər MİQ müsabiqəsində çox yaxşı nəticə göstərə bilərlər. Nəzarətçilər hər şeyə çox yaxşı diqqət edirdilər. Hətta nəzarətçilərdən su istədikdə təbəssümlə gətirib bizə verirdilər. İmtahanda isə diqqətimi yayındıran hər hansı maneə olmadı. Təhsil Nazirliyi tərəfindən keçirilən MİQ müsabiqəsini çox yaxşı dəyərləndirirəm”.

 MİQ müsabiqəsinin test mərhələsində  ikinci dəfə iştirak edən Aynurə Nəcəfova da 55 bal sevincini yaşayanlardandır. Aynurə xanım da müsabiqə barəsində təəssüratlarını bizimlə bölüşür:

“Gəncə Dövlət Universitetində ibtidai sinif müəllimliyi ixtisası üzrə təhsil almışam. MİQ müsabiqəsində keçən il də iştirak edib, 46 bal toplamışdım. İmtahanda namizədlərə təqdim edilən suallar isə asan idi. Ümumiyyətlə, imtahan çox obyektiv keçirildi. Uyğun vakansiya olduğu təqdirdə Gəncə şəhərində müəllim kimi fəaliyyət göstərmək istərdim. Təhsil Nazirliyi tərəfindən keçirilən MİQ müsabiqəsini çox yaxşı qiymətləndirirəm. Çünki hər kəs biliyinə görə nəticə əldə edir”.

MİQ müsabiqəsinin test mərhələsində yüksək  nəticə əldə edənlərlə yanaşı aşağı bal toplayanlar da var idi.

Minimum keçid balı toplamasına baxmayaraq sevincli halda imtahan zalını tərk edən Lamiyə Məmmədova... Lamiyə xanım da müsabiqə barəsində təəssüratlarını bizimlə bölüşüb:

“Azərbaycan Dövlət Pedaqoji Universitetində ibtidai sinif müəllimliyi ixtisası üzrə təhsil almışam. Müsabiqə barəsində təəssüratlarım çox gözəldir. İmtahanda namizədlərə təqdim edilən suallar  bir-birinə çox oxşar idi. Həmçinin, tərtib edilən test nümunələrində çaşdırıcı suallar da var idi.

Təqdim edilən test nümunələrində əsasən ixtisas fənnindən çətinliyim oldu.  Amma kurikulumdan salınan suallar isə olduqca asan idi. Açıq etiraf edim ki, imtahana hazırlaşmamışdım. Lakin buna baxmayaraq ən azı 40 bal toplayacağıma ümid edirdim. Təəssüf ki, 25 bal toplaya bildim”.

Azərbaycan məktəblərinə ən yaxşı müəllimlər seçilir...

İmtahanın gedişi barədə məlumat verən Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva söyləyib ki, müəllimlərin işə qəbulu üzrə keçirilən imtahanlarda namizədin hansı masa arxasında oturmasının heç bir əhəmiyyəti yoxdur:

Onun sözlərinə görə, hər bir namizəd oturduğu masadan asılı olmayaraq, kompüterdə şəxsiyyət vəsiqəsinin FİN kodunu daxil etməklə şəxsi kabinetinə giriş imkanı əldə edir:

“Onun şəxsi kabinetində imtahan verəcəyi bölmə ilə bağlı suallar çıxır. Şəxsi kabinetə isə iştirakçıdan başqa heç kim daxil ola bilməz. Təbii ki, şəxsiyyət vəsiqəsi vətəndaşın özü tərəfindən idarə edilirsə”.

Bu da son... Artıq müəllimləri öz biliyi ilə sınayan imtahan məkanını tərk edirik.

Qeyd edək ki, iyulun 8-dən etibarən,  müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə start verilib. İndiyədək alman dili, fransız dili, ingilis dili, rus dili, biologiya, coğrafiya, fizika, informatika, musiqi və tarix fənlərindən olan 25 mindən çox namizəd imtahan verib. Namizədlər arasında ən yüksək nəticə 58 bal (ibtidai sinif, tarix, coğrafiya, biologiya fənləri üzrə 8 namizəd) olub.

Günel Yaşarqızı Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu