Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-18 00:02:00
Ali məktəbə imtahansız qəbul olmaq istəyənlərin nəzərinə! - Ərizə qəbulu başa çatıb

Ali təhsil müəssisələrinə imtahansız qəbul olmaq istəyən subbakalavrların elektron ərizələrinin qəbulu başa çatıb.

Dövlət İmtahan Mərkəzindən  AzEdu.az-a verilən məlumata görə, elektron ərizə qəbulu 2019-cu il iyunun 13-dən başlayıb.  

İxtisasların uyğunluğu, yəni subbakalavrın bitirdiyi ixtisasdan asılı olaraq seçə biləcəyi ali təhsil müəssisələrinin ixtisaslarının siyahısı, müsabiqə şərtləri və digər zəruri məlumatlar “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc olunub.

Subbakalavrlar xarici dil fənni üzrə əlavə tələblər qoyulan ixtisasları seçə bilməzlər.  Xüsusi qabiliyyət tələb edən ixtisasları yalnız bu ixtisaslar üzrə qabiliyyət imtahanlarında iştirak edən və müvafiq müsabiqə şərtlərini subbakalavrlar seçə bilərlər.

İxtisas seçimi başa çatdıqdan sonra ali təhsil müəssisələrinin ixtisaslarının qəbul planı və dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu çərçivəsində əvvəlcə abituriyentlərin, bundan sonra isə subbakalavrların müsabiqə əsasında yerləşdirilməsi aparılır. Yerləşdirilmə elektron ixtisas seçimi ərizəsində qeyd olunan ixtisasların ardıcıllığı nəzərə alınmaqla həyata keçirilir.

Eyni bir yerə iddia edən iki və daha artıq subbakalavrı fərqləndirmək məqsədilə aşağıda qeyd edilən ardıcıllıqla əlavə göstəricilərdən istifadə edilir:

1. Orta ixtisas təhsili pilləsi üzrə ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG),

2. Tam orta təhsil haqqında sənədə (attestata) tədris dili, ədəbiyyat, xarici dil, riyaziyyat, Azərbaycan tarixi, ümumi tarix, fizika,kimya, biologiya, coğrafiya fənləri üzrə yazılmış yekun qiymətlərin ədədi ortası (AYQƏO).

Cari ildə qəbul imtahanında iştirak etmiş subbakalavr öz istəyindən asılı olaraq, həm imtahanda topladığı bal ilə ümumi qaydada, həm də qəbul imtahanlarında iştirak etmədən orta ixtisas təhsili səviyyəsində bitirdiyi ixtisasa uyğun ali təhsil pilləsinin ixtisasları üzrə keçirilən müsabiqədə iştirak edə bilər. Bunun üçün həmin şəxs qəbul olmaq istədiyi ixtisasların kodlarını “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidir.

Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi ali təhsil müəssisələrinə yerləşdirmə başa çatdıqdan sonra aparılacaq.