XƏBƏRLƏR

17.07.2019 13:35
İxtisas seçimi zamanı bu məqamlara diqqət edin - İmtahandan “keçənlər”in nəzərinə  

Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi davam edir.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, ixtisas seçimi iyulun 22-dək aparılacaq.

Müsabiqə şərtini ödəyən namizədlər bu müddətdə elektron ərizələrinə daxil olaraq baza ali tibb təhsili üzrə uyğun ixtisasları  “Rezidentura” jurnalının 3-cü nömrəsində dərc olunmuş “Rezidenturaya qəbul aparılan ixtisaslar” bölümündən seçib təsdiq etməlidirlər.

AzEdu.az rezident olmaq istəyənlər üçün ixtisas seçimində diqqət ediləcək məqamları təqdim edir:

İxtisas seçmək istəyən namizəd öncə eservices.dim.gov.az/erizerez/ixtisas1 internet səhifəsinə daxil olmalı, şəxsi kabinetinin istifadəçi adını (FİN) və parolunu müvafiq sahələrə daxil edib “Daxil ol” düyməsini basmalıdır.

Daha sonra seçdiyi ixtisasların kodlarını elektron ərizəsində ixtisas seçimi formasının müvafiq sahələrinə daxil etməlidir. İxtisas kodlarının sayı və ardıcıllığını namizəd özü müəyyənləşdirir.

Müsabiqə zamanı namizədin seçdiyi ixtisas kodlarının ərizədəki ardıcıllığı əsas götürülür və o, müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.

Seçilmiş ixtisaslar aşağıdakı tələbləri ödəməlidir:

– İxtisas kodları namizədin baza ali tibb təhsili istiqamətinə, yəni bakalavr fakültəsinə uyğun olmalıdır.

– İxtisas kodları elan olunmuş ixtisaslar siyahısından seçilməlidir. Bu tələbləri ödəməyən ixtisas kodları nəzərə alınmayacaq.

Namizəd ərizəni doldurduqdan sonra daxil edilmiş məlumatların düzgünlüyü və tam olmasını yoxladıqdan sonra “Bəyannamə”ni oxumalıdır. Nəhayət “Ərizəni yadda saxla” düyməsini basmalıdır.

Proqram səhvlər barədə məlumat verdikdə namizədə müvafiq düzəlişlər aparmaq imkanı verilir. Heç bir səhv aşkar edilmədikdə isə ekranda “Ərizəni təsdiq et” düyməsi aktivləşir.

Namizəd “Ərizəni təsdiq et” düyməsini basaraq ixtisas seçimini təsdiq edir və ekranda ixtisas seçiminin təsdiqi barədə məlumat görünür.

Təsdiqlənmiş ərizənin surətini çap etmək üçün “Çap et” düyməsini basmaq lazımdır.

Namizəd ərizəni yadda saxladıqdan sonra ona dəyişiklik edə bilər, amma təsdiqdən sonra ərizəyə dəyişiklik mümkün deyil. Bunun üçün yalnız DİM-in müvafiq filialına yaxınlaşmaq, ərizə ilə müraciət etmək lazımdır.

Qeyd edək ki, dövlət sifarişi əsasında rezidentura təhsili almış şəxslər rezidenturanı bitirdikdən sonra (hərbi tibb fakultəsini bitirənlər istisna olmaqla) 3  il müddətində Səhiyyə Nazirliyinin göndərişinə əsasən dövlət səhiyyə müəssisələrində çalışmalıdırlar.

Lamiyə Süleymanlı Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu