Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-16 12:16:52
Təmayül sinifləri üzrə təsdiqlənən tədris planı – Dərs bölgüləri, tədris qaydaları   

Təhsil naziri Ceyhun Bayramov tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkil olunduğu ümumi təhsil müəssisələrinin 2019-2020-ci dərs ili üçün tədris planlarının təsdiqi haqqında əmr imzalayıb.

Əmrə əsasən 2019-2020-ci dərs ilində tam orta təhsilin təmayüllər üzrə təşkil olunduğu ümumi təhsil müəssisələrinin X-XI sinifləri üçün tədris planları və “Tədris planlarına dair qeydlər” təsdiq edilib.

AzEdu.az xəbər verir ki, təmayül sinifləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilən “Ümumtəhsil məktəbinin Nümunəvi  Nizamnaməsi”nin 2.6-cı bəndinə uyğun olaraq tənzimlənir.

Nizamnaməyə əsasən, təmayül siniflər şagirdlərin sayı ən azı 15 nəfər olmaqla komplektləşdirilir.

Şagird sayı 15 və daha çox olan siniflər aşağıdakı fənlərin tədrisində 2 qrupa bölünür:

-Tədris rus dilində aparılan siniflərdə “Azərbaycan dili - dövlət dili kimi”.

-Tədris dilindən asılı olmayaraq “Xarici dil”, “İkinci xarici dil”, “Fiziki tərbiyə”.

Fənn müəllimlərinin rəyi, şagirdlərin fənlər üzrə təlim nailiyyətləri və onların meyil-maraqları, buraxılış imtahanlarının nəticələri, valideynlərin razılığı nəzərə alınmaqla təmayül siniflərinin ilkin komplektləşdirilməsi iyun ayının sonunadək başa çatdırılır.

Şagirdlərin hazırlıq səviyyəsinə görə, zəruri ehtiyac olduğu halda, məktəb Pedaqoji Şurasının qərarına əsasən, təmayül fənlərindən hər hansı birinə digər bir təmayül fənni hesabına 1 saat artıq vaxt verilə bilər:

-“Texniki” təmayül üzrə “Riyaziyyat”, “Fizika” və “Kimya”;

-“Riyaziyyat-iqtisadiyyat” təmayülü üzrə “Riyaziyyat”, “Coğrafiya” və “Azərbaycan tarixi”;  

-“Humanitar” təmayül üzrə “Azərbaycan dili”, “Xarici dil”, “Azərbaycan tarixi” və “Ümumi tarix”;

-“Təbiət” təmayülü üzrə “Biologiya”, “Kimya” və “Fizika” fənləri.

Müəyyən olunmuş təmayüllər üzrə tədris planlarında dərsdənkənar məşğələlərə ayrılmış 2 saatdan 1 saatı bütün şagirdlər cəlb olunmaqla “Nitq mədəniyyəti”, digər 1 saatı isə “İqtisadiyyatın əsasları” fakültativ kursunun tədrisinə ayrılır.

Bütün təmayüllər üzrə siniflərdə təsdiq edilmiş cədvəl əsasında “Nitq mədəniyyəti” fakültativ kursu; “texniki”, “humanitar”, “təbiət”, “texniki və təbiət” təmayüllü siniflərdə “İqtisadiyyatın əsasları” fakültativ kursu dərsdənkənar vaxtlarda; “riyaziyyat-iqtisadiyyat”, “texniki və riyaziyyat-iqtisadiyyat”, “humanitar və riyaziyyat-iqtisadiyyat” təmayüllü siniflərdə “İqtisadiyyatın əsasları” fakültativ kursu isə dərs cədvəlinə salınmaqla tədris olunur.

“Nitq mədəniyyəti” və “İqtisadiyyatın əsasları” fakültativ kursları Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş proqram əsasında tədris edilir.

Qeyd edək ki, “Nitq mədəniyyəti” fakültativ kursu tədris Azərbaycan dilində olan siniflərdə Azərbaycan dili və ədəbiyyat, tədris rus dilində olan siniflərdə rus dili və ədəbiyyat müəllimləri, “İqtisadiyyatın əsasları” fakültativ kursu isə coğrafiya müəllimləri tərəfindən tədris olunur.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları