Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-12 11:26:27
Kənd müəllimi - “Şagirdlərimə “müəlliminiz ölübmü?!” sualını verəndə çox əsəbiləşdilər və ...” - MÜSAHİBƏ  

“Əsas məqsədim uşaqların bezməməsi, istəyərək öyrənməsi, gələn dərsi səbirsizliklə gözləməsidir. Bunun üçün müxtəlif üsullardan istifadə edirəm. İlk olaraq, dərsi qarşılıqlı söhbət formasında təşkil edirəm. Bəzən, tərbiyəvi hekayələr oxuyub,  bəzən də  məntiqi suallar üzərində işləyirik. Bundan əlavə, uşaqların bir sıxıntısının olub-olmamasını soruşuram”- Gənc müəllim

“Dünyada hər şeyə dəyər vermək mümkündür, lakin müəllimin əməyinə əsla dəyər verilə bilməz”(Sokrat)

AzEdu.az-ın ucqar kənd müəllimləri ilə silsilə müsahibələri davam edir. Budəfəki həmsöhbətimiz Ağstafa rayonu,  Vurğun qəsəbəsi,  Habil Əzizov adına tam orta məktəbin fizika müəllimi Şahin Hüseynovdur.

Gənc müəllimin öz dilindən DOSYE:

Mən, Şahin Hüseynov Azərbaycan Dövlət Pedaqoji Universitetində bakalavr,  Bakı Dövlət Universitetində isə  magistratura səviyyələri üzrə təhsilimi bitirdikdən sonra orta  məktəbdə müəllim işləmək qərarına gəldim.

Əslində, magistraturanı bitirdikdən sonra universitetdə də qala bilərdim. Amma vaxt itirmək istəmədim. Məncə, elm arxasınca getmək üçün ali məktəbdə qalmaq vacib deyil. Elə burda da internet vasitəsilə də elm və inkişafı təqib etmək və elmi institutlarla əməkdaşlıq etmək mümkündür. Bundan əlavə, zamanda bölgələrdə müəllimə daha çox ehtiyac var.

“Düzü, imtahan üçün xüsusi hazırlığım olmadı. Bir-iki testə, kurikuluma aid suallara baxdım, vəssalam”

Şahin müəllim ilk olaraq müəllimlərin işə qəbulu  müsabiqəsi barəsində danışır:

“Bir müəllim kimi MİQ müsabiqəsini yüksək qiymətləndirirəm. Məncə, imtahan olmadan işə kimin layiq olduğunu müəyyən etmək mümkün deyil. Xüsusilə, müsahibə mərhələsində müəllim olmaq istəyən şəxsin bu peşəyə nə dərəcədə uyğun olması daha aydın bilinir.

MİQ-də ilk dəfə 2012-ci ildə iştirak edib, 27 bal topladım. Nəticədə, 6 il Ağstafa rayonu Zəlimxan kənd məktəbində dərs dedim.

Sonuncu dəfə isə 2018-ci ildə müsabiqədə iştirak edib, 58 ballıq  nəticə göstərdim.  2018-2019-cu tədris ilindən etibarən, Ağstafa rayonu, Vurğun qəsəbəsi Habil Əliyev adına tam orta məktəbdə Fizika müəllimi işləyirəm.

Düzü, imtahan üçün xüsusi hazırlığım olmadı. Bir-iki testə, kurikuluma aid  suallara baxdım, vəssalam. Nəticəmdə 6 illik iş təcrübəmin də rolu oldu. Açığı, ilk imtahana elə də hazırlaşmamışdım.

Rayon, qəsəbə və ya  kənd  məktəbində çalışmaq istəyirdim. Topladığım bala  uyğun qəsəbə məktəbində işə başladım. Burda  işləməyi sevirəm. Havası təmiz, insanları mehriban və qonaqpərvər olurlar. Ağstafada  doğulub-böyümüşəm. Bakıda yaşamaq məni cəlb etmir”.

 “Kişi müəllimlərin az olması vəziyyəti çətinləşdirir”

Müsahibimiz məktəbdə rastlaşdığı çətinliklərdən də danışdı:

“Hər nə qədər düzgün anlaşılmasa da, müasir dövrün tələblərinə görə kurikulum sisteminə bir növ məcburuq. Onun düzgün tətbiqi üçün isə müəllimlərin üzərinə böyük yük düşür. Öncə, müəllimin düşüncəsi, dərsi tədrisetmə  tərzi dəyişməlidir.   Məncə, əsas olan şagirdlə düzgün ünsiyyət qurmaqdır. Müəllim  səmimiyyət və düzgün  ünsiyyətlə hər şeyi yoluna qoya bilər.

Şəxsiyyət yetişdirmək üçün şagirdə şəxsiyyət kimi yanaşmaq lazımdır.  Bunun üçün ilk növbədə müəllim şagirdi yoldaşlarının yanında gözdən salıb, onu  sıxışdırmamalıdır. Ona ilk növbədə özü nümunə olmalıdır. Qızların nümunə götürəcəkləri qadın müəllimlərin sayı kifayət qədər çox olsa da, oğlanlar üçün vəziyyət eyni deyil. Bu baxımdan məktəbdə kişi müəllimlərin az olması vəziyyəti çətinləşdirir

Bu gün təəssüf ki, məktəblərlə bağlı belə bir yanaşma  hökm sürür. Bir məktəbdə baş verən hər hansı mənfi hal bütün məktəblərə şamil edilir”.

“…şagirdlərimə “müəlliminiz ölübmü?”- sualını verdi”

Sonda Şahin müəllim başına gələn maraqlı bir hadisəni də bizimlə bölüşdü:

“Bu gün istənilən Azərbaycan məktəblərində kifayət qədər zehnli şagird var. Onların içərisində olimpiada qalibi potensiallıları da az deyil. Lakin belə şagirdlərlə  onlarla məşğul olacaq, bu istiqamətdə bütün biliyini bacarığını fəda edəcək müəllim sayı çox azdır.

Tədris etdiyim fizika əksəriyyət üçün çətin olsa da, bu, yanlış fikirdir. Çünki düzgün izah edilərsə,  hər kəsin başa düşəcəyi bir fəndir.  Məncə, əsas olan şagirdlə düzgün ünsiyyət qurmaqdır, Uşaqların diqqətini cəlb etmək, onlarda fizikaya  maraq yaratmaq üçün əlimdən gələni əsirgəmirəm. Uşaqlar nəzəri dərslərdən daha çox praktika ilə maraqlanırlar. Bu baxımdan dərsi maraqlı etmək üçün  bəzən top, sapand, fantastik hekayələr, çətir s.-dən istifadə etdiyim olur.  Hətta avtomobil servisindən mühərrik kimi materialları dərsə gətirib, onun işləmə prinsipini həm nəzəri, həm də praktiki cəhətdən izah etdiyim də olub.

 Əsas məqsədim uşaqların dərsdən bezməməsi, istəyərək öyrənməsi, gələn dərsi səbirsizliklə gözləməsidir. Bunun üçün müxtəlif üsullardan istifadə edirəm. İlk olaraq, dərsi ilk  qarşılıqlı söhbət formasında təşkil edirəm. Bəzən tərbiyəvi hekayələr oxuyur,  bəzənsə  məntiqi suallar üzərində işləyirik. Bundan əlavə, uşaqların bir sıxıntısının olub-olmamasını soruşuram.

Məncə, müəllim ilk olaraq insan olmalıdır. Gözü tox, qəlbi təmiz, səliqəli, dürüst, təbii, düşüncəli, əliaçıq, zarafatcıl, gülərüz kimi örnək götürüləcək  xüsusiyyətləri özündə formalaşdırılmalıdır. Şagirdin yalan danışdığını bilsə də özünü səbrlə apararaq ona səhvini təmkinlə izah etməlidir..

 Şagirdlərimi bir dəfə yarışa aparmışdım. Demək olar ki, bütün məktəblərdən komandalar vardı və hər komanda öz müəllimi ilə yarışa gəlmişdi. Biz zala daxil olanda  başqa bir qrupun müəllimi şagirdlərimə “müəlliminiz ölübmü?” sualını verdi. Bu sual uşaqları əsəbiləşdirsə də məni sevindirmişdi. Kim cavan görünmək istəməz ki?! Bu hadisə olanda 26 yaşım olsa da, həmin müəllim məni şagird bilmişdi”.

Rəna NƏBİ