Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-11 17:58:08
AMEA akademikləri vacib xəstəliklə mübarizə metodunu müzakirə etdilər  

Onkoloji xəstəliklərdə genetik, epigenetik, ətraf mühit, oksidativ stres və digər amillər mühüm rol oynayır

AzEdu.az xəbər verir ki, iyulun 11-də AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Biologiya və Tibb Elmləri Bölməsinin Ümumi yığıncağı keçirilib.

Tədbirdə AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova, bölmənin akademik-katibi, akademik Əhliman Əmiraslanov, bölmə və büronun üzvləri, bölmə üzrə elmi müəssisələrin rəhbərləri, aidiyyəti üzrə əməkdaşlar, bölmə üzrə AMEA-nın professorları, Azərbaycan Tibb Universitetinin müvafiq profilli həkim alimləri iştirak ediblər.

İlk olaraq AMEA-nın Biofizika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımov "Ağ ciyər karsinoması və neyrodegenerativ amiloid xəstəliklərinin multidissiplinar tədqiqi: nəticələr, proqnozlar və gələcək istiqamətlər" mövzusunda elmi məruzə ilə çıxış edib. Alim onkoloji və neyrodegenerativ xəstəliklərin tədqiqinin müasir biotibbin prioritet istiqamətlərindən olduğunu bildirib.

Qeyd edib ki, bu xəstəliklərdə genetik, epigenetik, ətraf mühit, oksidativ stres və digər amillər mühüm rol oynayır, bu multi-faktorlu xəstəliklərin yaratdığı problemlərin araşdırılması və onların həllində innovativ, multidissiplinar yanaşmaların tətbiqi zəruridir.

Məruzədə bu istiqamətdə aparılan tədqiqat işlərindən danışılıb, əldə olunan nəticələr və nailiyyətlər diqqətə çatdırılıb. Müzakirə aparıldıqdan və suallar cavablandırıldıqdan sonra bölmə məruzənin dinlənilməsi üçün Rəyasət Heyətinə təqdim olunmasını qərara alıb.

Sonra elmi-təşkilati məsələlərə baxılıb. Bölmənin qərarı ilə AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Elmi şurasının tərkibində qismən dəyişiklik edilib.
Sonda bir sıra kadr məsələlərinə baxılıb.

Şükufə Süleymanlı