Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-11 15:34:57
MİQ müsabiqəsinin Rus dili üzrə Respublika birincisi: “Suallar dəhşətli səviyyədə çətin deyildi, amma...”

 

“Müəllim şagirdlərə məhəbbətlə yanaşmalı, onlarla dost olmalıdır. Əks təqdirdə, o, şagirdlərə öyrənməyi həvəsləndirə bilməz”

Bu sözlər müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində rus dili fənni üzrə respublikada ən yüksək nəticə göstərən -55 bal- Həyat Əliyevaya məxsusdur.

Həyat  Əliyeva iyulun 10-da keçirilən test imtahanından uğurla keçərək, 55 bal toplayıb. O, 1994-cü ildə Bakı Slavyan Universitetinin Rus dili və ədəbiyyat müəllimliyi ixtisasını bitirib.

AzEdu.az Həyat Əliyevanın  müsabiqə barəsində təəssüratlarını təqdim edir:

“MİQ müsabiqəsinin test mərhələsinə salınan sualların çətinlik səviyyəsi normal idi. Amma öncəki illərə nisbətən kurikulumdan təqdim edilən test nümunələri daha çətin oldu. Düşünürəm ki, bu da təbiidir. Amma kurikulumdan təqdim edilən test nümunələri oxuduğumuz kitablardan salınmamışdı. Yəni əsasən kurikulumdan salınan suallar tətbiqi idi.

Əslində, bu da çox yaxşıdır. Ümumiyyətlə, müsabiqənin test mərhələsində salınan suallar dəhşətli səviyyədə çətin deyildi. Həmçinin, məntiqdən salınan suallar da normal səviyyədə oldu. Amma bəzi müəllim namizədlər imtahanda salınan sualların çətin olmasını da bildirirlər. Lakin ixtisas fənnindən salınan suallar çətin deyildi”. 

Hədəfim maksimum nəticə əldə etmək olsa da, 55 bal topladım. Onu da bildirim ki, suallarda mexaniki səhvlər etmişdim. Yəni, həmin sualların düzgün cavabını bilirdim”.

“Hər bir müəllim şagirdlərini tanımalı, onlarda olan gizli istedadı kəşf edə bilməlidir”

“Müəllimlərin işə qəbulu müsabiqəsi gənclərin seçim şansını artırır, bunun bir çox üstün tərəfini qeyd etmək olar. Fikrimcə, ən önəmli cəhətlərindən biri müsabiqə nəticəsində potensiallı və savadlı kadrların  aşkarlanmasıdır. Həmçinin, müəllimlərin işə qəbulu müsabiqəsi tam şəkildə obyektiv keçirilir. Sadəcə, imtahandan sonra düzgün və ya səhv cavablarımızı görmək istərdik. Məhz bu da bütün müəllim namizədlərin arzusudur.  Onu da bildirim ki, müəllimlərin diaqnostik qiymətləndirilməsində də iştirak etmişəm. Amma bu dəfə MİQ müsabiqəsində iştirak edərək biliyimi yoxlamaq istədim.

Müəllim namizədlərinə tövsiyəm odur ki, test işləyərək dərs öyrənməsinlər. Əgər qismət olarsa, Bakı məktəblərin birində müəllim kimi fəaliyyət göstərmək istəyirəm.

 Düşünürəm ki, peşəkar müəllim ilk növbədə öz işini sevməlidir. Həmçinin, müəllim şagirdlərə məhəbbətlə yanaşmalı, onlarla dost olmalıdır. Əks təqdirdə, müəllim şagirdlərə öyrənməyi həvəsləndirə bilməz. Əsl müəllim öz qabiliyyəti, davranışı, danışıq tərzi ilə şagirdlərə yaxşı mənada nümunə olmalıdır. Ümumiyyətlə, hər bir müəllim şagirdlərini tanımalı, onlarda olan gizli istedadı kəşf edə bilməlidir.

Müəllim namizədlərin biliyi şəffaf formada qiymətləndirildiyi üçün MİQ-ə münasibətim yaxşıdır. Ümumiyyətlə, Təhsil Nazirliyinin gördüyü işlər təqdirəlayiqdir” ,-deyə Həyat müəllim müsabiqə ilə bağlı təəssüratlarını sonlandırır.

Qeyd edək ki, iyulun 8-də Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanlarına start verilib. İmtahanın ilk günü alman dili və tarix müəllimi olmaq istəyən namizədlər iştirak ediblər.

Günel Yaşarqızı
Müəllifin digər yazıları