Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-11 11:54:50
İnternat məktəblərində ştat cədvəlləri necə tərtib olunur?- Fərqlər və istisnalar  

İnternat tipli ümumtəhsil müəssisələri barədə tez–tez eşidirik. Ümumtəhsil internat məktəbləri aztəminatlı, zəruri sosial-məişət şəraiti olmayan ailələrdən qəbul edilmiş, valideyn himayəsindən məhrum, sağlamlığının bərpasına ehtiyacı olan uşaq və yeniyetmələr üçün nəzərdə tutulmuş təhsil müəssisələridir.

Bəs, internat tipli ümumtəhsil müəssisəsinin ştat cədvəli nəyə əsasən tərtib olunur? Oradakı ştat vahidləri digər məktəblərdən nə ilə fərqlənir?

AzEdu.az xəbər verir ki, internat tipli təhsil müəssisələrində çalışacaq işçilərin siyahısı “İnternat məktəblərinin, internat tipli liseylərin və gimnaziyaların rəhbər işçilərinin, inzibati-təsərrüfat, tədris-köməkçi və xidmətedici heyətinin nümunəvi ştatları”nda öz əksini tapıb.

Sənədə görə, internat tipli təhsil müəssisələrindəki ştatlar digər məktəblərdən əsasən sayı və məzmunu ilə fərqlənir. İnternat məktəblərində tərbiyəçi ştatının sayı aşağıdakı kimi müəyyən olunur:

Ştat cədvəlinə əsasən, I-IX siniflər üzrə internat tipli təhsil müəssisəsində tərbiyə olunan kontingentdən ibarət qrupa 2, tərbiyə olunan, lakin internatda qalmayan kontingentdən ibarət hər qrupa isə 1 tərbiyəçi düşür.

X-XI siniflər üzrə tərbiyə olunanların hər qrupuna 1 tərbiyəçi kifayət edir.

İki dildə dərs keçirilən internat tipli təhsil müəssisələrində direktorun tədris işləri üzrə əlavə müavini vəzifəsi müəyyən edilir.

Sanatoriya tipli internat məktəblərində tərbiyə olunan hər 100 uşağa bir həkim və iki tibb bacısı ştatı mövcuddur.

Süpürülən hər 500 kv.m sahəyə bir xadimə təyin edilir. Bundan başqa, hər 4 ibtidai sinfə 1 xadimə ayrılır.

Müəssisədə camaşırxana olmadıqda ştat cədvəlinə paltaryuyan vəzifəsi əlavə edilir.

İnternat məktəblərində hər yataq korpusuna 2 gecə dayəsi ayrılır. Bundan əlavə, yataqxanası 150 nəfərlikdən artıq olan internat məktəblərində hər 150 uşağa 2 gecə dayəsi mütləq qəbul olunub.

Yük avtomaşını və ya avtobusu olan internat məktəblərində sürücü ştatı ayrılır.

Təhsil müəssisəsinin qorunması mühafizə dəstəsi tərəfindən həyata keçirilmədiyi halda, istirahət və bayram günləri də daxil olmaqla, ştat cədvəlinə 2 gözətçi vəzifəsi daxil edilir.

İncəsənət təmayüllü internat məktəblərində musiqi alətlərinin sazlayıcısı ştatı nəzərdə tutulub.

1 hektar həyətyanı sahə üçün 1 dalandar ayrılmalıdır.

Bundan əlavə, belə təhsil müəssisələrində sinif komplektlərinin sayından asılı olmayaraq, hərbi rəhbər vəzifəsi müəyyən edilir.

Nəzərdə tutulan ştat vahidlərinin sayı I-IX siniflərdə 20, X-XI siniflərdə isə 15 nəfərədək şagirdin olmasını tələb edir.

Qeyd edək ki, internat tipli təhsil müəssisələrində ştat vahidlərinin sayı ildə 1 dəfə - sentyabrda müəyyənləşir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları