Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-11 10:08:00
Sosial mediadakı “sosiallıq” özü də şübhə altındadır  

Gündən-günə qloballaşan dünyada sosial medianın rolu və gücü getdikcə artır. Bəs onun müsbət və mənfi cəhətləri nələrdir? Ümumiyyətlə, sosial media hansı təsirləri var? Bu barədə sosial media nəzəriyyəsi araşdırmaçılarından olan Nurlan Ağa ilə qısa söhbət apardıq.

Sosial media niyə bizim həyatımıza bu qədər müdaxilə edir ?

-Sosial media zamanın və mühit dəyişiminin tələbi olaraq ortaya çıxıb. Əslində ilk vaxtlarda bu tam qəbul olunmamışdı, məsələn, sixdegrees.com kimi sosial şəbəkədə insanlar tanımadıqları ilə əlaqə saxlamağa meyilli deyildilər, amma zaman keçdikcə sosial medianın psixoloji təsirləri gücləndi və hədəflənmiş siyasət öz yerini tapdı: virtuallıq, onlayn münasibətlər sistemi formalaşmağa başladı. Bu gün sosial media hesabları insanların və şirkətlərin vizit kartı rolunu oynayır. Artıq kimisə tanımaq üçün onun sosial media hesabında bir az gəzişmək kifayət edir. Ona görə də bu işə ciddi yanaşanlar sosial media hesablarını daim siyasətlə qururlar.

Sosial media ictimai fikrin formalaşmasına necə təsir edir ?

-Əslində sosial mediadakı “sosiallıq” özü də şübhə altındadır. Bir məkanda kiminsə pulu var deyə onun paylaşımları daha çox, digərininki isə daha az görünürsə, burada hansı sosiallıq və ya bərabərlikdən söhbət gedə bilər? Lakin bununla yanaşı, müasir dövrdə gedən proseslər sosial medianın fonunda öz yaranma, inkişaf və nəticəsini tapır. Aydın şəkildə görmək olar ki, bir sıra sosial, siyasi, iqtisadi, mədəni və sair məsələlər məhz sosial şəbəkələrdə kütləvi hala gətirildikdən sonra onlara dövlət tərəfindən adekvat cavab verilir.

Sosial media real ünsiyyətin zəifləməsinə gətirib çıxarır. Bu məsələ ilə bağlı nə düşünürsən?

-Burada da belə bir paradoksal vəziyyət özünü göstərir ki, sosial media vasitəsilə bir insan eyni anda bütün dünya ilə əlaqə saxlaya bildiyi halda, öz kompüterinin və ya telefonunun arxasında təkdir... Bu çoxluqla təkliyin qarşıdurması insan psixologiyasında da çöküntülərə və real münasibətlərin virtual münasibətlərə keçidinə gətirib çıxarır. Artıq "klaviatura qəhrəmanları" məfhumu leksikada da öz yer tapmağa başlayıb. Bu anlayışla Türkiyədə eyni adda real münasibətlərin sıradan çıxıb virtual münasibətlərə keçidi yumoristik şəkildə əks etdirən serial belə çəkilib. Tədqiqatçıların fikrincə, bu virtuallıq get-gedə daha da qloballaşacaq və biz növbəti həyat tərzimizi "Matrix"də davam etdirəcəyik.

Sən həm də BDU-nun Jurnalistika fakültəsinin tələbəsisən. Jurnalistika və sosial media arasındakı münasibət barədə nə deyə bilərsən?

-Jurnalistika və sosial medianın birbaşa olaraq ortaq yönləri gözdənqaçılmazdır. Çünki hər ikisi sosial olana - cəmiyyətə xidmət edir. Amma ortada böyük bir fərqlə: biri peşəkarcasına (təbii ki, istisnalar nəzərə alınaraq), digəri isə bütün "rəngləri" ilə. İnternetin jurnalistikaya təsiri və ya internet KİV terminini sosial media ilə qarışdırmaq olmaz. İnternet infrastrukturlu jurnalistika onlayn jurnalistikadır, sosial media isə fərqlidir. Onlayn jurnalistikada peşəkarlıq standartları varsa, sosial mediada bu yoxdur.

Müxtəlif sosial platformalar həm vətəndaş jurnalistikasının inkişafına yol açır, həm də müəyyən məqamlarda "cəmiyyətin güzgüsü" statusuna xələl gətirir...

-Peşəkar jurnalistika, ali jurnalistika təhsili və sosial media, vətəndaş jurnalistikası paradoksallığı ilə bağlı Aynur Bəşirli çıxışlarının birində öz narahatlığını ifadə edib demişdi ki, vətəndaş jurnalistikası ictimai xidməti yerinə yetirirsə, o zaman jurnalistlərə, peşəkar jurnalistikaya, jurnalistika təhsilinə nə ehtiyac var? Təbii ki, bu bir ritorik sual idi. Publisist Xoçbraytın belə bir ifadəsi var: "Sizə bir yaxşı, bir də pis xəbərim var: yaxşı xəbər budur ki, internetdə hər şey var, pis xəbər isə budur ki, internetdə hər şey var". Bu təsvir mənə görə, internet dünyasının müsbət və mənfi cəhətlərini özündə birləşdirən ən uğurlu yanaşmadır.

Sosial medianın gələcəyi ilə bağlı nə düşünürsən?

-Sosial media inkişaf edəcək, yəni qətiyyən ona həvəsin öləcəyini, insanların uzaqlaşacağını düşünmək olmaz. Forma, kontent dəyişə bilər, amma məqsəd və ideya yerində qalacaq. Elm deyir ki, hazırda veb 2 texnologiyası dövründə yaşayırıqsa, bunun veb 3, veb 4 və veb 5 texnologiyası dövrləri olacaq, hətta veb 5 dövründə biz texnologiyanı əynimizə də geyə biləcəyik. Bu da sizə sosial medianın gələcəyini təsəvvür etmək üçün kifayət qədər əsaslı sübutlardan birini ifadə edə bilər.

Tağı Həsənov
BDU Jurnalistika fakültəsi, III kurs