Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-10 17:24:57
Serbiyanın ən böyük universitetində Azərbaycan dili tədris olunacaq  

Azərbaycan dili Serbiyanın ən böyük və qədim ali təhsil ocağı olan Belqrad Universitetində tədris olunacaq. Bu barədə Serbiyanın aparıcı mətbu orqanları məlumat yayıb. Həmin məlumatlarda qeyd olunub ki, Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, Xalq yazıçısı, akademik Kamal Abdullanın başçılıq etdiyi nümayəndə heyəti iyunun 17-də Belqrad Universitetinin rəhbərliyi ilə görüşlər keçirib.

ADU-dan AzEdu.az-a bildirilib ki, həmin görüşlərdə Azərbaycan alimlərinin iştirakı ilə müştərək elmi layihələrin hazırlanması, professor-müəllim heyəti üzvlərinin qarşılıqlı səfərləri barədə məsələlər müzakirə edilib. Görüşlərdə qeyd olunub ki, bir müddət əvvəl Belqrad Universitetində Azərbaycan dilinin tədris olunması barədə müzakirələr aparılıb. Həmin müzakirələrin nəticəsi olaraq Azərbaycan dilinin bu universitetdə öyrənilməsi ilə bağlı razılıq əldə olunub. 2019-2020-ci tədris ilindən başlayaraq Belqrad Universitetinin filologiya fakültəsində tələbələrə tədris olunacaq Azərbaycan dili 200 ildən çox tarixi olan nüfuzlu ali məktəbdə akkreditasiyadan keçib.

Azərbaycan dilini Serbiyada uzun müddət yaşayan professor Zərifə Əlizadə tədris edəcək.

Qeyd edək ki, Kamal Abdullanın təşəbbüsü və Azərbaycanın Serbiyadakı səfirliyinin birbaşa dəstəyi ilə 2018-ci il aprelin 26-da Belqrad Universitetinin filologiya fakültəsində Azərbaycan dili və mədəniyyəti mərkəzi açılıb. Mayın 21-də isə ADU-da Serb dili və mədəniyyəti mərkəzi istifadəyə verilib. Mərkəzin açılışında Serbiya Prezidenti Aleksandr Vuçiç iştirak edib. 2018-2019-cu tədris ilindən isə ADU-nun Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin tələbələri Serb dilini xarici dil kimi öyrənirlər.