Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-10 17:02:23
700 bal toplayanların sessiya nəticələri: “Əsas odur ki, təqaüdü qoruya bildim”-SORĞU  

Ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında 700 bal toplayan tələbələr daim ictimaiyyətin diqqət mərkəzində olur.

Bir çox mütəxəssisin fikrincə, 700 bal toplayanların heç də hamısı tələbə olandan sonra təhsilini yüksək nəticələrlə başa vura bilmir. Hətta, universiteti çox aşağı qiymətlərlə bitirənlər də olur.

Yay imtahan sessiyasının yeni başa çatmasını nəzərə alaraq, ötən il maksimal nəticə göstərən abituriyentlərlə imtahan nəticələri ilə bağlı əlaqə saxladıq.

Bakı Ali Neft Məktəbində Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə təhsil alan Vasif Əsədov bildirib ki, imtahanlar xəyalında canlandırdığından çox daha çətin olub:

“Çətinliyə baxmayaraq uğur qazana bildim. İngilis dilindən 92, İKT- dən 98 bal topladım. İkinci semestrdə də eyni nəticəni göstərdim və beləliklə, təqaüdümü qoruyub saxlaya bildim”.

Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin tələbəsi Elvin Kərimli də yay imtahan sessiyasını uğurla başa vurub:

“İngilis dilindən 100, Xarici ölkələrin hüquq tarixindən  100, Hüquqi yazı və tədqiqatlar fənni üzrə 98, İnsan hüquqları üzrə 98, Konstitusiya hüququ üzrə  96 bal topladım. Bütün imtahanlarımı uğurla başa vurdum”.

“ADA” Universitetinin Hüquq fakültəsinin tələbəsi Zeynəb Quluzadə  imtahanlarda göstərdiyi nəticə ilə Prezident təqaüdünü qoruyub saxlamağı bacarıb:

“Bildiyiniz kimi, “ADA” Universitetinə  qəbul olduğumuz ilk il ingilis dili proqramı üzrə təhsil alırıq. Bu ildən əsas təhsilə keçəcəyik. Sessiya imtahanlarını isə yaxşı verdim və qiymətlərim yüksək oldu”.

“ADA” Universitetinin Hüquq fakültəsinin tələbəsi Selcan Məmmədli ümumi nəticələrə əsasən, ilk 10-luğa düşüb:

“Ümumi “EAPP” üzrə ilk 10-luğa daxil oldum. Bütün il ərzində ümumi nəticəm 93 baldır”.

“ADA” Universitetinin Ümumi iqtisadiyyat fakültəsinin tələbəsi Jalə Rəcəbova da sessiya imtahanlarında yüksək nəticə ilə yadda qalıb:

“Təqaüdümü qorumağı bacardım. İmtahanlarda maksimum bal 4.00-dır. Mənim nəticəm isə 3.90 oldu. Fakültədə ən yüksək ortalaması olan 2 nəfərdən biriyəm”.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları