Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-10 14:55:00
Memarlıq və İnşaat Universitetinin 3 tələbəsi xaricdə oxuyacaq  

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 3 tələbəsi magistr təhsillərinin bir semestrini xaricdə alacaq.

AzMİU-dan AzEdu.az-a bildirilib ki, inşaat mühəndisliyi ixtisası üzrə təhsil alan 1-ci kurs magistr tələbələri Süleyman Qəmbərov və Amir Ələsgərov Portuqaliyanın Leiria Politexnik İnstitutunda, ekologiya mühəndisliyi ixtisası üzrə təhsil alan 1-ci kurs magistr tələbəsi Mədinə Nəbiyeva isə İspaniyanın Koruna Universitetində təhsillərini davam etdirəcəklər.

Adıçəkilən Avropa universitetləri ilə AzMİU arasında inşaat mühəndisliyi və ekologiya mühəndisliyi ixtisası üzrə magistratura pilləsində həyata keçirilən ikili diplom proqramı çərçivəsində gerçəkləşən bu layihəyə “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC maliyyə dəstəyi göstərəcək. Belə ki, təhsildə fərqlənən hər 3 tələbənin səfər, yaşayış və təhsil xərcləri şirkət tərəfindən ödəniləcək.

Bu məqsədlə iyulun 10-da sözügedən universitetlərdə təhsil alacaq tələbələrlə, “Akkord” şirkəti və AzMİU arasında üçtərəfli müqavilə imzalanıb. Mərasimdə AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova universitet ilə “Akkord” şirkəti arasında faydalı əməkdaşlığın olduğunu, şirkətin tələbələri uğurlu təcrübə keçməsinə böyük dəstək nümayiş etdirdiyini, universitetdə təhsilin keyfiyyətinin artırılmasına əlindən gələn yardımı göstərdiyini deyib. Rektor əməkdaşlığın nəticəsi olaraq şirkətin universitetin 3 tələbəsinin xaricdə təhsilini maliyyələşdirməsini sevindirici hal kimi dəyərləndirib, şirkətin rəhbərliyinə və təmsilçilərinə göstərdikləri xeyirxah təşəbbüs üçün minnətdarlığını bildirib. Rektor mütəxəssis hazırlığında digər şirkətlərin də belə gözəl təşəbbüslə çıxış etməsini arzulayıb. O, çıxışının sonunda magistr tələbələrə müvəffəqiyyətlər arzulayıb, onlara öz tövsiyələrini verib.

“Akkord” şirkətinin tikinti üzrə baş direktorunun müavini Anar Məmmədov təmsil etdiyi şirkətin fəaliyyət istiqamətlərindən danışaraq bildirib ki, şirkət xarici layihələrin işlənib hazırlanmasında dil bilikləri ilə yanaşı, tikinti sahəsini yaxşı bilən yüksək bacarıqlı kadr potensialına ehtiyac duyur. “Şirkətimiz ümumi işimiz üçün bu sahədə lazım olan savadlı mütəxəssislərin hazırlanmasında maraqlıdır. Ötən il 3 tələbənin xaricdə təhsil almasına maddi dəstək verdik, şirkət olaraq bu fəaliyyətimizi sonrakı illərdə də davam etdirəcəyik”.

Tədbirdə iştirak edən tələbələr, onların valideynləri yaradılan imkana görə “Akkord” şirkətinə və universitetin rəhbərliyinə təşəkkürlərini bildirib, göstərilən etimadı doğruldacaqlarını deyiblər.