Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-10 14:10:00
Beynəlxalq təhsil proqramları üzrə ali məktəblərə müsabiqədənkənar qəbul şərtləri açıqlandı

Dövlət İmtahan Mərkəzi (DİM) beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlərin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu şərtlərini açıqlayıb.

AzEdu.az-ın xəbərinə görə, beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları  (Beynəlxalq Bakalavriat Diplom Proqramı (IB Diploma Programme), Təhsil haqqında ümumi sertifikatın yüksək səviyyəsi (Advanced Level of General Certificate of Education), Yüksək yerləşdirmə (Advanced Placement)) üzrə təhsil almış abituriyentlər ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul oluna bilərlər.

Ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olmaq imkanına yalnız “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”na əsasən, Azərbaycan dili (dövlət dili kimi) fənnindən imtahan verərək “məqbul” qiymət alan abituriyentlər malikdirlər.

Ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmaq istəyən beynəlxalq təhsil proqramları üzrə təhsil almış abituriyentlər iyulun 17-dək sənədləri Dövlət İmtahan Mərkəzinə və ya onun regional bölmələrindən birinə təqdim etməlidirlər. Abituriyentlər beynəlxalq diplom üzrə nəticələrini (qiymətlərini) elektron formada da DİM-ə təqdim edirlər. Bunun üçün onlar sənədi verən beynəlxalq qurumun rəsmi saytında öz şəxsi hesabı və ya bitirdiyi məktəbin nümayəndəsinin hesabı vasitəsilə müvafiq bölməyə DİM-in institusional kodunu daxil etməklə nəticələrinin DİM-ə göndərilməsini təmin edirlər.

Ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olmaq üçün sənədlərini təqdim edən abituriyent iyulun 15-dən 30-dək DİM-ə və ya onun regional bölmələrinə müraciət edərək qəbul olunmaq istədiyi ixtisasın kodunu yazılı şəkildə bildirməlidir. Abituriyentlər yalnız tədrisi ingilis dilində aparılan ixtisasları seçə bilərlər.