XƏBƏRLƏR

10.07.2019 12:42
ABŞ-ın beş universitetinə qəbul olan BANM-in məzunu: Ən böyük arzum professor olmaqdır

Bakı Ali Neft Məktəbinin (BANM) Neft-qaz mühəndisliyi ixtisası üzrə yenicə məzun olmuş İlqar Bağışov BP-dən iş təklifi almağına baxmayaraq, təhsilini davam etdirməyə üstünlük verib və tam təqaüdlə magistraturaya qəbul olunduğu ABŞ-ın 5 universitetindən birini – Ostindəki Texas Universitetini seçib. O, həmçinin bu universitetdə yüksək maaşla professor köməkçisi olaraq çalışacaq.

İlqarın qəbul olunduğu digər ABŞ universitetləri bunlardır: Tulsa Universiteti (tam təqaüd), Vayominq Universiteti (tam təqaüd), Kolorado Qazma Məktəbi, Pensilvaniya Dövlət Universiteti.

İlqar Bağışovla müsahibəni təqdim edirik:

- BANM-də 5 illik bakalavr təhsilinin sizin üçün hansı faydaları olub?

- Bu təhsilin ən faydalı cəhəti təhsilin ingiliscə olması və ali məktəbdə yaradılmış rəqabətli mühit idi: bir-birimizlə yarışa girib daha yaxşı olmaqla inkişaf edirdik.

-Niyə BANM tələbələri məzun olmamış iş təklifi alırlar?

-BANM-də təhsil müasir dünya standartlarına cavab verir, ingilis dilində ən son yenilənmiş dərsliklərdən istifadə edirik, yaxşı müəllimlərdən dərs alırıq. Bundan əlavə, rəhbərliyin işə ciddi yanaşması və qurduğu strateji xətt nəticəsində yerli və beynəlxalq şirkətlərlə əməkdaşlıq yaradılıb, həmin şirkətlərin təcrübə proqramlarında, istehsalat təcrübələrində iştirak edirik. Məsələn, BP-nin təcrübə proqramında iştirak edib, yaxşı perfomans göstərdiyim üçün həmin şirkətdən iş təklifi almışdım.

- Sizi fasilə vermədən Amerikada magistratura dərəcəsi üzrə oxumağa nə vadar etdi?

-İnsanın ən enerjili vaxtı gənc yaşlarıdır, bu yaşı faydalı dəyərləndirmək istədim, mühəndislik sahəsində ABŞ-ın ən yaxşı universitetlərinə sənədlərimi yolladım, qəbul olundum, öz sahəsinin lideri olan Ostindəki Texas Universitetini seçdim.

- Necə oldu Ostindəki Texas Universitetinin professorundan iş təklifi aldınız?

-Bakıda eiLink (Education Industry Link) Tədqiqat və İnkişaf Mərkəzi üçün seçilmişdim, bir ildən çox orada ingiliscə tədqiqat işi üzərində işləyirdim, həmin layihə “Termodinamikanın modelləşdirilməsi” haqqında idi, sonra tədqiqat işini amerikalı alim Ryosuke Okunoya yollamışdım. R.Okuno işimi çox yüksək qiymətləndirdi və bildirdi ki, bakalavr pilləsində olan hər tələbə belə işləyə bilmir. Sonra o, mənə magistratura təhsilimi Amerikada davam etməyi və yüksək məvacib qarşılığında iş təklif elədi.

-Sizi digər BANM tələbələrindən nə fərqləndirir, qazandığınız uğurlara görə nəyə borclusunuz ?

-Əslində dərindən baxanda xüsusi fərqləndirəcək səbəb yoxdur. BANM-də təhsil səviyyəsi yüksəkdir, təhsil sistemi də tələbkardır, burada xeyli yaxşı tələbələr var. Sadəcə yaşıdlarımdan fərqli olaraq ingilisdilli tədqiqat işi aparmağa qərar verdim, bu, olduqca məsuliyyətli və ağır iş idi. Gecə-gündüz tədqiqat işinin üzərində çalışdım və bir ildən çox çəkdiyim zəhmətin bəhrəsini gördüm. Tezliklə həmin işi məqalə kimi dərc etdirməyi planlaşdırıram.

-Gələcək üçün hədəf və planlarınız nədir?

-Gələcək üçün əsas hədəfim Amerika təhsil sistemində özümü daha da inkişaf etdirib ölkəmə dönməkdir. Daha sonra BANM-də mühəndislik sahəsi üzrə tədqiqatlarımı davam etdirərək doktorluq dərəcəsinə yüksəlmək, ali məktəbdə bu sahəyə maraq yaratmaq və onu inkişaf etdirməkdir.

İlin gənc müəllimi-Müraciət formu