XƏBƏRLƏR

10.07.2019 10:27
Fərqlənmə attestatı alan Bakı məktəblilərinin sayı AÇIQLANDI

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin tam orta təhsil və ümumi orta təhsil səviyyələrini bitirən məzunlara fərqlənmə attestatları təqdim olunur.

AzEdu.az Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, qurumun tabeliyindəki ümumi təhsil məktəblərini ümumi orta təhsil səviyyəsi üzrə 877, tam orta təhsil səviyyəsi üzrə isə 556 nəfər fərqlənmə attestatı ilə bitirib.

Təhsil müəssisələrində məzunlara fərqlənmə attestatlarının təqdim olunması məqsədilə müvafiq tədbirlər keçirilir. Bu kimi tədbirlərin təşkil olunmasının əsas məqsədi daha yüksək nailiyyətləri olan məzunların nümunəsində şagirdləri gələcək uğurlara ruhlandırmaq, şagirdlərin təhsilə və məktəbə marağını daha da artırmaqdan ibarətdir.

Tədbirlərdə təhsil müəssisələrinin rəhbərliyi, müəllimlər, valideynlər və fərqlənən məzunlar iştirak edirlər.

Fərqlənmə attestatına layiq görülən məzunlara ünvanlanmış təbriklərdə onlara müstəqil Azərbaycanın layiqli vətəndaşı olmaq, bilik və zəhmətləri sayəsində nailiyyətlərini daha da artırmaq arzulanıb.

Qeyd edək ki, ümumi orta təhsil haqqında və tam orta təhsil haqqında fərqlənmə attestatları ümumi orta və ya tam orta təhsil səviyyəsində oxuduğu müddətdə nümunəvi davranışı ilə fərqlənən, bütün fənlərdən attestata yazılan illik (yekun) qiymətləri 5 (beş) olan, ümumi orta təhsil səviyyəsində buraxılış imtahanlarında hər bir fənn üzrə ən azı 75 (yetmiş beş) bal toplayan, tam orta təhsil səviyyəsində buraxılış imtahanlarında hər bir fənn üzrə 5 (beş) qiymət alan və ən azı 75 (yetmiş beş) bal toplayan məzunlara verilir.

Məzunlara ümumi orta təhsil haqqında və ya tam orta təhsil haqqında fərqlənmə attestatlarının verilməsi məsələsinə sinif rəhbərinin təqdimatı əsasında məktəbin Pedaqoji Şurasında baxılır və müvafiq qərar qəbul edilir.

İlin gənc müəllimi-Müraciət formu