Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-10 00:37:00
Kollec məzunları üçün şans

Təhsil naziri Ceyhun Bayramov kollec məzunlarının ali məktəblərə müsabiqədənkənar qəbul qərarının universitetlərə süni axınına səbəb olub-olmamasına aydınlıq gətirib.

AzEdu.az  xəbər verir ki, nazir İctimai Televiziyanın “Pressinq” layihəsində “Report” İnformasiya Agentliyinin baş redaktoru Murad Əliyevin məsələ ilə əlaqədar ünvanladığı sualı cavablandırarkən mövcud qərarın ali təhsildə əlçatanlığı artırdığını, təhsilin müxtəlif pillələri arasında fasiləsizliyin təmin edildiyini vurğulayıb.

Nazir qeyd edib ki, kollec məzununun olması avtomatik universitetə qəbul olmasına əsas vermir: “Subbakalavr üzrə diplomun alınması, ali təhsildə yaxın ixtisas üzrə təhsilin davamı üçün mövcud qərar müsabiqədə iştirakın minimal balını təmin edir. Bilirik ki, müəyyən ixtisaslar üzrə keçid balı müəyyənləşib. Kollec diplomu 200 bal kimi qəbul olunur. Yalnız o ixtisasa müraciət edilə bilər ki, orada həmin ixtisaslar üzrə yüksək rəqabət yoxdur. Şərt ondan ibarətdir ki, uyğun ixtisaslar olmalıdır. Yalnız o halda müraciət ola bilər ki, həmin universitetlərdə həmin yerlər boş olsun”.

“Adətən proqnozlar onu göstərir ki, qəbul prosesi 90 faiz dolur. Təbii, bu, bütün universitetlərə aid deyil. Çünki elə hal olur, bir şəxs 500-dən çox bal toplayaraq ora daxil olur. Təbii ki, kollec məzunları bura qəbul ola bilməz. Sadəcə, ola bilər, hansısa universitetə 200 balla son yerlərə qəbul olanlar var, kollec məzunları sadəcə həmin yerə iddialı ola bilər. Amma bu da onlar üçün qaneedici deyilsə, onda universitetlərə qəbul üçün keçirilən imtahanlarda iştirak etmək olar. Odur ki, bu, kollec məzunlarına verilən şansdır. Kollec diplomunun olması oxşar ixtisas üzrə qəbula 100 faiz zəmanət vermir. Bu, sadəcə kollec məzunlarına verilən hüquqdur. Gözləntimiz odur ki, builki qəbul zamanı bir sıra ixtisas və universitetlər üzrə bir neçə min kollec məzunu imtiyazdan istifadə edə biləcək”.