Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-09 17:10:00
MİQ müsabiqəsinin fizika üzrə ölkə “çempion"u – “Cəmi 3 sualda səhv etdim, çünki...”

İxtisas fənni və məntiqdən təqdim edilən sualların hər birini düzgün cavablandırdığıma inanırdım. Çətinliyim isə metodika ilə bağlı testlərdə oldu”.

Bu sözlər müəllimlərin işə qəbulu müsabiqəsinin bu gün fizika fənni üzrə keçirilən test imtahanı mərhələsində yüksək nəticə göstərən Günay Məstəliyevaya məxsusdur.

Günay Məstəliyeva imtahandan uğurla keçərək 57 bal toplayıb. O, 2007-2011-ci illərdə Azərbaycan Dövlət  Pedaqoji Universitetində fizika müəllimliyi ixtisası üzrə bakalavriatura,  daha sonra isə Bakı Dövlət Universitetində elektronika ixtisası üzrə magistratura təhsili alıb.

Hazırda Zəngilan rayon 22 saylı tam orta məktəbdə müəllim işləyən Günay qeyd edir ki, bilik səviyyəsi orta olan namizədlər test imtahanında yüksək nəticə göstərə bilərlər.

AzEdu.az gənc müəllimin imtahan barədə təəssüratlarını təqdim edir:

-İlk dəfə 2017-ci  ildə müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edib, 51 bal toplamışdım. Həm birinci dəfə, həm də indi imtahana qatılmaq üçün xüsusi hazırlağa getməyib, özüm hazırlaşdım.

İmtahan yaxşı keçdi, xüsusilə ixtisas sualları asan idi. Məncə, bilik səviyyəsi orta olan müəllim ixtisas suallarının 35-ni rahat şəkildə düzgün cavablandıra bilərdi. Qalan 5 testi isə nisbətən çətin adlandırmaq olar. Məntiq də fizika ilə əlaqəli olduğu üçün mənə asan gəldi. İxtisas və məntiq suallarının hamısını düzgün cavablandırdığıma inanırdım. Çətinliyim kurikulumdan təqdim edilən suallarda oldu ki, elə 3 səhvi də məhz metodikadan etdiyimi düşünürəm.

Qeyd edək ki, iyulun 8-də Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanlarına start verilib. Müəllimlərin işə qəbulu müsabiqəsinin test mərhələsində namizədlərə 60 sual təqdim olunur ki, onların 40-ı ixtisas, 10-u məntiq, 10-u isə metodikadandır.

Rəna NƏBİ