Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-09 16:47:50
“Layihədən sonra şagirdlərin imtahan nəticələri yaxşılaşdı” – Ucqar kənddə qrant uğuru  

İyulun 3-də Təhsil Nazirliyi tərəfindən elan olunan Təhsildə İnkişaf və İnnovasiyalar üzrə III qrant müsabiqəsinin nəticəsi açıqlanıb.

III qrant müsabiqəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə 53, fərdi kateqoriya üzrə 115 layihənin dəstəklənməsi məqsədəuyğun hesab edilib. Müsbət qərar alan 168 layihənin maliyyələşdirilməsi Təhsil Nazirliyi tərəfindən təsdiqlənib. Ümumilikdə, qrant müsabiqədə 44 rayon və şəhər ümumitəhsil müəssisəsi və müəllimlər qalib gəlib.

Təhsildə İnkişaf və İnnovasiyalar üzrə III qrant müsabiqənin qalibi Göygöl rayon Çaylı kənd tam orta məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi Quliyeva Səltənət  müsabiqə ilə bağlı fikirlərini AzEdu.az  əməkdaşı ilə  bölüşüb.

O, açıqlamasında qrant müsabiqəsinə artıq ikinci  ildir ki, qatıldığını vurğulayıb. S.Quliyeva ötənilki müsabiqədə qalib gələ bilməsə də, bu il istəyinə çatıb:

“Ötən ildən fərqli olaraq, bu il qrant müsabiqəsində  qalib  gələ bildim.

Layihəmizin məqsədi şagirdlərin buraxılış imtahanı nəticələrini yüksəltmək üsulları ilə bağlı idi.

Bu layihə əsnasında tətbiq olunacaq metodlar vasitəsilə çalışdığım ucqar kənd məktəbində  zəif nəticə göstərən şagirdlər effektiv öyrənmə proqramından istifadə edərək, təcrübəsizliklərini aradan qaldıraraq, buraxılış imtahanında yüksək nəticə əldə etdilər.

Effektli  proqramı vasitəsi ilə  uşaqlara öyrənmə vərdişlərini aşılayaraq, onların təcrübəsizliklərini aradan qaldırırıq. Mən öz işlədiyim məktəbdə bu proqramı tətbiq etdim və nəticə qazandım. Çünki mən də ucqar kənd məktəbində işləyirəm”.

Səltənət Qurbanova qeyd edib ki, o,  rayonlarda zəif nəticə göstərən məktəblərin statistikasını götürüb və işini ona uyğun planlaşdırmağı düşünür:

“Həmin statistikaya əsasən, məktəblərin adını layihəmizə əlavə etdik. Biz bu layihəni tətbiq etdikdən sonra şagirdlərin buraxılış imtahanı nəticəsi yüksəldi. Bu fərqi insanların özləri də hiss etdilər.

Son günlər sosial şəbəkələrdə layihənin keçirilməsi ilə bağlı şəffaflığın olmadığı deyilir. Bu tip sözlərlə çox rastlaşıram. Demək istəyirəm ki, özüm iki ildir, qrant müsabiqəyə qatılıram. Keçən il qalib gələ bilmədim. Lakin səhvlərimi anladım və layihəmi təkmilləşdirdim. Nəticədə bu il qalib gəldim. Şəffaflıq olmasaydı, bu, baş verməzdi.

Keçən ildə eyni layihə  ilə qatılmışdım. Sadəcə olaraq,  bu il həmin layihəni  təkmilləşdirdim”.

Qeyd edək ki, "Təhsildə inkişaf və innovasiyalar üzrə qrantların məbləği və ayrılması şərtlərinin təsdiq edilməsi haqqında" Sərəncam Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 iyun tarixli 258 nömrəli qərarı ilə təsdiq edilib.

Müsabiqənin keçirilməsində başlıca məqsəd, təhsil müəssisələrində sağlam rəqabəti və innovativ fəaliyyəti təmin etməkdi.

Əlavə edək ki, müsabiqə təhsilin idarə edilməsi, istedadlı uşaqların aşkar olunması və dəstəklənməsi üçün yaradıcı mühitin inkişaf etdirilməsi, keyfiyyətin idarə olunmasında müasir qiymətləndirmə vasitələrinin tətbiq olunması, təkmil forma və məzmunda metodik xidmət sisteminin yaradılması, sağlamlıq imkanları məhdud uşaqların təhsil alması üçün xüsusi imkanların və şəraitin yaradılması, informasiya kommunikasiya texnologiyalarının təhsilə tətbiqinin təbliğ edilməsi üzrə həyata keçirilir.

Şükufə Süleymanlı