Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-08 16:17:55
“Coğrafiyanı öyrənməyən adam mütləq bunun peşmanlığını çəkəcək” – Akademikdən dəstək  

İyunun 30-da coğrafiyaçı fəallar – Azərbaycanın müxtəlif şəhər və kəndlərinin ali və orta məktəb müəllimləri, elmi- tədqiqat institutlarının əməkdaşları, eləcə də coğrafiya dərsliklərinin müəllifləri, Dövlət İmtahan Mərkəzinin ekspertlərinin görüşü keçirilib. 

Görüşün gündəmə gətirdiyi əsas mətləb coğrafiya fənninin orta və ali məktəblərdə nüfuzunun azalması olub. Buna səbəb kimi fənnin nə buraxılış, nə də ali məktəblərə qəbul imtahanlarında II ixtisas blokundan başqa digər bloklara salınmaması göstərilib.

AzEdu.az məsələyə münasibət öyrənmək məqsədilə AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədovla əlaqə saxlayıb.

Ramiz müəllim öncə coğrafiya elminin nüfuzunu vurğulayıb. Bu fənnin orta məktəblərdə yaxşı tədrisini vacib hesab etdiyini bildirib:

“Məni Coğrafiyanın buraxılış imtahanlarına salınmasından çox onun orta məktəblərdə normal tədrisi maraqlandırır. Uşaqlarda coğrafiyaya həvəs yaratmaq lazımdır.

Elə bir sahə yoxdur ki, orada bu fəndən istifadə olunmasın. Coğrafiyanı öyrənməyən adam mütləq bunun peşmanlığını çəkəcək. O, həm nəzəri, həm də təcrübi elmdir. Bu gün informasiya əsridir.  İnformasiyanın coğrafiya ilə əlaqəsi yoxdursa, o, gərəksizdir. Hər ali təhsilli insanımız, məmurumuz Azərbaycan coğrafiyasını mütləq bilməlidir”.

Qeyd edək ki, görüşün təşkilində məqsəd Azərbaycan təhsilində coğrafiya fənninin bugünkü vəziyyəti, tədrisində olan problemlər və fənnin gələcək durumu haqqında müzakirələr aparmaq olub.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları