XƏBƏRLƏR

08.07.2019 12:32
Kərəm Məmmədov: “Şagird zəif bal toplayan kimi hamı məktəb və müəllimlərdə günah axtarır”

“Şagirdlərin aşağı nəticə göstərməsinin qəbul prosesinin yeni qaydalarla keçirilməsiylə heç bir əlaqəsi yoxdur. Aşağı nəticə göstərən şagirdin özündə səbəb axtarmaq lazımdır”.

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı Dövlət İmtahan Mərkəzində Tarix üzrə seminar müdiri Kərəm Məmmədov deyib. Onun sözlərinə görə, aşağı nəticə göstərənlərin əksəriyyəti dərslərini düzgün mənimsəyə bilmir:

“Müəllimlərdə günah axtarmaq lazım deyil. Şagirdin potensialından çox şey asılıdır. Əgər bir müəllimin şagirdlərinin əksəriyyəti aşağı bal toplayıbsa, o zaman həmin müəllimin savadına şübhə etmək olar”.

Kərəm Məmmədov qeyd edib ki, sosial şəbəkələrdə və mediada bəzi məktəblərin üzərinə çox düşürlər:

“Əgər məktəbin şagirdləri bütünlüklə və ya mütəmadi aşağı nəticə göstərirsə, bu ciddi vəziyyətdir. Lakin şagirdlərin aşağı nəticə göstərməsinin qəbul prosesinin yeni qaydalarla keçirilməsiylə heç bir əlaqəsi yoxdur.Çünki savadı olan şagird istənilən halda onu göstərə bilər.Əks təqdirdə belə səbəbləri bəhanə olaraq gətirməsi onun savadının aşağı olduğununun göstəricisidir”.

Xatırladaq ki, 2019-cu ildə keçirilən buraxılış və qəbul imtahanları başa çatıb. Sosial şəbəkə və mediada builki imtahanlarda nəticələrin olduqca aşağı olmasına dair müxtəlif informasiyalar paylaşılıb.

Şükufə Süleymanlı

İlin gənc müəllimi-Müraciət formu