XƏBƏRLƏR

07.07.2019 17:40
İdman Jurnalistikası Magistr Proqramının ilk tələbələri məzun olublar - FOTOLAR

Bu gün Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının “İdman jurnalistikası” magistr proqramının ilk tələbələri öz dissertasiya işləri və media layihələrini (sənədli filmlərini) müdafiəyə təqdim etdilər.

AzEdu.az-ın Trendə istinadən verdiyi məlumata görə, “İdman jurnalistikası” magistr proqramı yalnız Azərbaycanda deyil, Qafqazda bir ilkdir. Proqramın yaradılmasında əsas məqsəd bu sahədə beynəlxalq səviyyədə rəqabətədavamlı kadrların yetişdirilməsidir. Proqramının rəhbəri – media sahəsində tanınmış beynəlxalq ekspert, Dan Mason Media şirkətinin təsisçisi Dan Masondur. O, Britaniya Konsulluğu, İREX (AYREKS), Thomson Foundation və s. kimi bir sıra beynəlxalq təşkilatların müxtəlif media layihələrinə rəhbərlik edib. İlk qəbul 2017-ci ildə aparılmışdır və 6 nəfər ingilis dilli gənc proqrama qəbul olmuşdur.

Bu ixtisasa qəbul olan tələbələr müasir teleradio avadanlığı ilə tam təchiz edilmiş Multimedia Mərkəzində yerli və xarici mütəxəssislər tərəfindən keçilən modullar çərçivəsində PR, audio və video, onlayn media sahəsində peşəkar bacarıqlara yiyələnir, beynəlxalq idman yarışlarına, nüfuzlu tədbirlərə media təmsilçisi qismində qatılmaq imkanı qazanmışlar. Belə ki, “İdman jurnalistikası” magistr proqramının tələbələri dəfələrlə onlayn radio və televiziya vasitəsilə canlı yayım etmiş, yüksək nailiyyətli idmançılar, görkəmli məşqçilər, könüllü və tələbələrdən müsahibələr almışdırlar. Təhsil aldıqları 2 il ərzində magistrantlar Böyük Britaniyaya səfər etmiş və 2 həftə müddətində BBC kimi nüfuzlu media orqanında təcrübə qazanmış, əsas təlim modullardan birini Şeffild Hallam Universitetində keçmişdirlər.

Eyni zamanda, onlar bir neçə beynəlxalq tədbirin, o cümlədən "İBSA Judo Grand Prix Baku 2019" yarışının təşkili və keçirilməsində media dəstək göstərmişdilər. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının “İdman jurnalistikası” magistr proqramının ilk məzunları artıq bir sıra yerli teleradio şirkətləri və Associated Press, BBC, Əl Cəzirə və s. kimi nüfuzlu xarici media qurumları ilə əməkdaşlığa başlayıblar. Onların bu fəaliyyətləri, şübhəsiz ki, Azərbaycanda keçirilən mötəbər idman tədbirlərinin daha geniş şəkildəişıqlandırılmasında, ölkəmizin idman ölkəsi kimi beynəlxalq arenada tanıdılmasında böyük rol oynayacaq.

Qeyd edək ki, “İdman jurnalistikası” magistr proqramı çərçivəsində atılan addımlar 16 noyabr 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması” üzrə Dövlət Proqramı çərçivəsində qoyulmuş hədəflərə vədövlətin yeni akademik potensialının formalaşdırılmasına xidmət edir

İlin gənc müəllimi-Müraciət formu