Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-05 17:38:31
Hansı gürcü universitetlərinin diplomları Azərbaycanda tanınır? – Qonşu təhsilin özəllikləri  

Gənclərimizin xaricdə təhsildə üstünlük verdiyi ölkələrdən  biri də Gürcüstandır.  Amma bəzən gənclərimiz xaricdə təhsil almazdan əvvəl əcnəbi universitet diplomlarının Azərbaycanda tanınıb-tanınmaması sualı üzərində çox düşünürlər.

Xatırladaq ki, xarici ali təhsil ixtisaslarının Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) üçün Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsi fəaliyyət göstərir. Xarici ali təhsil müəssisəsini bitirən məzunlar ixtisaslarının tanınması üçün Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinə müraciət etməlidirlər.  

Bəs Gürcüstanın hansı universitetləri Azərbaycanda tanınır?

AzEdu.az bununla bağlı xaricdə təhsil üzrə ekspertlərin fikrini öyrənib:

“Azərbaycanda  tanınan Gürcüstan universitetlərinin siyahısı tərtib olunmur”

Bu sözləri AzEdu.az-a xaricdə təhsil üzrə ekspert Sərdar Yusifoğlu bildirib. O, Gürcüstan universitetlərində təhsil almaq istəyənlər üçün vacib qaydaları da diqqətə çatdırıb:

“Gürcüstanda yerli Təhsil Nazirliyinin qeydiyyatında olan və beynəlxalq sertifikata malik universitetlər Azərbaycan daxil olmaqla digər ölkələrdə də tanınır. Gənclər universitet seçərkən ixtisaslarına uyğun olaraq təhsil müəssisəsinin maddi-texniki bazasını və ya laboratoriya olmasını nəzərə almalıdırlar.  

Azərbaycanda  tanınan Gürcüstan universitetlərinin siyahısı tərtib olunmur. Çünki universitetlərə verilən lisenziyalar ləğv oluna və ya qanunlar dəyişə bilər”.

“NM Education Consulting” rəhbəri, xaricdə təhsil üzrə ekspert Nəzərbəy Hacıağayev isə bildirib ki, Gürcüstanın həm özəl, həm də dövlət universitetlərini bitirən tələbələr Azərbaycanda diplomunu tanıda bilərlər:

“Hazırda Gürcüstanda təhsil inkişaf dövrünü yaşayır. Həmçinin, Gürcüstan universitetlərində təhsil inkişaf etməkdədir. Gürcüstan universitetində tələbə leqal formada təhsil alırsa, Azərbaycana gəldikdən sonra bilik və bacarıqlarını sübut edə bilirsə diplomunu da tanıda bilər. Gürcüstanın həm özəl, həm də dövlət universitetlərini bitirən tələbələrin diplomunu Azərbaycanda tanıtmaq mümkündür. Yəni  "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi(Nostrifikasiyası ) qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər kabinetinin qərarına uyğun tələblərə cavab verən tələbələrin diplomu Azərbaycanda tanınacaq. Əgər Gürcüstan ali təhsil müəssisəsi fəaliyyət göstərməsi üçün bütün zəruri sənədlərə malikdirsə və verdiyi təhsil sənədi fəaliyyət göstərdiyi ölkə tərəfindən tanınırsa, Azərbaycan Respublikası da həmin təhsil müəssisəsini tanıyır. Əlavə olaraq bildirim ki, Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin rəsmi internet səhifəsinə (www.nostrifikasiya.edu.az) daxil olmaqla ENİC-NARİC bölməsindən ölkə ərazisində tanınan ali təhsil müəssisələrinin siyahısını əldə etmək mümkündür”.

Nəzərbəy Hacıağayev Gürcüstanda təhsil almaq istəyənlər üçün zəruri tövsiyələrini də bildirib:

“Azərbaycan dövləti xaricə təhsil üçün üz tutan hər bir vətəndaşa bələdçi olaraq məsləhət verəcək yardımları əsirgəmir. Hər bir  proses isə beynəlxalq standartlara uyğundur.

Gürcüstan universitetlərində təhsil almaq istəyənlərə məsləhət edirəm ki, xaricdə təhsil şirkətlərin sizə təqdim etdiyi universitetin rəsmi saytını izləyib, araşdırın. Gənclərimiz Gürcüstanın dövlət universitetlərində təhsil almağa üstünlük verməlidirlər. Ancaq dövlətimizin də həmin universitet haqqında rəyini öyrənmək lazımdır. Bu proseslər təhsil şirkətindən çox insanların öz gələcəyinə olan məsuliyyət hissi ilə əlaqədardır”.

Günel Yaşarqızı
Müəllifin digər yazıları