Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-05 09:15:00
Xaricdəkilər universitetlərimiz  haqqında: “Bəzi imtahanlarda ədalət olmur”-RUBRİKA

 

AzEdu.az  “İraq göz” rubrikası  çərçivəsində xaricdə təhsil alan  tələbə və məzun  soydaşlarımızın Azərbaycan universitetləri haqqında qısa fikirlərini təqdim edir:

Yəni, özümüzə bir növ, iraqdan, iraq gözdən baxacağıq...

Qeyd edək ki, müsahiblərə    bir  çox ali təhsil müəssisələrinin adlarını təqdim etsək də, onlar  yalnız  məlumatlı olduqları  universitetlər haqqında danışıblar…

Yəni, hər hansı universitetin  adının  çəkilib-çəkilməməsi redaksiya heyətinin mövqeyini əks etdirmir:

Litvanın Kaunas Texniki Universitetinin tələbəsi Fidan Mehdiyeva:

Azərbaycan Tibb Universiteti- Bu universitetdə dostlarımın əksəriyyəti təhsil alır. ATU-da imtahanların testlə keçirilməsi və  testlərin  öncədən tələbələrə verilməsi heç də ürək açan hal deyil. Gələcəyin həkimi test əzbərləməsi xoşagəlməz haldır. ATU-da demək olar ki, praktika yoxdur.  

UNEC- Burada son illər aparılan islahatlar universitetin reputasiyasını müsbət mənada çox dəyişib. UNEC-in xüsusilə də SABAH qruplarında imtahanlar şəffaf olur. Bundan savayı UNEC haqqında heç bir məlumata sahib deyiləm.

ADA Universiteti- Bu ali məktəbin tələbələri təhsil aldığım Kaunas Texniki Universitetində “Erasmus” proqramı ilə oxuyurlar. Həmin tələbələr heç vaxt ADA Universiteti haqqında mənfi fikir bildirməyiblər. Onu da bildirim ki, ADA Universitetində təhsilin yetərincə yüksək olduğunu da danmaq olmaz.

Ümumiyyətlə, Azərbaycan universitetlərində tələbələrə fərdi insan kimi yanaşmırlar. Müəllimlərimizdə “Tələbədirsə üzərinə qışqırıb, haqqını əlindən almaq olar” fikri olmamalıdır.  

Ümid edirəm ki, universitetlərimizdə mövcud olan bütün mənfi hallar zamanla aradan qaldırılar. Beləliklə, gənclərimiz  xaricdə yox, öz ölkəmizdə oxuya təhsil alarlar.

İngiltərənin “Queen Mary” Universiteti və London Universitetinin məzunu Turan Qafarlı: 

Xəzər Universiteti – Bu ali məktəbdə bəzi dostlarım təhsil alır. Həmçinin, Xəzər Universitetində bəzi dostlarım var ki, müəllim olaraq fəaliyyət göstərir. Xəzər Universitetində əcnəbi tələbələrin təhsil alması və qərb tədris metodlarına uyğun olaraq fəaliyyət göstərməsi ali məktəbin inkişafından xəbər verir. Ancaq universitetin inkişaf etmiş ölkələrin ali təhsil ocaqlarının səviyyəsinə çatması üçün müəyyən vaxt və büdcə lazımdır.

ADA Universiteti – Bu ali təhsil ocağı həm elmi-texniki baza həm də ayrılan büdcə baxımından Azərbaycanın öndə gedən, qabaqcıl universitetidir. ADA Universitetində tələbə və mütəxəssis heyətinin ortalama keyfiyyəti xeyli yüksəkdir.  Onu da bildirim ki, ADA Universitetində əcnəbi tələbələrin təhsil alması yüksək qərb standartlarına ən yaxın ali məktəb olmasından xəbər verir. ADA Universitetində məzun olan dostlarımın bir çoxu dünyanın ən güclü ali məktəblərində həm magistr həm də doktorantura səviyyəsində təhsillərini davam etdirirlər. Məhz bu da ADA Universitetinin güclü fundament inşa etdiyini göstərir.

Bakı Ali Neft Məktəbi – Ölkəmizin böyük zənginliyi olan neft və qaz sektoru üçün dünya səviyyəli kadr yetişdirən BANM-in ən böyük üstünlüyü tələbələrinə iş imkanı üçün böyük fürsətlər yaratmasıdır. Bundan savayı BANM-nin xarici universitetlərlə olan yaxın əməkdaşlığı da ali təhsil müəssisəsinin nüfuzunu artıran səbəblər arasında göstərilə bilər.

Almaniyanın “Otto von Guericke” Universiteti Adil Əsgərov:

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti - Universitetin yeni rektoru Mustafa Babanlının fəaliyyəti  informatika və mexanika sahələrinə müsbət təsir göstərsə də, neft və kimya ilə bağlı ixtisaslar da orada mütəxəssis olmaq üçün gözəl imkanlar yaradır. Hətta kimya sahəsində təhsil alan tələbələr müəllimlərdən şikayətlənsələr də, o ixtisası bitirib,  yaxşı mütəxəssis olan və ya təhsilini xaricdə yüksək reytinqli universitetdə davam etdirən dostlarım var.  

Azərbaycan-Fransız Universiteti- Bu ali məktəbdə təhsil almaq çox gözəldir. Amma UFAZ-ın tədris sistemində də “əmma”lar da var. Universitetin imtahan sistemində ədalət yoxdur. Universitetlərdə tədris olunan ədəbiyyatları çoxu köhnədi. Onu da bildirim ki, mini yubkalı qızların universitet ərazisinə daxil olmasına əngəl yoxdur. Amma istilərdə şort geyinən oğlanlar heç ADNSU-nun yanından keçə bilməz. Rektorun hər semestrdəki yeni maraqlı qərarları da yadımdan çıxmayıb və bunların böyük əksəriyyəti tədrisin keyfiyyətinə müsbət təsir göstərib.  Xülasə, əgər mühəndislik maraqlarınız və sosial aktivliyiniz varsa və təbii ki, lokal mühitdən kənarlaşmağa istəyiniz yoxdursa, ADNSU-nun aparıcı ixtisaslarını seçə bilərsiniz.

ADA universiteti - Azərbaycanda dünya standartlarına uyğun iki ali məktəblərdən biri də ADA Universitetidir. Amma ADA Universitetində də boşluqlar mövcuddur. ADA Universitetində tədris olunan ədəbiyyatlar çox müasirdir.  Universitetin təəssüfedici cəhəti isə təhsil haqqının çox yüksək məbləğdə olmasıdır.

 UNEC- Azərbaycanın ən ədalətli universitetlərindən biri ADA-dırsa  digəri isə UNEC-dir. UNEC el arasında  "narxoz", yaxud "ADİU" kimi tanınır. Düşünürəm ki, UNEC Azərbaycanda mövcud olan ən demokrat universitetdir.   

 

Günel Yaşarqızı
Müəllifin digər yazıları