Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-04 17:15:00
Azərbaycanda diplomu “tanınan” xarici universitetlərin siyahısını  necə öyrənək?

Hər il kifayət qədər azərbaycanlı gənc  xarici ölkələrdə təhsil almağı hədəfləyir.  Amma bəzən gənclərimiz xaricdə təhsil aldıqdan sonra diplomlarının Azərbaycanda tanıdılmasında problemlə qarşılaşırlar.

Xarici ali təhsil ixtisaslarının Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) üçün Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsi fəaliyyət göstərir.

Bəs Təhsil Nazirliyi tərəfindən tanınan xarici ali təhsil müəssisələrinin siyahısını necə əldə etmək olar?

AzEdu.az çoxsaylı sualları nəzərə alaraq sualın cavabını təqdim edir.

-Təhsil Nazirliyi tərəfindən Azərbaycan Respublikası ərazisində tanınan xarici ali təhsil müəssisələri ilə bağlı hər hansı siyahı müəyyənləşdirilməyib. Xarici ali təhsil ixtisaslarının nostrifikasiyasına fərdi qaydada baxıldığı üçün müvafiq ali təhsil sənədi əsasında Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinə müraciət etməyiniz zəruridir. Yalnız belə olan halda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”na uyğun olaraq ekspertiza keçirilərək həmin diplom üzrə aldığınız ali təhsil ixtisasının ölkə ərazisində tanınıb-tanınmaması barədə qərar qəbul olunur.

Xatırladaq ki, xarici ali təhsil ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) üzrə müraciətlərə baxılması prosesi iyulun 1-dən avqustun 31-dək müvəqqəti olaraq dayandırılacaq.

Buna səbəb 2018-2019-cu tədris ilinin başa çatması ilə əlaqədar yay aylarında xarici ali təhsil müəssisələrinin və aidiyyəti qurumların əksəriyyətinin fəaliyyət göstərməməsi, eyni zamanda müvafiq proqram təminatında həyata keçirilən təkmilləşdirmə işləri ilə bağlıdır.

Qeyd edək ki, sual https://ani.edu.gov.az/ saytına istinadən cavablandırılıb

Günel Yaşarqızı
Müəllifin digər yazıları