Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-04 16:42:00
700 ballıq nəticə niyə önəmsiz sayılmalıdır?- “Ondan mütləq vaz keçməliyik” - POLEMİKA  

I və IV ixtisas qrupları üzrə qəbul imtahanları başa çatdı.

2019-cu ildə bu qruplar üzrə heç bir abituriyent 700 bal toplaya bilmədi.

Bu məsələ günlərdir, sosial şəbəkələrdə və mediada müzakirə olunur.

Bəs, bütün bu müzakirələrin əsas səbəbi nədir? 700 bal cəmiyyətin böyük bir kəsimi üçün niyə bu qədər əhəmiyyət daşıyır?

Təhsil üzrə mütəxəssis Elxan Nəcəfov AzEdu.az-a açıqlaması zamanı bildirib ki, şagirdin 700 bal toplaması elə də əhəmiyyətli deyil:

“Onların sayına, siyahısına baxıb, tanımağa çalışsaq görərik ki, əksəriyyətini bu balı topladıqdan sonra “itirmişik”.

Bu gənclərin davamlı inkişafına kömək edə bilmiriksə, 700 balın heç bir əhəmiyyəti qalmır. Təcrübə göstərir ki, “700-lük”  tələbə ilə 680 bal toplayan arasında ciddi bilik fərqi olmur. Sadəcə, fərq həmin anda maksimum bal toplayan şagirdin psixoloji rahatlığı, bir baxımdan da şansla əlaqəlidir.

Kütlə olaraq, 700 balın  toplanmasına çox əhəmiyyət veririk  çünki cəmiyyət olaraq yarışmağa meyilliyik. Bu, şagirdlərin bacarıqlarını kənara qoyub, sadəcə qiymətə, topladığı bala önəm verməyimizdən irəli gəlir.  Bu isə heç də uğurlu yanaşma deyil. Müasir təhsil şagirdlərdən yüksək bal toplamağı tələb etmir.  

Əsas gözləntimiz bacarıqlı nəslin yetişməsi olmalıdır,  ictimaiyyət də, təhsil də getdikcə buna yönəlməlidir. Yetişən nəsil ixtisaslarını əvvəlcədən təyin etməli, hansı ixtisasa hazırlaşırsa, özünü ona uyğun formalaşdırmalıdır. Məsələn, sosial iş fakültəsinə qəbul olmaq istəyən abituriyentin 700 bal toplamaq məcburiyyəti olmamalıdır. Bu balı toplamağa sərf edəcəyi enerjini ixtisası ilə bağlı bacarıqlara yönəltməlidir”.

Elxan Nəcəfov  bildirib ki, zamanla 700 bal gözləntilərinin də sayı azalacaq:

“Təəssüf, indiki halda KİV-lərdə, ictimaiyyətdə bu il 700 balın olmamasını təhsilin səviyyəsinin aşağı düşməsi kimi qiymətləndirirlər. Bunla qətiyyən razı deyiləm! Məncə, qəbul qaydalarında edilən yeniliklərin də hədəfi şagirdləri 700 bal toplamağa fokuslamaq deyil, onların digər bacarıqlarını ölçmək və qiymətləndirmək olmalıdır. Ölkəmizdəki təhsil səviyyəsinin keçən illə müqayisədə geriyə doğru getdiyi fikrində deyiləm. Hətta tamamilə əksinə olduğunu düşünürəm. Qəbul imtahanındakı bu qədər dəyişikliklərə baxmayaraq, yetəri qədər yüksək nəticələr var. Bu da ümumi uğurdur. Zamanla 700 balın əhəmiyyətli olduğunu düşünməkdən yan keçməliyik. Daha çox şagirdlərin bacarıqlarının artırılması istiqamətinə yönəlməliyik”.

Təhsil üzrə mütəxəssis Elçin Əfəndi qeyd edib ki, ölkədə ilk 700 bal 2005-ci ildə ali məktəblərə qəbul imtahanlarında qeydə alınıb və o vaxtdan da bu göstərici sahibləri hər yerdə danışılıdı:

“2005-ci ildən bu yana 700 bal toplamaq bir növ dəb halını alıb. 2018-ci ildə maksimum bal toplayanların sayı elə rekord həddə çatdı ki, 700 bal sözü bütün hər yerdə danışıldı.

“700 bal nədir?” “Harada toplanıb?” kimi anlayışlardan xəbərsiz olanlar da ağız dolusu danışmağa başladılar. Beləcə ötən ilin o səs-küyü indi qulaqlarda cingildəyir. Biz məsələyə başqa prizmadan baxırıq. 700 balın olub-olmaması qəbul faizinin aşağı və ya yuxarı olması anlamına gəlmir. 700 balın toplanmasındansa, 600-dən yüksək bal yığanların daha çox olmasını düşünməliyik. Maksimum bal toplayanla 650 ballıq nəticə göstərən abituriyent arasında praktik olaraq heç bir fərq yoxdur. Sadəcə, biri məsələyə diqqətli, digəri diqqətsiz yanaşdığı üçün o nəticəni əldə edib”.

Elçin Əfəndinin sözlərinə görə, 1 və ya 2 nəfər abituriyentin 700 bal toplamağındansa, yüzlərlə abituriyentimizin 600 baldan yüksək nəticə göstərməsini arzulamalıyıq:

“Qalib 700 də toplaya bilər, 694 bal da. Əsas odur, ixtisas qrupu üzrə ən yüksək nəticə onda olsun. Ötən il o qədər 700 bal toplayan oldu ki, (29 nəfər) kimin qalib olduğu bilinmədi. 700 balın əhəmiyyəti yalnız bunu həyat məqsədinə çevirən abituriyent üçün önəm daşıyır. Qəbul prosesi və ya ölkə üçün bir o qədər də əhəmiyyət kəsb etmir.

Daha aydın olsun deyə bir statistikanı diqqətinizə çatdırım: Məsələn, ixtiyari qəbul imtahanında 1 nəfər 700 bal toplayıb. İmtahanda iştirak edənlərin böyük əksəriyyəti isə 500 baldan aşağı nəticə göstərib. 1 nəfər 700 balın olması təhsilin səviyyəsinin əla olması anlamına gəlmir.

Başqa bir imtahanda isə 700 bal toplayan abituriyent yoxdur, amma imtahanda iştirak edənlərin böyük əksəriyyəti 550 baldan artıq nəticə göstərib. Bu isə olduqca əla nəticədir. Biz 700 balı daha çox ötən illərə görə arzu edirdik. Halbuki, ötənilki nəticə artıq çeynənilmiş suallardan doğdu. Məntiqlə düşünsək, 1 və ya 2 nəfər abituriyentin 700 bal toplamağındansa, yüzlərlə abituriyentimizin 600 baldan yüksək nəticə göstərməsini arzulamalıyıq”.

Xatırladaq ki, 7 iyulda II və III ixtisas qrupları üzrə keçiriləcək qəbul imtahanında 3 nəfər 700 bal toplamaq şansına sahibdir.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları