XƏBƏRLƏR

04.07.2019 15:20
“Bütün humanitar fənlər üzrə səsli dərsliklər hazırlayacağıq” – Qrant müsabiqəsinin qalibi

"Təhsildə inkişaf və innovasiyalar üzrə qrantların məbləği və ayrılması şərtlərinin təsdiq edilməsi haqqında" Sərəncam Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 iyun tarixli 258 nömrəli qərarı ilə təsdiq edilib.

Müsabiqənin keçirilməsində başlıca məqsəd, təhsil müəssisələrində sağlam rəqabəti və innovativ fəaliyyəti təmin etməkdi.

AzEdu.az xəbər verir ki,  II qrant müsabiqəsində qalib gələn Nofəl Şirinovla ideya müəllifi olduğu layihəsi ilə təhsilimiz üçün faydalı iş görüb:

““Səsli dərslik” layihəsi ilə II müsabiqədə qalib olmuşduq. Səsli dərsliklərə münasibət yüksək oldu. Layihə əsnasında hazırlanan saytda,  eyni zamanda, yutub kanalında baxış sayı 6 ay müddətində 100000-ni keçdi.

Səsli kitablar dünya təcrübəsində artıq XX əsrin ortalarından istifadə edilir.  Azərbaycanda isə səsli kitab formatını  dərslik istiqamətində ilk dəfə biz tətbiq etdik.  Görmə imkanları məhdud şagirdlər bu layihə vasitəsilə  dərs proqramını öyrənəcəklər.

Bundan əlavə, digər şagirdlərin də nitq və dinləmə qabiliyyətləri inkişaf edəcək. Oxuyub-anlamaqla yanaşı, eşidib-anlamaq da şagirdlərin həm intellektual səviyyəsinin, həm də nitqin inkişafı baxımdan zehni inkişafına çox böyük kömək olacaq”.

Layihə ilk olaraq, görmə imkanları məhdud şagirdlər üçün nəzərdə tutulub”

Nofəl müəllim eyni zamanda, ilk olaraq fiziki məhdudiyyətli uşaqlar üçün nəzərdə tutulan layihədən artıq digər şagirdlərin də istifadə edəcəyini deyir:

“Bu layihə ilə II müsabiqədə də qalib olmuşuq. Onun əsasında, yeni səsli dərsliklər yaradıldı. Biz layihəni ilk olaraq, V-VII sinif ədəbiyyat dərslikləri üçün hazırlamışdıq. Təhsil Nazirliyinə verdiyimiz təklifdə də  səsli dərsliklərin bütün humanitar fənləri əhatə eləməsini nəzərdə tutmuşduq. Təhsil Nazirliyi də layihəni daha da  genişləndirərək,  tarix, coğrafiya və ingilis dili fənləri üçün də tətbiq ediblər. Artıq üzümüzə gələn tədris ilindən etibarən bütün humanitar fənlər üçün  səsli dərsliklər hazırlanacaq.

Lakin işin gedişatında digər şagirdlərin istifadə etmək məsələsi üzərində də işlədik. Səsli dərsliklər şagirdlərin eşidib-anlama və nitq qabiliyyətinin inkişafı baxımından müsbət təsir edir. Təkcə görmə imkanları məhdud şagirdlər deyil, digər şagirdlərimiz də bundan kifayət qədər yaralana bilərlər”.

“Kitabların səsləndirilməsi  çox ciddi  məsələdir”

Nofəl müəllim səsləndirilmə zamanı tanınmış qiraətçilərin də işə cəlb olunacağını bildirdi:

“Səsli dərsliklər gündəlik istifadə edilən dərsliklərin səsli versiyasıdır.  Onların arasında heç bir fərq yoxdur. Səsli dərslikləri telefon, kompüter və planşetlərə rahat formada yükləndikdən sonra artıq internet olmayan məkanlarda belə asanlıqla istifadə edilir. Şagird dərsi eşidərək öyrənə bilir.

Kitabların səsləndirilməsi çox ciddi  məsələdir. Bu zaman biz qiraətçilərə müraciət edəcəyik. Respublikanın  məşhur qiraətçiləri bu işə cəlb edilir. Keçən il də tanınmış qiraətçilər səsləndirmədə iştirak etdilər. Onların içərisində hətta xalq artistləri də var idi. Kitabların peşəkar şəkildə səsləndirilməsi üçün bu il də həmin mütəxəssisləri cəlb eləmişik”.

Rəna NƏBİ

İlin gənc müəllimi-Müraciət formu