Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-04 09:51:00
Bu məktəblərdə dərslikləri şagirdlər özləri yazırlar - MARAQLI  

Texnologiyanın inkişafı dünya orta təhsil sistemindən də müəyyən dönüş tələb edir.  Artıq məktəblərin əsas məqsədi kompüter arxasında işləyən deyil, kompüter hazırlayan nəsil yetişdirməkdir.

Ölkəmizin orta təhsil strategiyasını təhlil edərkən dünyada diqqət çəkən məktəb modellərini tədqiq etmək mütləqdir. Belə qabaqcıl məktəb modellərindən biri də şagirdlərini texnologiyadan uzaq tutması ilə fərqlənən “Waldorf School of the Peninsula”dır.

AzEdu.az dərsliklərini şagirdlərin yazdığı məktəb barədə məlumatları təqdim edir:

Texnologiyanın heç cür daxil ola bilmədiyi məktəb

“Waldorf School of the Peninsula”nın Amerikadakı nəhəng texnologiya şirkətlərinə ev sahibliyi edən Silikon Vadisində  iki fərqli kampusu var. Hər kampusda 250 şagird təhsil alır. Bağçaların əhatəsində yerləşən birmərtəbəli məktəb şagirdlərinin  istiqanlı və sərbəst olması ilə digərlərindən kəskin fərqlənir.

Əsası 1984-cü ildə qoyulan bu məktəbdə komanda ruhunun inkişafına xüsusi diqqət yetirilir. Qəribəsi budur ki, buradakı şagirdlərin əksəriyyətinin valideyni nəhəng texnologiya şirkətlərində işləyirlər. Övladlarını bu məktəbə qoymalarının əsas səbəbi isə erkən yaşlarda texnologiyadan istifadənin fəsadlarını bilmələridir. Valdorf təhsil sisteminə görə, məktəblilərin texnologiya ilə tanış olması üçün müəyyən yaş həddi mövcuddur.

Buradakı şagirdlərin valideynləri öyrənmək üçün motivasiyanın vacibliyinə inanır, bunun üçün yüksək qiymət almağın vacib olmadığını dərk edirlər. Məktəbdə ağıllı lövhələrdən qətiyyən istifadə edilmir, bunun  üçün də müəyyən yaş həddi nəzərdə tutulub. Sadəcə qara lövhə və kitab bu məktəbdə təhsilin əsas elementləridir.

Hər şagird öz dərsliyini yazır

Bu məktəbin şagirdləri dərslikdən istifadə etmir. Bunun əvəzinə hər məktəblinin öz dəftəri var. Amma digər məktəblərdən fərqli olaraq şagirdlər lövhədəkiləri dəftərlərinə olduğu kimi köçürmürlər. Öyrəndiklərini dəftərlərinə özləri kəşf edərək yazdıqlarına görə, bir mövzunu hər şagirdin dəftərində fərqli formada görmək mümkündür. Çünki mövzu eyni olsa da, şagirdlərin özünüifadə tərzi fərqlidir. Məktəblinin nəyi necə öyrəndiyini bu dəftərlərə baxaraq müəyyənləşdirmək mümkündür. Beləcə ilin sonunda şagird həmin fənnin kitabını özü yazmış olur. Məktəblilər I sinifdən XI sinfədək bu dəftərlərdən istifadə edirlər. İbtidai siniflərin dəftərləri daha az vərəqdən ibarət, həcmcə isə kiçikdir. Uşaqların çəkdiyi rəsmlər, I sinifdə yazdığı xətlər, səmimi özünüifadəsi ilə birgə bu dəftər məktəbin ən önəmli detalı hesab edilir.

Müəllimlərdən əl qabiliyyətinin olması, lövhədə rəngli təbaşirlərdən istifadə etmələri və mövzunun fərqli şəkildə izahı tələb olunur.

Riyaziyyatı  xüsusi hekayələr vasitəsilə öyrənirlər

Məktəbdə tədris, bir qayda olaraq, hekayələr üzərində qurulub. Hekayələr öyrətmə motivasiyasının təməli hesab edilir. Bütün hekayələrdə şagirdin yaş psixologiyası və oxuduğu sinif nəzərə alınır. VI sinifdən etibarən hekayələr qismən də olsa, reallığa istinad etməyə başlayır. Məktəb rəhbərliyi şagirdin mövzunu hekayələr vasitəsilə daha asan mənimsədiyi və gec yaddan çıxardığını düşünür.

Qiymətləndirmə sistemi yoxdur

Məktəbdə sınaq və ya imtahan anlayışı yoxdur. Onlar şagirdə məsuliyyəti bu şəkildə hiss etdirməyin əleyhinədirlər. Məktəb rəhbərliyinin fikrincə, önəmli olan şagirdin həyatın məsuliyyətini dərk etməsi, üzləşdiyi problemə yaradıcı yanaşmasıdır.

Uzun müddətdir qiymətləndirmə sisteminin mövcud olmadığı  məktəb valideynlərin təkidi ilə yuxarı siniflərdə qiymətləndirmə meyarlarının tətbiqinə başlayıb. Amma bu qiymətlər yalnız universitetə qəbul üçün kömək xarakteri daşıyır.

Məktəbdə toxuculuq və tikiş dərsləri tədrisin önəmli hissələrindən biri hesab edilir. Aşağı siniflərdə riyazi bacarıqların öyrədilməsində toxuculuq mühüm əhəmiyyət kəsb edir.

VIII sinifdən əvvəl kompüterdən istifadə qadağandır

Kompüterdən istifadəyə VII sinifdən başlayan şagirdlərə texnoloji biliklər “klaviaturanın bu düyməsi bu funksiyanı daşıyır” şəklində öyrədilmir. Şagirdlər kompüterdən sırf istehsal, yaradıcı məsələlər üçün istifadə edirlər.

Məktəbin bu əsas xüsusiyyətləri isə hər kəsdə maraq doğurur:

Siniflər yaşa yox, şagird potensialına görə tərtib olunur. Adətən, təbii ləvazimatlardan istifadə edilir. Şagirdlərin hər gün bağçada vaxt keçirməsi əsas şərtlərdəndir.

Bu məktəbdə dərs deyən müəllimlər sırf  Təhsil fakültəsinin məzunu olmalı, üçillik Valdorf təlimindən keçməlidirlər. Məktəbdə çalışan müəllimlər isə gənc namizədlərin tədrisini izləyir, kadrların işə qəbul edilməsinə nəzarət edirlər.

Uşaqları sərbəst buraxmaqda məqsəd onlarda intizamı formalaşdırmaqdır.

V sinfə qədər şagirdlər bir kampusda, V-XII siniflər isə digər kampusda təhsil alırlar.

Məktəbə qəbul 7 yaşdan başlanır. Bir sinifdə 20 – 26 şagird təhsil alır. I sinifdən VIII sinfədək şagirdə bir müəllim nəzarət edir.

Dərslər 2 saatlıq bloklar şəklində keçirilir. Amma şagirdlər bu 2 saatı yalnız sinif otağında oturaq halda keçirmirlər. Hər 20 dəqiqədən bir idman hərəkətləri edir, mahnı oxuyur, əylənirlər.

Qeyd edək ki, AzEdu.az dünyanın fərqli məktəb modelləri barədə silsilə yazıları davam etdirəcək.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları